image-img-20210705-wa0044backend

Şuşa Bəyannaməsi – bölgədə sülhün təminatçısıdır

image-reklam_sirab_01

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın NATO-nun 2021-ci il Brüssel sammitində iştirakından sona işğaldan azad edilmiş Qarabağa səfəri Türkiyə – Azərbaycan münasibətlərində tarixi əhəmiyyət kəsb edir. Sözügedən səfərin ən önəmli məqamları Şuşa şəhərində oldu. Şuşa şəhərində imzalanan bəyannamə Azərbaycan-Türkiyə qardaşlığının və strateji tərəfdaşlığının, Azərbaycan torpaqlarını Ermənistanın işğalından azad edərkən Türkiyə tərəfindən verilən mənəvi, siyasi, texniki dəstəyin simvolu olaraq mühüm əhəmiyyətə malikdir.
1994-cü ilin fevralın 9-da imzalanmış “Azərbaycanla Türkiyə arasında dostluq və hərtərəfli əməkdaşlığın inkişaf etdirilməsi haqqında” müqavilə, “Azərbaycanla Türkiyə arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında protokol və 2010-cu ilin avqustun 16-da imzalanmış “Azərbaycanla Türkiyə arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında” müqavilələri əslinda Şuşa Bəyannaməsinin bazası idi.Həmçinin Şuşa Bəyannaməsi 13 oktyabr 1921-ci il tarixində imzalanmış Qars müqaviləsinə iki dost və qardaş ölkənin sadiqliyinin təcəssümüdür.
Şuşa Bəyannaməsində əsas yenilik Azərbaycan və Türkiyə arasındakı münasibətlərin əməkdaşlıqdan keyfiyyətcə yeni, müttəfiqlik səviyyəsinə qaldırılması, müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərinin müəyyən edilməsidir. Azərbaycan və Türkiyənin təhlükəsizlik şuralarının birgə toplantılarının keçirilməsi bəyannamədə xüsusi vurğulanır.
Tarixi bəyannaməyə müstəqil Azərbaycanla Türkiyə dövlətlərinin hazırkı dövrümüzə qədər imzaladıqları bütün sazişlərinin vahid və birləşdirilmiş forması olduğunu da deyə bilərik. Artıq bu sənəd qardaş ölkələrimizin proqram və layihələrinin reallaşdırılmasını əks etdirən nəhəng perspektivlərə söykənən yol xəritəsidir.
Digər tərəfdən, tarixi Şuşa bəyannaməsi həm Bakı, həm də Ankara üçün ona görə əhəmiyyət kəsb edir ki, regionun təhlükəsizliyi, tərəqqisi istiqamətində atılacaq hər bir addım, veriləcək hər bir qərar Azərbaycanla Türkiyənin regionda birmənalı söz sahibi kimi çıxış etmələrinə geniş imkanlar verir.
İmza mərasimi zamanı tarixi əhəmiyyətli məqamlardan biri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşada baş konsulluğun açılacağını bildirməsi oldu. Bu sürpriz bəyanat bir daha bütün dünyaya Qarabağın Azərbaycanın ayrılmaz ərazisi olduğunu və qardaş Türkiyənin Azərbaycanın ərazi bütövlüyünə verdiyi əhəmiyyəti açıq şəkildə elan etdi. Yəni bunu həm də bir çağırış kimi də dəyərləndirə bilərik – Türkiyə hər yerdə, hər zaman qardaşı Azərbaycanın yanındadır və sonuna qədər belə də davam edəcək.
Azərbaycan–Türkiyə münasibətlərində ən vacib xüsusiyyət əməkdaşlığın regional və qlobal sülhə, sabitliyə töhfə vermək məramıdır. Bu məram Şuşa bəyannaməsində də öz əksini tapıb. İki ölkənin dövlət başçılarının imzaladıqları bəyannamədə BMT Nizamnaməsi vurğulanır və üçüncü ölkələrlə əməkdaşlıq qapılarının açıq olduğu bildirilir. Xatırladaq ki, imzalanma mərasimində dövlət başçılarının çıxışlarında Ermənistana da əməkdaşlıq təklifi səsləndirildi. Şübhəsiz ki, bu fikirlər Qafqazdakı sabitliyi və təhlükəsizliyi möhkəmləndirmək məqsədi daşıyır. Başqa sözlə, bölgə dövlətləri ilə münasibətlərin normallaşdırılması davamlı sülhün bərqərar olması əsas məqsəddir.
Nəticə olaraq deyə bilərik ki, Azərbaycan ilə Türkiyə arasındakı münasibətlərə əhəmiyyətli təkan verəcək Şuşa Bəyannaməsi regional və qlobal təhlükəsizliyə də zəmin yaradır. Bu, həm də Azərbaycanın yeni dünya düzəninə, qlobal geosiyasi sistemə inteqrasiyasının göstəricisidir.

Aysel Mənsimova – YAP üzvü


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki