“Artıq bir çox ölkələrdə karantin qaydaları yumşaldılır və məhdudiyyətlər aradan qaldırılır”.
Bunu Demokrat.az-a açıqlamasında həkim-infeksionist Mərdan Əliyev deyib. Həkimin sözlərinə görə, Avropanın bir çox ölkəsində, o cümlədən də İngiltərədə artıq yanvar-fevral aylarından bu prosesə başlanılıb və xeyli dərəcədə yumşaldılmalara gedilib:
“Mart ayının ortalarından etibarən Avropanın bəzi ölkələrində maska və peyvənd sertifikatının tələb olunması tamamilə aradan qaldırılır və bunlar tələb olunmayacaq.
Türkiyədə də mart ayının əvvəllərindən artıq maskanın istifadəsi demək olar ki, bütün yerlərdə ləğv olunub. Sadəcə olaraq, insanların çox sıx olduğu marşrut avtobusları kimi yerlərdə maska taxılması qalır. Düşünürəm ki, bizdə də yaxın günlərdə bu məsələyə baxılacaq və bunlar aradan qaldırılacaq. Hesab edirəm ki, artıq maskanın taxılması məsələsi məcburi xarakter olmamalıdır, yəni tövsiyyə xarakterli olmalıdır. İnsanlar var ki, risk qrupuna aiddilər. Yəni yanaşı xəstəlikləri olanlar, imum sistemi zəiflədən dərmanlar istifadə edirlər. Belə xəstələr mütləqdir ki, özlərini qorusunlar və fərdi şəkildə maskadan istifadə etsinlər. Digər yerlərdən maskadan istifadə edilməsi və tələb olunmasına isə ehtiyac qalmır”.