image-gullu-yologlubackend

XALQ PAŞİNYANI YENİ MÜHARİBƏ ÜÇÜN SEÇMƏDİ…

image-reklam_sirab_01

“İkinci Qarabağ müharibəsi tarixdə əbədi qalacaq” (İlham Əliyev)

Hər il olduğu kimi, bu il də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev şəhid ailələri, müharibə əlilləri və Vətən müharibəsi qəhrəmanlarına mənzillərin və avtomobillərin verilməsi məsələsini diqqətdə saxlayaraq özü bu qürurverici mərasimdə iştirak və çıxış etmişdir. 2021-ci il 26 avqust tarixində şəhid ailələrinə, müharibə əlillərinə və Vətən Müharibəsi Qəhrəmanlarına 300 mənzil, həmçinin müharibə əlillərinə 50 avtomobil təqdim olunmuşdur. Bu günə qədər 7200 müharibə əlili avtomobillə təmin olunmuş, bu il isə ümumilikdə, 160-dan çox avtomobilin verilməsi nəzərdə tutulmuşdur… Görülən işləri statistikanın dilindən eşidək: 1997-2021-ci illərdə şəhid ailələrinin üzvlərinə 10 min 500 mənzil və fərdi ev təqdim olunmuşdur. 2021-2025-ci illərdə şəhid ailələrinə daha 11 min mənzil və fərdi ev veriləcək. Şəhid ailələrinin üzvləri və müharibə veteranlarının fəal məşğulluq tədbirləri çərçivəsində son 7 ayda 52 min nəfər işlə təmin olunmuş, 7 min 200 nəfər özünüməşğulluq proqramına, 56 min nəfər isə ictimai işlərə cəlb edilmişdir. Bu ilin əvvəlindən indiyədək 26 min 200 nəfər reabilitasiya vasitəsilə təmin olunmuş, 2600 nəfərə isə reabilitasiya xidmətləri göstərilmişdir… Görülən və görüləcək işlər siyahısını artırmaq da  olar. Bu da onu göstərir ki, hər zaman Azərbaycan dövləti öz vətəndaşına qayğı ilə yanaşmışdır. Məhz bunun nəticəsində də vətəndaş-iqtidar həmrəyliyi öz müsbət töhfəsini verir… Xalq Vətən üçün, dövlət üçün lazım gələndə canından belə keçməyə hazır olur, dövlət də əməli işlə vətəndaşının yanında olduğunu göstərir.

        Bütün bunlar bir daha dövlətin, birbaşa Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın Vətən uğrunda canından keçən və keçməyə hazır olan həmvətənlərinə verdikləri dəyər, eyni zamanda digərləri üçün də stimuldur. Halbuki hələ də cəsədləri torpaqlarımızda çürüyən erməni əsgərlərin nə ailələrinə, nə də yaralılarına Ermənistan dövləti qayğı göstərmir, üstəlik yeni müharibəyə hazırlaşır, xalqı qırğına sürükləyir. Təbii ki, bu da erməni gənclərin ölkədən kütləvi axınına səbəb olur. O zaman Ermənistan son günlər guya əldə etdikləri silahları kimlərin əlinə verməyi düşünür? Əlbəttə ki, muzdluların… Lakin 44 günlük müharibədə qazandığımız parlaq qələbə Ermənistan ordusundakı muzdluları da xəyal qırıqlığına uğratmışdır. Düşünürəm ki, Ermənistanda səslənən yeni müharibə çağırışları blefdən başqa bir şey deyil. Bununla onlar ruhdan düşmüş, hakimiyyətə inamını itirmiş ölkə vətəndaşlarının azacıq da olsa, etibarını qazanmağa, tək olmadıqlarını göstərmək, eyni zamanda da münaqişədə birtərəfli mövqe tutan  Minsk qrupu üzvlərinin diqqətini çəkmək, onların yenidən bu məsələdə fəaliyyət göstərmələrini istəyir… Əgər bu gün Ermənistan öz təhlükəsizliyini özü təmin edə bilmədiyini, öz sərhədlərini özü qoruya bilmədiyini, öz hesabına yaşaya bilmədiyini açıq etiraf edirsə, o zaman bu ölkəni necə müstəqil dövlət adlandırmaq olar?..

         26 avqust tarixində Abşeron rayonunda dövlətin qayğı və diqqətinin təzahürü olan şəhid ailələri, müharibə əlilləri və Vətən müharibəsi qəhrəmanlarına mənzillərin və avtomobillərin təqdim olunması mərasimində şəxsən iştirak edən müzəffər Ali Baş Komandan 44 günlük Vətən müharibəsinin nəticələri, Ermənistanda gedən proseslər, işğaldan azad olunmuş torpaqlarımızda aparılan abadlıq, quruculuq işlərindən danışmış, kapitulyasiya aktına imza atmasına baxmayaraq Paşinyanın bu məğlubiyyətlə barışmaq istəməməsi, ordunun yenilənməsi adı ilə silahlandırılması, xarici havadarların vədinə uyaraq növbəti uçuruma doğru gedən erməni cəmiyyəti haqqında fikirlər söyləmiş, mesajlar vermişdir. Əslində dövlət başçısının bu çıxışı postmüharibə dövrünə növbəti bir baxış idi.

      Bu gün Azərbaycan ədaləti və beynəlxalq hüququ bərpa etdi, öz torpaqlarını geri qaytararaq şəhidlərin qısasını aldı, tarix yazdı. Elə yazdığı o tarixdə də İkinci Qarabağ müharibəsi əbədi qalacaq. Həqiqətən də Azərbaycan xalqının çoxəsrlik tarixində buna oxşar parlaq və tam qələbə olmamışdır. Artıq Qarabağı və Şərqi Zəngəzuru bərpa etmək üçün bir neçə ili əhatə edən xüsusi proqram qəbul olunmuşdur. Aeroportlar tikilir, yollar çəkilir, yeni iş yerləri açılır. Tikintinin miqyası, sürəti dünyanın aparıcı ekspertlərini belə həyəcanlandırır. 30 ildə işğal etdikləri torpaqlarımızda daşı daş üstünə qoymaq əvəzinə daş üstündə daş qoymayan ermənilər torpaqların əsl sahiblərinin onu sevə-sevə cənnətə çevirdiklərinin şahidi olurlar…

        Qələbədən hələ heç bir il keçməsə də, Azərbaycan bölgəyə yeniliklər gətirməklə bərabər bölgə əhalisi, o cümlədən Xankəndində məskunlaşan ermənilər üçün də geniş iş imkanları, fəaliyyət meydanı təklif edir. Bunu görən Azərbaycan vətəndaşı olan bəzi ermənilər bu prosesə qoşulmaq istəsə də, son günlər Ermənistanın sərgilədiyi sülh əleyhinə, quruculuq, əməkdaşlıq əleyhinə yönəldilmiş mövqe çoxlarını qorxaraq susmağa, öz fikirlərini açıq söyləməkdən çəkinməyə məcbur edir. Lakin Paşinyan və ona züy tutanlar anlamalıdırlar ki, Ermənistan xalqı Paşinyanı müharibə üçün seçmədi, sülh yaradacağına ümid etdiyi üçün seçdi. Xalqın ümidlərini doğrultmayan rəhbər gec-tez məğlubiyyətə məhkumdur. Ermənistandakı hazırkı vəziyyət hakimiyyətin məğlubiyyətinin, çarəsizliyinin açıq göstəricisidir…

Güllü Yoloğlu

tarix üzrə elmlər doktoru

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki