image-16248163674421854715_1000x669backend

Tarixi qələbənin əldə edilməsi Xalq-Prezident-Ordu vəhdətinin nəticəsidir

image-reklam_sirab_01

Vətən müharibəsində ordumuzun parlaq qələbəsi ilə Azərbaycanın tarixi ədalətinin– ərazi bütövlüyünün bərpa olunması ölkə Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin dövlət başçısı kimi fəaliyyət göstərdiyi illər ərzində həyata keçirdiyi tədbirlərin, reallaşdırdığı layihələrin məntiqi nəticəsi idi. Prezident İlham Əliyev bununla bağlı Silahlı Qüvvələr Günü münasibətilə etdiyi çıxışında ətraflı bəhs etdi. Ölkə başçısı qələbənin təmin olunması üçün ötən müddətdə beynəlxalq müstəvidə böyük hazırlıq işləri görüldüyünü, real həqiqətlərin dünya ictimaiyyətinə çatdırıldığını, ordu quruculuğu sahəsində önəmli islahatlar aparıldığını, Azərbaycanın səyi ilə aparıcı beynəlxalq təşkilatların – BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, hətta ölkəmizə qarşı daim ədalətsiz mövqe sərgiləyən Avropa Parlamenti, Avropa Şurası tərəfindən maraqlarımıza cavab verən qərar və qətnamələr qəbul edildiyini, ən başlıcası isə xalq-iqtidar birliyinin və qarşılıqlı inamın yaradıldığını vurğuladı.

 Veteninfo.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov deyib.

O dövlətimizin başçısının bütün yuxarıda qeyd edilənlərlə bərabər, ölkəmizin iqtisadi potensialının da qələbəni təmin etməkdə əsas amillərdən biri olduğunu diqqətə çatdırdığını bildirib: “Hazırlıq işlərində iqtisadi amil aparıcı rol oynamışdır. Çünki açıq-aydın dərk edirdik ki, iqtisadi müstəqillik olmasa, biz istədiyimizə nail ola bilmərik. Çünki biz 1990-cı illərin əvvəllərini yaxşı xatırlayırıq. Bizim vəsaitimiz yox idi, xəzinə boş idi, inflyasiya min faiz səviyyəsində idi, kütləvi işsizlik və səfalət hökm sürürdü, biz iqtisadi cəhətdən asılı vəziyyətdə idik. Ona görə iqtisadi müstəqillik əldə etmək başlıca vəzifələrimizdən biri idi və biz bunu artıq neçə ildir ki, təmin etmişik. Bu gün heç kimdən asılı deyilik. Bu gün iqtisadi göstəricilərə görə Azərbaycan dünyada aparıcı yerlərdədir”.

Milli Məclisin deputatı fikirlərini davam etdirərək, Azərbaycan Prezidenti İlham Əliyev çıxışında İkinci Qarabağ müharibəsində qələbəmizin şərtləndirən amillər sırasında bir məqama xüsusi toxunub. Bu da düşmənin ordumuzun qüdrəti qarşısında tab gətirməyərək, silah-sursatını atıb qaçması ilə bağlıdır: “Döyüşlərdə belə bir halın özünü qabarıq büruzə verməsi Azərbaycan Silahlı Qüvvələrinin inkişafının, modernləşdirilməsinin istər Ulu Öndərimizin, istərsə də Prezident İlham Əliyevin prioritet məsələlər kimi daim diqqət mərkəzində olmasının məntiqi nəticəsi idi. Yeri gəlmişkən, vahid komandanlığa əsaslanan nizami və mütəşəkkil, ən əsası müstəqilliyimizə, dövlətçiliyimizə qarşı yarana biləcək hər hansı təhdidin qarşısını almağa qadir ordunun yaradılması ümummilli liderimizin adı ilə bağlıdır. Belə ki, 1993-cü ildən etibarən ölkəmizdə Azərbaycan Ordusunun inkişaf etdirilməsinə dövlət quruculuğunun ən şərəfli və parlaq səhifələrindən biri kimi yanaşıldı. Xüsusilə, 1994-cü il mayın 12-də atəşkəsin elan edilməsindən sonra ordu quruculuğu ilə bağlı genişmiqyaslı islahatlara start verildi. Hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin formalaşdırılması diqqət mərkəzində saxlanıldı. Ordunun maddi-texniki təminatı əhəmiyyətli dərəcədə yaxşılaşdırıldı, maliyyə-təsərrüfat fəaliyyəti nizama salındı. Ordu quruculuğunun ən müxtəlif sahələri ilə bağlı zəruri olan qanunlar qəbul edildi, Silahlı Qüvvələrin mükəmməl qanunvericilik bazası yaradıldı. Elə bunun nəticəsi idi ki, ordumuz 1993-cü ilin sonu, 1994-cü ilin əvvəllərində Füzuli istiqamətində, Murovda yüksək peşəkarlıqla uğurlu hərbi əməliyyatlar keçirərək çoxsaylı yaşayış məntəqələrimizi, strateji yüksəklikləri düşməndən azad etdi”.

Heydər Əliyevin ordu quruculuğu ilə bağlı başladığı işlər Prezident İlham Əliyev tərəfindən 18 ildir ki, uğurla davam etdirilir. Dövlətimizin başçısının 2003-cü ildə andiçmə mərasimindəki nitqi zamanı dediyi: “Azərbaycanda güclü ordu yaradılmışdır və bu proses davam edəcəkdir. Bu məsələ daim mənim diqqət mərkəzimdə olacaqdır. O, qarşıda duran bütün məsələləri həll etmək iqtidarında olmalıdır” sözləri Vətən müharibəsində əldə edilən parlaq qələbə ilə Prezident İlham Əliyevin vədinə sadiqliyinin, qarşıya qoyduğu vəzifənin uğurla həyata keçirildiyinin bariz ifadəsidir.

Bəli, bu müddətdə ölkəmizin hərbi təhlükəsizliyinin qarantı olan ordu quruculuğu və Silahlı Qüvvələrin yüksək döyüş hazırlığı səviyyəsinə gətirilməsi istiqamətində çox gərgin, səmərəli və məqsədyönlü iş aparılıb. Azərbaycanın iqtisadiyyatının güclənməsi, maliyyə imkanlarının artması nəticəsində ordumuzun döyüş qabiliyyəti yüksəlib, bu məqsədlə qabaqcıl dövlətlərlə uğurlu əməkdaşlıq həyata keçirilib. İstər quru qoşunlarının, istər hərbi hava qüvvələrinin, istərsə də hava hücumundan müdafiə sistemlərinin döyüş imkanları ən müasir tələblər səviyyəsinə çatdırılıb. Şübhəsiz ki, bütün bu amillər İkinci Qarabağ müharibəsində şanlı qələbəmizi şərtləndirib.

Bütün bunları nəzərə alaraq, bu gün tam əminliklə deyə bilərik ki, hadisələri, prosesləri dəqiq qiymətləndirmək, taleyüklü məsələlərin elmi cəhətdən əsaslandırılmış həlli yollarını təqdim etmək istedadına malik Prezident İlham Əliyev 2020-ci ildə ölkəmizin ərazi bütövlüyünü reallaşdıran lider kimi də adını tarixə əbədi yazdırdı, Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini yaratdı və 44 günlük Vətən müharibəsinin əsl qəhrəmanı oldu.

Rəşad Mahmudov fikirlərini belə yekunlaşdırıb: “İkinci Qarabağ savaşında tarixi qələbənin əldə edilməsində isə ən önəmli amil Silahlı Qüvvələrimizdəki ruh yüksəkliyi, Xalq-Prezident-Ordu vəhdəti oldu. Bu, Azərbaycana qarşı başlanan hücum əməliyyatlarının ilk günlərindən minlərlə gəncin orduya könüllü kimi yazılmasında, dinc insanların təxribatlar zamanı evlərini tərk etməmələrində özünü göstərdi. Bu, döyüşlər getdiyi dövrdə hər gün Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi “Twitter” səhifəsində, xarici televiziya kanallarına verdiyi müsahibələrində, hadisələrin gedişatı ilə bağlı xalqa məlumat verməsində, ordumuzun nailiyyətlərini dəqiqliklə vətəndaşlarımızın diqqətinə çatdırmasında özünü büruzə verdi. Bu, eyni zamanda, Azərbaycanı bütün dünyaya güclü orduya malik bir dövlət, xalq-Prezident birliyinin təmin olunduğu bir respublika kimi tanıtdı”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki