image-dsc_0112-1-696x392backend

Səttar Möhbalıyev: “Avropa İttifaqı Azərbaycana regionun lider dövləti kimi baxır”

image-reklam_sirab_01

“Müstəqilliyini əldə etdikdən sonra Azərbaycan milli maraqları və mənafeyi çərçivəsində beynəlxalq norma və prinsiplərə əsaslanaraq  istər beynəlxalq, istər regional, istərsə də ayrı-ayrı dövlətlərlə münasibətlər qurmağı, bu münasibətləri inkişaf etdirməyi özünün xarici siyasətinin əsas prioriteti hesab edib. Ölkəmizin coğrafi mövqeyi və iqtisadi potensialı bu əməkdaşlıqları daha da dərinləşdirməyə imkan verib. Bütün bu münasibətlər bərabərhüquqlu və qarşılıqlı hörmətə əsaslanır. Bu baxımdan ölkəmizin Avropa İttifaqı ilə münasibətlərini yüksək qiymətləndirmək olar və bu münasibətlər həm ikitərəfli, həm də regional xarakter daşıyır”.

 

Bu fikirləri Veteninfo.az-a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Səttar Möhbalıyev deyib.

 

“Avropa İttifaqı Azərbaycana regionun lider dövləti kimi baxır və ölkəmizdə icra olunan iqtisadi-siyasi və hüquqi islahatları yüksək qiymətləndirir. Bu regional təşkilatla ticarət əlaqələrimiz daha genişdir. Demək olar ki, ticarətimizin 40 faizi məhz Avropa İttifaqı ilə aparılır. 2020-ci ildə ticarət dövriyyəsi 9,5 milyard ABŞ dolları təşkil edib. Quruma üzv dövlətlərə ixracın həcmi isə 6,8 milyard ABŞ dollarıdır. Bu rəqəmlər ölkəmizin iqtisadi qüdrətinin nümayişi ilə bərabər həm də Azərbaycanın Avropa İttifaqı üçün nə qədər əhəmiyyətli olduğunu göstərir. Bu baxımdan Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycana səfəri, əməkdaşlığımızın daha da inkişafı üçün səsləndirdiyi fikirlər tərəfdaşlığımızın əhəmiyyətindən xəbər verir”, – AHİK sədri bildirib.

 

Onun sözlərinə görə, bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında xüsusi rola malikdir: “Bilavasitə ölkəmizin təşəbbüsü ilə reallaşan Cənub Qaz Dəhlizi layihəsi bütün region üçün vacibdir və Avropanın enerji təhlükəsizliyində alternativ və etibarlı layihədir. “Trans-Adriatik” boru kəməri vasitəsilə Avropaya ildə 10 milyard kubmetr qaz nəqli nəzərdə tutulur. Həmçinin kəmərin potensialı onun ötürücülük gücünü iki dəfə artırmağa və ixracı ildə 20 milyard kubmetrə çatdırmağa imkan verir. Qeyd edim ki, təkcə bu ilin yanvar-iyun aylarında bu kəmərlə İtaliyaya dəyəri 362,9 milyon ABŞ dolları olmaqla 1 milyard 626 milyon kubmetr, Yunanıstana 69,1 milyon dollarlıq 266,4 milyon kubmetr, Bolqarıstana isə 16,7 milyon dollarlıq 119,5 milyon kubmetr təbii qaz ixrac edilib”.

 

“Koronavirusa qarşı aparılan qlobal mübarizə şəraitində ortaya qoyduğu mövqe, pandemiyanın qarşısının alınması üçün həyata keçirdiyi effektli tədbirlər, bu xüsusda bir sıra vacib təşəbbüslərlə çıxış etməsi dünyada ölkəmizə yeni imic qazandırdı. Həmçinin cəmi 44 günə bütün regionu iflic etmiş Ermənistanın işğal siyasətinin darmadağın edilməsi, nəticədə region üçün vacib olan bölgənin siyasi-iqtisadi mənzərəsinin dəyişməsi Azərbaycanın strateji əhəmiyyətindən xəbər verir. Təbii ki, yaranmış yeni reallıqlar fonunda, o cümlədən 10 noyabr tarixli üçtərəfli razılaşmada əks olunduğu kimi, regionda bütün kommunikasiyaların açılması üçün yeni imkanlar var. Hal-hazırda Azərbaycanda mövcud olan müasir infrastruktur və nəqliyyat öz ərazilərimizdə layihələri nisbətən qısa zamanda həyata keçirməyə imkan verir, çünki bu gün biz artıq şaxələndirilmiş nəqliyyat şəbəkəsinə malik ölkəyik, Avrasiyada mühüm nəqliyyat və logistik hablardan birini yaratmışıq. Gələcəkdə də istər Şərq-Qərb, istərsə də Şimal-Cənub nəqliyyat dəhlizləri ilə Azərbaycan vasitəsilə daşınacaq yüklərin həcmi artacaq. Bütün bunlar qonşu və digər regional dövlətlərlə əməkdaşlığımıza yeni təkan verəcək”, – deputat qeyd edib.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki