image-jomard-tokayevbackend

Tokayev Qazaxıstandakı iğtişaşların əsas səbəbini AÇIQLADI: “Yığılıb qalmış problemlər…”

image-reklam_sirab_01

“Yanvar iğtişaşlarının əsas səbəbi varlıların və kasıbların gəlirləri arasında qəbuledilməz uçurumun olması oldu”.

Veteninfo.az xəbər verir ki, bu barədə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev işgüzar dairələrin nümayəndələri ilə görüşündə deyib.

“Sizə yaxşı bəlli olan korrupsiya fonunda gəlirlərin bu təbəqələşməsi terrorçuların, yaraqlıların və onların arxasında olan sui-qəsdçilərin istifadə etdikləri barut çəlləyinin yanında yandırılmış kibrit rolunu oynadı”, – deyə dövlət başçısı əlavə edib.

Onun sözlərinə görə, baş verənlər illərdir yığılıb qalmış problemləri üzə çıxarıb.

“Bu gün bizim qarşımızda bütün ictimai strukturun dərin transformasiyası kimi strateji vəzifə durur. Bizə Qazaxıstan vətəndaşlarının istək və maraqlarına cavab verən real islahatlar lazımdır”, – Tokayev yekunlaşdırıb.

Qeyd edək ki, 2022-ci ilin ilk günlərində Qazaxıstanda yanacağın bahalaşması ilə bağlı etirazlar iğtişaşlara çevrildi. Almata və bəzi digər şəhərlərdə insanlar küçələrə çıxdı, təhlükəsizlik qüvvələri ilə toqquşmalar və qarətlər başladı, silahlılar dövlət qurumlarına hücum etdilər.

Ölkə ərazisində fövqəladə vəziyyət rejimi tətbiq olundu, hökumət istefaya göndərildi. Prezident Kasım-Jomart Tokayev yanacağın satış qiymətlərinin tənzimlənməsi barədə göstəriş verib, baş verənləri xarici təcavüz aktı adlandırıb və kömək üçün KTMT tərəfdaşlarına müraciət edib .

Təşkilatın üzvləri respublikaya inzibati və diplomatik binaların mühafizəsi ilə məşğul olan, yerli hərbçilərə asayişin qorunmasına köməklik göstərən kollektiv sülhməramlı qüvvələr göndərirdilər. İndi sülhməramlılar Qazaxıstanı tərk ediblər.

Yanvar hadisələri nəticəsində 695 cinayət işi başlanıb. Ölkənin Baş Prokurorluğunun məlumatına görə, 4578 nəfər yaralanıb, 225 nəfər həlak olub, o cümlədən 19 təhlükəsizlik işçisi. BMT minə yaxın yaralı olduğunu bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki