Türk Dövlətləri Təşkilatının son illərdəki inkişaf istiqaməti göstərir ki, bu qurum artıq yalnız tarixi və mədəni birlik kimi deyil, həm də müasir beynəlxalq münasibətlər sistemində geosiyasi və iqtisadi təsir gücünə malik strateji platforma kimi formalaşır. TDT-nin Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşünün “Regional sülh və təhlükəsizlik” mövzusuna həsr olunması bunun mahiyyətini əks etdirir. Yəni, Türk dövlətləri artıq qlobal sabitlik və təhlükəsizlik arxitekturasında subyekt kimi çıxış etməyə başlayıblar.
Azərbaycanın TDT-dəki rolu, sadəcə, qurucu dövlət statusu ilə məhdudlaşmır. Prezident İlham Əliyevin ardıcıl təşəbbüsləri nəticəsində təşkilat formal mədəni birlikdən, real təsir gücünə malik siyasi və iqtisadi blok səviyyəsinə yüksəlib. Bu istiqamətdə dövlətimizin başçısının Bişkek, Şuşa və Budapeşt Zirvə görüşlərində səsləndirdiyi çağırışlar, o cümlədən “Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərindən birinə çevrilməlidir” çağırışı artıq strateji konsepsiya xarakteri daşıyır.
Azərbaycanın TDT-yə sədrliyi dövründə həyata keçirilən tədbirlər, xüsusən qeyri-rəsmi Zirvə görüşlərinin təşkili bu birliyin institusional dayanıqlığını gücləndirib. Oktyabrın 6-7-də Qəbələdə keçirilən XII Zirvə Görüşünün sonunda TDT-yə sədrlik Qırğızıstandan Azərbaycana keçmişdir. Bu hadisə təkcə rotasiya qaydasında baş verən protokol dəyişikliyi deyil, Azərbaycanın təşkilat daxilində liderlik missiyasının və strateji təşəbbüskarlığının beynəlxalq səviyyədə rəsmi təsdiqi kimi qiymətləndirilməlidir. Bu fakt göstərir ki, Azərbaycan artıq TDT-nin yalnız ideya daşıyıcısı deyil, həm də onun regional və qlobal istiqamətini müəyyənləşdirən siyasi mərkəzi kimi çıxış edir.
Oktyabrın 7-də Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə çıxış edən Azərbaycan Prezidenti cənab İlham Əliyev bildirib ki, bu gün Türk Dövlətləri Təşkilatı, sadəcə, əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır. Təşkilatın beynəlxalq səviyyədə nüfuzunun artması məmnunluq doğurur. Ortaq tarixi və etnik köklərimiz, müştərək milli-mənəvi dəyərlərimiz bizi bir ailə kimi birləşdirir.
Vurğulanıb ki, beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulduğu dövrdə ölkələrimiz arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlıq çox önəmli amillərdən biridir. Bu çərçivədə müttəfiqimiz olan Türkiyə ilə dərin əməkdaşlıq mövcuddur. Yalnız son bir ildə Türkiyə ilə birgə 25-dən artıq ikitərəfli və çoxmillətli hərbi təlimlər keçirilib.
“Ölkələrimiz arasında hərbi, müdafiə və təhlükəsizlik sahələrində geniş əməkdaşlığı nəzərə alaraq, 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif edirəm” – deyə ölkə başçısı bildirib.
Öz çıxışında Prezident İlham Əliyev qeyd edib: “Bugünkü dünyada hərbi güc hər bir ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün əsas amilidir. 2020-ci il 44 günlük Vətən müharibəsində tarixi Zəfərimiz, həmçinin 2023-cü ildə qətiyyətli antiterror tədbirləri nəticəsində Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyuldu. Bununla da ölkəmizin ərazi bütövlüyü və əzəli torpaqlarımız üzərində suverenliyi bərpa olundu. Bu tarixi nailiyyət yalnız Azərbaycanın milli iradəsinin və əzmkar mübarizəsinin təntənəsi deyil, eyni zamanda, bölgədə ədalətin, sülhün və sabitliyin bərqərar olunmasına mühüm töhfədir”.
Azərbaycanın azad edilmiş ərazilərində Türk dövlətlərinin iştirakı ilə reallaşan humanitar və infrastruktur layihələr Türk həmrəyliyinin real təzahürüdür. Füzulidə Özbəkistanın inşa etdiyi Mirzə Uluqbəy məktəbi, Qazaxıstanın dəstəyi ilə yaradılmış Kurmanqazı Yaradıcılıq Mərkəzi və Qırğızıstanın Ağdamda tikdirdiyi məktəb təkcə qardaşlıq rəmzi deyil, həm də birgə strateji baxışın humanitar ifadəsidir. Bu layihələr Azərbaycanın TDT-nin ideoloji mərkəzinə çevrilməsi ilə yanaşı, təşkilat daxilində praktiki həmrəyliyin möhkəmləndirilməsinə xidmət edir. Zirvə görüşündəki çıxışı zamanı Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzurun bərpasına qardaş ölkələrin dəstəyini qeyd edərək öz təşəkkürünü bildirib.
Türk Dövlətləri Təşkilatının bugünkü inkişaf mərhələsi göstərir ki, Türk dünyasının inteqrasiyası strateji reallıqdır. Azərbaycan bu reallığın əsas memarı və lokomotiv gücü kimi çıxış edir. Qlobal miqyasda yeni güc bölgüsünün formalaşdığı bir dövrdə TDT-nin siyasi, iqtisadi və təhlükəsizlik baxımından sıx inteqrasiyası Avrasiyada balans yaradan yeni geosiyasi qütb kimi çıxış edə bilər. Gələcək onillikdə TDT-nin hədəfi yalnız türkdilli dövlətlərin maraqlarını qorumaq deyil, həm də beynəlxalq münasibətlər sistemində sabitlik, dialoq və inkişaf üçün nümunəvi model yaratmaq olmalıdır. Azərbaycanın təşəbbüsləri bu istiqamətdə həm strateji liderlik, həm də istiqamətverici rol oynayır. Beləliklə, Türk dünyasının birliyi artıq ideya deyil, formalaşmaqda olan qlobal gücün siyasi reallığıdır.
Günel Aslanlı AMEA A.A.Bakıxanov adına Tarix Institutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru