image-aygun-abbasova-279backend

Türk dünyası əməkdaşlıq müstəvisində yeni mərhələyə qədəm qoyur

image-reklam_sirab_01

2020-ci il türk dünyası məhsuldar, Zəfər ili olaraq yadda qaldı. Belə ki, türk dünyasının önəmli uğurları, ən başlıcası Azərbaycan ərazilərinin işğaldan azad olunması, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpa edilməsi əhəmiyyətli hadisədir. Azərbaycan tərəfi məsələnin sülh yolu, danışıqlar masasında həll edilməsi istiqamətində addımlar atmış olsa da, Ermənistan faktiki olaraq danışıqlardan imtina etdi və ölkəmiz döyüş meydanında öz sözünü deyərək Zəfər qazandı. Hamının bildiyi kimi, Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan 2020-ci ilin sentyabrın 27-də müharibə başlanan gün açıq şəkildə Azərbaycana dəstək ifadə edərək, Türkiyənin Azərbaycanın yanında olmasını ifadə etdi. Türkdilli dövlətlər sentyabrın 28-də Azərbaycana dəstək xarakterli açıqlama verdi. Eləcə də İslam Əməkdaşlıq Təşkilatı Azərbaycana siyasi dəstək göstərdi. Bu gün dünya miqyasında türk dövlətləri siyasi, iqtisadi, hərbi gücü ilə tanınır.

Azərbaycan türk dünyasının parçası kimi türkdilli ölkələr arasında əlaqələrin dərinləşməsində hər zaman fəal iştirak edib. Azərbaycanın bu platformada həmişə nüfuz sahibi olub. Qarabağın azad edilməsinə görə ötən il Prezident İlham Əliyev İstanbulda ordenlə təltif edildi. Bu, türk dünyasının Azərbaycan Prezidentinin fəaliyyətinə verdiyi qiymət idi. Bu gün Türk dünyası əməkdaşlıqda yeni mərhələyə qədəm qoyur. Bu ölkələr bütün sahələr, o cümlədən müdafiə, təhlükəsizlik və hərbi sənayesini yeni əməkdaşlıq sahəsi kimi inkişaf etdirməyi qarşıya hədəf qoyub. “Biz bilirik ki, beynəlxalq müstəvidə öz mövqeyini müdafiə etmək bəzi hallarda o qədər də asan olmur. Biz birlikdə olsaq, müəyyən məsələlərdə vahid mövqedən çıxış etsək və bu birliyi mütəmadi işlərlə möhkəmləndirsək, bizim beynəlxalq mövqelərimiz daha da güclü olacaqdır. Çünki türkdilli ölkələrdə bütün imkanlar vardır.” Bu fikirləri Prezident İlham Əliyev 13 il əvvəl Türkdilli ölkələrin dövlət başçılarının Naxçıvanda keçirilən zirvə görüşündə səsləndirmişdi. Dövlət başçımız hələ o zaman bəyan etmişdi ki, türkdilli xalqlar, ölkələr arasında birlik daha da güclənməlidir. Çünki bu, bizim tarixi köklərimiz olmaqla yanaşı, həm də bugünkü vəziyyətin reallıqlarıdır. Azərbaycan Prezidentinin bu yanaşmasının nə qədər dəqiq və uzaqgörən olduğu bu gün bir daha təsdiqini tapdı. Şuranın təşkilata çevrilməsi, coğrafiyasının daha da genişlənməsi bunun əyani sübutudur. Cənab Prezident Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşünün tarixi əhəmiyyətinə toxunaraq bildirmişdir ki, biz Şuramızı təşkilata çeviririk və bu təşkilatın çox gözəl gələcəyi var: “Çünki bu təşkilatın təməlində təbii müttəfiqlər yerləşir və həm tarix, həm mədəniyyət, həm bizim ənənələrimiz, bizim adət-ənənələrimiz, bax, bu, birliyi diktə edir. Eyni zamanda, indiki dünyada təhlükələr hər ay, hər il yaranır və əfsuslar olsun ki, dünyanın aparıcı ölkələri bu təhlükələrə qarşı düzgün addımlar ata bilmirlər və əminəm ki, Türk Dövlətləri Təşkilatının təkcə ölkələrimiz, xalqlarımız üçün deyil, dünya üçün önəmi bundan sonra da artacaq. Çünki bizim işbirliyimiz səmimidir, biz hamımız qardaşıq, bir-birimizə qardaş deyirik, biz hamımız ənənəvi dəyərlər üzərində ölkələrimizi inkişaf etdiririk”. Bu gün biz türkdilli ölkələrin dünya miqyasında böyük gücə çevrilməsinin şahidiyik. Bugünlərdə Prezident İlham Əliyev Səmərqənd zirvəsində bir daha bəyan etdi ki, 200 milyondan çox insanın yaşadığı geniş coğrafiyanı əhatə edən Türk dünyası bir ailədir. 2020-ci il 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan öz ərazi bütövlüyünü təmin etdikdən sonra bölgənin inkişafında yeni başlayıb. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərinə başda Türkiyə olmaqla, Özbəkistan və Qazaxıstan da töhfə verir. Prezident İlham Əliyev Səmərqənd zirvəsində digər türk dövlətlərinin başçılarını da Qarabağa və Şərqi Zəngəzura dəvət etdi. Yekun bəyanatda da TDT-ya üzv ölkələr Azərbaycanın münaqişədən sonrakı bərpa, yenidənqurma və reinteqrasiya səylərinə töhfə verməyə hazırlıqlarını bir daha təsdiq edirlər.

2009-cu ilin oktyabrında türkdilli ölkələrin dövlət başçılarının Naxçıvanda keçirilən toplantısında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) yaradılması barədə qərarın qəbul edilməsi əməkdaşlığın yüksəlməsində mühüm rol oynadı və dünyada türk birliyinin daha da güclənməsinə şərait yaratmış oldu. Naxçıvan sazişinin imzalanmasından keçən müddət ərzində reallaşan layihələr, imzalanan sazişlər və s. türk dövlətləri arasında münasibətləri daha da yaxınlaşdırmış oldu. Naxçıvan sazişinin imzalanmasından keçən dövr ərizində görülən işlər, qarşılıqlı səfərlər türk dövlətləri arasında inteqrasiyanı dərinləşdirmək üçün səmərəli platformaya çevrilib. Tarixi dövrə nəzər salsaq görərik ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Təşkilatı türkdilli ölkələr arasında hərtərəfli əməkdaşlığın genişləndirilməsinə böyük imkanlar yaratmış oldu. Qurum yarandığı gündən Azərbaycan bu təşkilatın Türk coğrafiyasında inteqrasiya proseslərinin avanqardına çevrilməsi üçün mühüm addımlar atıb və indiyə qədər keçirilmiş bütün zirvə görüşlərində Azərbaycan yüksək səviyyədə təmsil olunub. Türkdilli dövlətlər arasında səmərəli, etibarlı siyasi dialoq qurulub, bütün sahələrdə hərtərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində tədbirlər həyata keçirilir. Türkdilli ölkələrin vahid platformada birləşməsi bu ölkələr arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığın yüksələn xətlə inkişafına təkandır.

Prezident İlham Əliyev müasir dünyada cərəyan edən ziddiyyətli və mürəkkəb proseslər, ikili standartlar fonunda türk xalqlarının birliyinin vahid məqsədlər naminə təmin edilməsinin vacibliyini daim önə çəkməklə yanaşı, konkret addımları ilə onun gerçəkləşməsinə daim çalışan liderdir. Azərbaycan Prezidenti İlham Əliyev ulu öndər Heydər Əliyevin Türk dövlətləri arasında birliyin möhkəmləndirilməsi siyasətini davam etdirərək ölkəmizə rəhbərlik etdiyi son 18 ildə bu xətti xarici siyasətdə mühüm istiqamətlərdən biri kimi müəyyənləşdirərək təkcə Türkiyə ilə deyil, Orta Asiyanın türkdilli dövlətləri ilə əlaqələrimizi gücləndirmək üçün ardıcıl işlər görüb. Türk dövlətlərinin, xalqlarının vahid ideya və məqsədlər uğrunda mübarizə aparması, ideoloji-siyasi cəbhədə eyni nöqtəyə vurması, bədnam erməni lobbisinə qarşı mütəşəkkil mübarizəyə qoşulması dövlətimizin başçısının ən çox diqqət yetirdiyi məsələlərdəndir. Azərbaycan lideri dünya azərbaycanlılarının hüquq və azadlıqlarının müdafiəçisi olaraq da çıxış edir: “Təkcə Azərbaycanın hüdudlarından kənarda yaşayan azərbaycanlıların sayı Azərbaycanda yaşayanlardan xeyli çoxdur, bir neçə dəfə çoxdur. Buna görə də, əlbəttə, onların təhlükəsizliyi, hüquqları, salamatlığı bizim üçün çox böyük əhəmiyyət kəsb edir…” Beləliklə, güclü lideri və cəmiyyətinin birliyi ilə Azərbaycan tarixdə bu gün heç vaxt olmadığı qədər güclüdür. İlham Əliyev 50 milyonluq azərbaycanlının lideridir. Azərbaycanın uğuru isə 50 milyonluq azərbaycanlının sevinci və qürur mənbəyidir.

 

 

Aygün Abbasova

Suraxanı rayonu 279 saylı tam orta məktəbin tarix müəllimi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image