image-1629466689_295e9a8c-1f6f-4ceb-bc2e-01dec5f6cb73backend

Silahlandırma ilə bağlı suveren hüquq sülhməramlı missiya öhdəliyi ilə toqquşursa…

image-reklam_sirab_01

Tam təsadüfən Rusiya Dövlət Dumasının üzvü, Liberal- demokrat partiyasının rəhbəri Vladimir Jirinovskinin avqustun 19-da “Rossiya 1” dövlət telekanalının “60 minut” proqramında etdiyi çıxışına rast gəldim. Səmimi deyim, xeyli vaxtdır çalışıram ki, bu proqramları  izləməyim. Çünki həmin kanallarda çox nadir proqramlar var ki, onlara Jirinovski zehniyyətində olan siyasətçi və ekspertlər dəvət almasınlar.

Hətta rəsmi təbliğatdan uzaq durmalı olan əyləncə xarakterli proqramların bir çoxuna da məhz belə şəxslər dəvət olunur. Sanki məqsədli şəkildə o təəssürata xidmət göstərilir ki, guya velikoros düşüncəsi bütövlükdə Rusiya cəmiyyətinin mövqeyini əks etdirir. Lakin sosial şəbəkələrin Rusiya seqmentində və Youtube kanallarında rus cəmiyyətinin ziyalı təbəqəsinin və müstəqil ekspertlərinin fikirlərilə tanış olduqca, görürsən ki, dövlət kanallarının bütün səylərinə baxmayaraq, bu, belə deyil. Hər halda sosial şəbəkələrdə və digər internet resurslarında xeyli sayda əks fikrə  rast gəlmək mümkündür və bu fikirlər də rusların özləri tərəfindən dilə gətirilir. Məsələn, isdedadlı aktrisa, ictimai həyatda müstəqil və obyektiv fikirləri ilə tanınan Liya Axedjakovanı təhqir etdiyi üçün rusların özləri təklif edir ki, 500 avro müqabilində jurnalist Vladimir Solovyova tüpürsünlər. Ölkəsinin  jurnalistinə və ya siyasətçisinə tüpürmək, yaxud öpüb gözününün üstündə saxlamaq rus cəmiyyətinin öz seçiminə və  fərdi mənəviyyat ölçüsünə bağlı olan məsələdir. Lakin tez-tez həmin bu Solovyovun da qonağı olan Vladimir Jirinovski dövlət telekanalında Əfqanıstan hadisələrini şərh edərkən, bilirsiniz, nə təklif etdi? Dedi ki, Rusiya  ora qarışmamalıdır, imkan verməlidir ki, Taliban Orta Asiya ölkələrinə girsin, bu xalqlar da yerə döşənib kömək üçün yalvar-yaxar etsin. Rusiya KTMT öhdəliyini yalnız bundan sonra yerinə yetirə  və bunu da o şərtlə edə bilər ki, Orta Asiya respublikaları müstəqillikdən imtina etsinlər və əbədi olaraq Rusiyanın tərkibinə qatılsınlar…

Bəzən, hətta öz içərimizdən bu səsləri də eşitməkdəyik ki, 30 il ərzində Rusiya Dumasında təmsil olunan Jirinovski kimilər yalnız şəxsi fikirlərini ifadə edirlər.

Amma heç cür inandırıcı deyil ki, uzun onilliklər ərzində dünya güclərinin hesablaşdığı və ambisiyalı rəhbəri olan böyük bir ölkənin əsas siyasi səhnəsində Jirinoski kimilər özbaşına at oynada bilsinlər. Əgər Dumada sədr müavini olan Tolstoy da heyfslənərək həmin Solovyova ictimai şəkildə deyirsə ki, son 30 ildə postsovet ölkələri müstəqillik qazansalar da, müstəqil dövlət hesab oluna bilməzlər, deməli, Jirinovski zehniyyəti Rusiyanın siyasi səhnəsində ötəri və nadir epizod deyil. Bu qənaəti möhkəmləndirən başqa əsaslar da var. Məsələn, Rusiya XİN-nin rəhbəri ölkəsinin sülhməramlı missiya görəvini aşaraq deyir ki, Qarabağın ermənilər yaşayan hissəsində iqdisadi inkişaf layihələrini gerçəkləşdirmək niyyətləri var və bu məqsədlə  investorlara çağırış edir. Rusiyanın müdafiə naziri isə erməni həmkarını Moskvada qəbul edib ona qılınc bağışlayır və Ermənistanı bundan sonra da silahlandıracaqlarını bildirir…

Prezident İlham Əliyev avqustun 14-də “CNN Türk”ə verdiyi müsahibədə qəti şəkildə buna etiraz etdi və bir çox ünvanlara bu mesajı göndərdi: ”Rusiyanın sülhməramlı qüvvələrinin nəzarətində olan ərazilərə Ermənistandan silahlar və hərbçilər göndərilə bilməz. Bu, 10 noyabr üçtərəfli Bəyanatına ziddir…Eyni zamanda, bizim gözləntimiz odur ki, Rusiya Ermənistanı silahlandırmasın. Biz bu məsələni Rusiya tərəfinə çatdırmışıq”. Heç şübhəsiz ki, Prezidentin  müsahibəsi və verdiyi bəyanatlar təkcə Rusiya rəsmilərinin deyil, Ermənistana daha açıq şəkildə havadarlıq edənlərin də diqqətindən yayınmayıb. Artıq belə bir məlumat var ki, Rusiya və Fransa prezidentləri arasında baş tutan telefon danışığında Qarabağ yenidən müzakirə mövzusuna çevrilib. Rusiya XİN-nin rəsmi sözcüsü isə bəyan edib ki, Ermənistanın silahlandırılması Rusiyanın suveren hüququdur. Suveren hüququ ola bilər. Lakin bu, sülhməramlı missiya öhdəliyini üzərinə götürən bir ölkənin, ilk baxışdan, xoşməramlı kimi təqdim etdiyi niyyətinə kölgə salırsa və tərəflərdən birində haqlı sual və narahatlıq yaradırsa, deməli, suveren hüquqla öhdəliyin ziddiyyət təşkil etdiyi ortadadır. Əgər niyyət həqiqətən də bölgədə dayanıqlı sülhü təmin etməkdirsə,  rəsmi sözçünün istinad etdiyi süveren hüquq imtiyazı, göründüyü kimi,  belə bir vəziyyətdə bu məqsədə xidmət etmir, əksinə, bölgənin məqsədli şəkildə silahlandırılması anlamına gəlir. 30 illik münaqişənin səbəbkarı olan işğalçı Ermənistana hərbi dəstəyin  verilməsi həm də o anlama gələ bilər ki,  erməni cəmiyyətində mövcud olan revanş hissinə əlavə ümid toxumları səpilir. Sülhməramlı missiyanı həyata keçirən  ölkəyə hər iki tərəf yalnız o zaman inana bilər ki, arbitr tərəf tutmasın, aralıq etdiyi dövlətlərə münasibətdə, ən azı missiya müddətində, eyni məsafəni gözləsin.  Əks təqdirdə, bu,  30 il boyunca Minsk qrupu çərçivəsində, xüsusilə Fransanın  sərgilədiyi erməni  tərəfkeşliyini xatırladır…

Son günlər müxalif camiyədə təmsil olunan siyasətçi və ekspertlərdən bəziləri  nəyin bahasına olursa-olsun hakimiyyətə irad tutmaq və  yalnız onu tənqid etmək naminə  bildirirlər ki, “bəs, deyirdiniz Rusiya müttəfiqimizdir? ” Onlara xatırlatmaq istəyirəm ki, Azərbaycan dövləti və Prezident İlham Əliyev bu illər ərzində sübut edib ki, dediyi sözün ağasıdır, əməlləri də  sözünün təsdiqinə xidmət edir. Əgər Rusiya və Ermənistan müdafiə nazirlərinin görüşü ilə bağlı TASS informasiya agentliyinin  yaydığı rəsmi məlumata diqqət yetirsələr görərlər ki, bu fikri ilk olaraq, avqustun 11-də, Prezidentimizin müsahibəsindən üç gün əvvəl məhz Rusiyanın müdafiə naziri  səsləndirib və o, belə deyib: ”Zaqafqaziyada təhlükəsizliyin təmin olunmasında Rusiyanın müttəfiqi və əsas tərəfdaşı Ermənistandır”. Əgər qonşu ölkələrin və ya müttəfiq hesab etdiyimiz dövlətlərin əsas rəsmilərindən kimsə ölkəmizlə bağlı fərqli siyasi bəyanat verirsə və bunu ictimailəşdirirsə, yaxud elə əvvəlcədən həmin  mövqedə olubsa, artıq bu, bizim deyil, o ölkələrin söz və əməl vəhdətinin göstəricisidir. Zənnimcə, Prezident İlham Əliyev “CNN Türk”ə verdiyi müsahibədə məhz bu amili nəzərə aldı və bəyanata uyğun olaraq Ermənistanı Rusiyanın  müttəfiqi, ölkəmizi isə qonşusu adlandırdı. Əgər o bəyanat şimal qonşumuzun  Şuşa və Bakı Bəyannamələri ilə bağlı narahatlığından irəli gəlirsə, Prezident İlham Əliyev müsahibədə buna da aydınlıq gətirdi. Məlum olduğu kimi, bəzilərindən fərqli olaraq, bu Bəyannamələr  bağlı qapılar arxasında və ya kimlərdənsə ehtiyatlanaraq gizlin şəkildə imzalanmayıb. Ona görə də dövlətimizin başçısı maraqlı və narahat olan dairələrə bir daha bu mesajı göndərdi: “ Bu birlik, həmrəylik, qardaşlıq sözdə deyil əməldədir…Əziz Qardaşımla imzaladığım Şuşa Bəyannaməsi bunun zirvəsidir”. Prezidentimiz diplomatik dildə ifadə etdiyi bu fikirlə eyni ünvanlara faktiki olaraq onu da çatdırdı ki, ölkəmizin qonşularından gözləntisi sözlə əməlin vəhdətinə inamsızlığın yaranmasına imkan verilməməsidir…

Rusiyanın əsas siyasi səhnəsində yer alan partiya rəhbərlərinin, deputatlarının, ənənəvi ekspertlərinin, politoloqlarının, rəsmi informasiya təbliğatına səfərbər etdikləri jurnalistlərin, ən başlıcası, rəsmi şəxslərinin açıqlamalarından sonra kimsə hesab edirsə ki, Jirinovskinin  təhdid və həqarəti şəxsi qısaqapanmasının nəticəsidir, yaxud bir fərdə bağlı olan ötəri haldır, bu qənaəti bölüşmürəm. Son vaxtlar həmin şəxslərin narazılıq etdikləri ölkələrdən biri də Böyük Britaniyadır.  Səbəb- regional və qlobal məsələlərdə türklərlə ingilislərin mövqe yaxınlığıdır. Təəssüf ki, guya rus dünyasının müdafiəsi adı altında Rusiyanın informasiya məkanında son günlər tez-tez səsləndirilən fikirlərdən biri də budur ki, Orta Asiya respublikaları və ümumiyyətlə, postsovet ölkələri ilə münasibəti biryolluq aydınlaşdırmaq, imperiyanı diriltmək lazımdır. Bu cür zehniyyətdə olanlara, azacıq da olsa ayılmaları üçün, xoşlanmadıqları ölkənin böyük nümayəndələrindən biri olan U.Çörçillin bu fikrini xatırlatmağı faydalı hesab edirəm: “Münasibəti korlamağın ən yaxşı yolu onu aydınlaşdırmağa başlamaqdır”.  Amma görünən odur ki, Şərqi  gözəl bildiyini iddia edən, yaxşı tanıdığımız  bəzi rus ekspert və siyasətçiləri azərbaycanlıların mentalitetinə hələ də bələd deyillər. Ona görə də, Böyük Azərbaycanlı, böyük dövlət və siyasət adamı Heydər Əliyevin bu müdrik kəlamını onlara da xatırlatmaq istəyirəm. Ümummilli Liderimiz belə deyib: “Böyük siyasəti kiçik hisslərə, xırda mənfəətlərə bağlamaq olmaz”.

Ülvi Quliyev
Milli Məclisin deputatı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki