Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı, ICESCO-nun dəstəyi ilə 11-13 oktyabr tarixlərində Şuşada “Şuşa şəhərinin islam memarlıq irsi” adlı beynəlxalq simpozium keçirilib. Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar hazırlanan tədbirlər planı çərçivəsində keçirilən simpoziumda Azərbaycanla yanaşı, Türkiyə, Misir, BƏƏ, Tunis, Keniya, İordaniya, İtaliya, Mərakeş, Səudiyyə Ərəbistanı və Böyük Britaniyadan olan 80-dən çox memar iştirak edib.
Panel sessiyalarda “Tarixi şəhər toxumasının regenerasiyası”, “Abidələrin müasir həyatı”, “Dayanıqlı memarlıq, material, layihə, icra” mövzularında müzakirələr aparılıb, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin memarları əcnəbi qonaqları Şuşanın tarixi-memarlıq abidələri, bərpa olunan məscidləri, qala divarları ilə yaxından tanış ediblər.
Şuşa ərazisi tarix boyu Azərbaycan memarlıq məktəbinin açıq səma altında muzeyini xatırladıb. Çox təəssüf ki, işğal nəticəsində Şuşa şəhərində, bütövlükdə Qarabağ ərazisində 500-ə yaxın tarixi-memarlıq abidələri, 100-dən çox arxeoloji abidə, minlərlə əsərin qorunduğu 22 muzey, 4 rəsm sərgisi, 4,6 milyon kitab və əlyazma saxlanan 927 kitabxana, 85 incəsənət məktəbi, 20 mədəniyyət sarayı, 4 dövlət teatrı ermənilər tərəfindən ciddi dağıntılara məruz qalıb.
Azərbaycanın işğal olunmuş ərazilərində tarixi və mədəniyyət abidələrimizin dağıdılması və qəsdən korlanması “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasına, “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyasına, “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” YUNESKO-nun 1972-ci il konvensiyasına zidd olmasına baxmayaraq dünya ictimaiyyəti uzun illər bu ədalətsizliyə susub.
Hərbi təcavüz nəticəsində işğal olunmuş ərazilərdə ilk insan məskənlərindən olmuş məşhur Azıx və Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanları hərbi məqsədlərlə istifadə edilərək qəsdən dağıdılıb. Xocalı, Ağdam, Ağdərə, Füzuli, Cəbrayıl rayonlarındakı kurqanlarla yanaşı, Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Füzuli rayonlarının ərazilərindəki qəbiristanlıqlar, türbələr, məzarüstü abidələr, məscidlər, məbədlər, Qafqaz Albaniyasına məxsus olan və digər milli abidələrimiz məhv edilib.
Qarabağ ərazisində olan qədim qəbiristanlıqları, Heydər Əliyevin təşəbbüsü ilə ucaldılmış böyük Azərbaycan şairi, Qarabağ xanının vəziri M.P.Vaqifin türbəsini, Ağdamda Pənah xanın imarətini, Cümə məscidini, Laçın rayonunda Həmzə Sultan və Soltan Əhməd saraylarını, məscidləri, ziyarətgah və ibadətgahları, daş heykəlləri, qədim qəbirləri, kurqanları, tarixi abidə olan yaşayış binalarını dağıtmış, daşınması mümkün olan maddi mədəniyyət abidələrini isə soyğunçuluqla Ermənistana aparmışlar.
Şuşa tarixi memarlıq qoruğunun ərazisindəki Aşağı və Yuxarı Gövhərağa, Köçərli, Mərdinli cümə məscidlərini, dahi bəstəkar Üzeyir Hacıbəyovun, Bülbülün ev-muzeyləri, Xurşud Banu Natəvanın saray kompleksi, Zöhrabbəyovların malikanələri, şair, rəssam, alim Mir Mövsüm Nəvvabın evi, ümumiyyətlə, şəhərin Şərq memarlığını özündə əks etdirən milli üslubda inşa edilmiş əksər yaşayış evləri böyük dağıntılara məruz qalıb. Üzeyir Hacıbəyovun və Bülbülün, Xurşud Banu Natəvanın heykəlləri güllələnib və Azərbaycan ərazisindən çıxarılmışdı. Xocalıdakı “Dairəvi Məbəd”(1356-1357) və “Türbə” (14-cü əsr) isə tamamilə yerlə-yeksan edilib.
Qarabağ işğaldan azad edildiyi gündən etibarən dövlət başçısı İlham Əliyevin birbaşa nəzarəti ilə qədim yaşayış məntəqələrindəki tariximizin, mədəniyyət abidələrimizin yenidən bərpa edilməsi sahəsində böyük işlər görülür. Bu ərazilərdə dağıdılmış memarlıq abidələrinin yenidən qurulması və bərpası hazırda Azərbaycan memarlarının mühüm yaradıcılıq fəaliyyətinin əsasını təşkil edir. “Bu gün ilk növbədə bizim vəzifəmiz və borcumuz Qarabağın tarixini, mədəni irsini bərpa etmək, onun əvvəlki simasını geri qaytarmaqdır” – deyən ölkə başçımız maddi-mədəni irsimiz olan memarlıq abidələrinin qorunması, bərpası və təbliği ilə çoxsaylı qərarlar qəbul edir və tədbirlər həyata keçirir.
Qarabağ və Şərqi Zəngəzur torpaqlarında vandalizmə uğramış tarixi-mədəni irs abidələrimiz memarlarımızın və bərpaçılarımızın səyləri nəticəsində bərpa olunur. Ağdamın Cümə, Qiyaslı və Şuşanın Yuxarı və Aşağı Gövhər Ağa, Saatlı məscidlərində, eləcə də Qazançı kilsəsində bərpa işləri aparılır. Şuşa şəhərinin sovetlər dövründə inşa olunmuş “Qarabağ” hoteli, Bülbülün ev-muzeyi və büstü, Molla Pənah Vaqifin məqbərəsi restavrasiya olunub, Üzeyir Hacıbəylinin və Bülbülün ev-muzeyləri açılıb və heykəlləri qoyulub. “Xarı bülbül” hotelinin istifadəyə verilməsi Şuşanın azad, məğrur və əzəmətli görünüşünü daha da gözəlləşdirib. Mamayi və Merdinli məhəllə məscidləri arxiv materiallarına əsasən, olduğu kimi yenidən inşa olunub.
Şuşa şəhərində yerləşən malikanə tipli tarixi yaşayış evi olan Mehmandarovların malikanə kompleksi Azərbaycanın XVIII əsr mülki memarlığının ən maraqlı nümunələrindən biridir. Bu maddi-mədəniyyət tikilisi də erməni işğalı dövründə dağıntılara məruz qalıb. Artıq abidənin əvvəlki görkəmi özünə qaytarılıb. Aparılan işlər zamanı tarixi mənbə və arxivlərdəki fotolardan istifadə edilib. Mehmandarovların malikanə kompleksinə daxil olan bulaq şuşalıların və buranı ziyarətə gələnlərin istifadəsinə verilib.
Prezident İlham Əliyevin göstərişinə uyğun olaraq yeni tikililər tarixi simaya uyğun olaraq ətrafdakı abidələr ilə harmoniyada inşa olunur.
Zəngilan şəhərində XIX əsrdə inşa edilmiş məscid kompleksi də Ermənistanın işğalı dövründə düşmən qüvvələri tərəfindən dağıdılıb və ilkin görkəmini, demək olar, tamamilə itirmişdi. XIX əsrin memarlıq abidəsi olan bu tikili mövcud vəziyyətində konservasiya edilib və ərazidə yeni məscid inşa olunub.
Şuşanın mühafizə zonası şəhərin tarixi irsinin qorunması məqsədilə təşkil olunmuş komissiya tərəfindən onu əhatələyən təbii landşafta uyğun olaraq yaradılıb.
Ağdam Cümə məscidi, Qiyaslı məscidi, Pənahəli xanın Ağdamdakı ”İmarət” kompleksində saray və türbələrin bərpa və konservasiya işləri davam etdirilməkdədir.
Böyük qayıdışın nəticəsi olaraq aparılan bərpa və yenidənqurma işləri işğal olunmuş ərazilərimizə yeni həyat gətirəcək. Tarixi abidələrlə bağlı aparılan bərpa və yenidənqurma işləri Şuşa şəhərini, qədim Qarabağı dünyanın mədəniyyət və turizm mərkəzinə çevirəcək.
Cavanşir Feyziyev
Milli Məclisin deputatı, fəlsəfə doktoru