image-626d015e8d183626d015e8d1841651310942626d015e8d181626d015e8d182backend

Şuşa Birinci Beynəlxalq Kulinariya Festivalına ev sahibliyi edəcək

image-reklam_sirab_01

Mayın 5-dən 8-dək Heydər Əliyev Fondu və Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşada müxtəlif ölkələrin kulinarları bir araya gələcəklər.

Heydər Əliyev Fondundan verilən xəbərə görə, ləziz təamlar bayramına çevriləcək Şuşa Birinci Beynəlxalq Kulinariya Festivalında bu şəhərin qədimliyi, gözəlliyi, Azərbaycan xalqının qonaqpərvərliyi bir daha nümayiş etdiriləcək.

Beynəlxalq Kulinariya Festivalında Almaniya, Avstriya, Çin, Fransa, Gürcüstan, İndoneziya, İran, İsrail, İtaliya, Malayziya, Türkiyə və Yaponiyadan kulinarlar qonaqları ölkələrinin təamları ilə tanış edəcəklər. Qonaqlar peşəkar aşpazların ustad dərslərində də iştirak edib yemək hazırlamağın incəliklərini öyrənə biləcəklər.

Kulinariya festivalına Azərbaycanın müxtəlif iqtisadi rayonları – Abşeron-Xızı, Bakı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Lənkəran-Astara, Mərkəzi Aran, Naxçıvan, Qarabağ, Quba-Xaçmaz, Şəki-Zaqatala və digərləri qatılacaq. Festival günlərində 11 milli, 11 xarici və Milli Kulinariya Mərkəzinin pavilyonları qurulacaq və qonaqlar Azərbaycanın bölgələrinin, eləcə də dünya mətbəxinin nümunələrinin dadına baxa biləcəklər. Festivalda dequstasiya üçün şərablar, pendirlər və digər məhsulların təklif olunduğu zonalar da fəaliyyət göstərəcək.

Tədbirdə Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Fransa, İtaliya, İsrail, Kanada, Koreya, Rusiya, Türkiyə və digər ölkələrdən qida sahəsi üzrə 40 beynəlxalq ekspert, qida üzrə bloqerlər də təmsil olunacaqlar.

Festival zamanı Şuşada təkcə dünya xalqlarının təamları deyil, həmçinin müxtəlif ölkələrin maddi və mənəvi dəyərləri təqdim ediləcək. Bu konsepsiyaya əsasən, festivalda quraşdırılacaq pavilyonlar da fərqli formatda olacaq. Hər pavilyon qonaqları ayrı-ayrı ölkələrə xas memarlıq quruluşu, milli musiqi ilə salamlayacaq, tanınmış əsərlərdən parçalar səhnələşdiriləcək. Festival günlərində qonaqlara ümumilikdə 100-dən çox incəsənət ustasının iştirakı ilə bədii proqram təqdim ediləcək. İstirahət və əyləncə zonasındakı pavilyonlarda tamaşalar, konsert və sərgilər təşkil olunacaq.

Festival çərçivəsində Azərbaycanın milli sənətkarlıq nümunələri də sərgilənəcək. 5 may tarixi Xalçaçı Gününə təsadüf etdiyindən “Azərxalça” ASC-nın yaradıcı heyəti xalçaçılıq ənənələrinə dair müxtəlif interaktiv təqdimatlar edəcək. Burada xalçanın ərsəyə gəlməsi prosesi canlandırılacaq və interaktiv teatr tamaşasında xalçanın yaradılmasının hər mərhələsi səhnələşdiriləcək. Qonaqlara yununun qırxılması və təmizlənməsi, ipin hazırlanması və təbii boyalarla rənglənməsi, dəzgahın hazırlanması, ərişin çəkilməsi, xovlu və xovsuz xalçaların toxunması, xalçanın kəsilməsi, cehiz yığma səhnəsi nümayiş olunacaq.

Festivalda Bakı Kitab Mərkəzi tərəfindən Heydər Əliyev Fondunun kulinariyaya dair nəşrləri də təqdim olunacaq.

Festival çərçivəsində mayın 3-dən 9-dək Şuşada 30-dan çox Azərbaycan rəssam və heykəltaraşının iştirakı ilə “Şuşa. Bahar əfsanəsi” adlı plener keçiriləcək. Təbiət qoynunda yaradılacaq əsərlər vaxtı ilə işğal altında olmuş bir şəhərin hazırkı vəziyyətini, füsunkar təbiətini canlandıracaq.

Qarabağ bölgəsində çox sayda yerli və xarici qonağın iştirakı ilə keçirilən Kulinariya Festivalı işğaldan azad olunan şəhər və rayonlarımızın dirçəldilməsi ilə yanaşı, 30 ildən sonra bura yenə də ruzi və bərəkətin, əmin-amanlığın qayıtmasının daha bir rəmzi ifadəsi olacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki