“Rusiya-Ukrayna müharibəsi fonunda dünyada təhlükəsizliyin son 75 ildə ən aşağı səviyyəyə düşdüyü şəraitdə, Azərbaycan dövlətinin yürütdüyü siyasət müstəsna əhəmiyyət daşıyır”.
Bunu bu gün Milli Məclisin iclasında parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib.
Z. Oruc deyib ki, təkcə son bir ayda, dövlət rəhbərinin Ukraynaya və Rusiyaya səfərləri, yalnız ölkəmizin suverenliyinin təminatı deyil, həm də hazırda dünyanın təhlükəsizliyini sarsıdan, böyük humanitar, iqtisadi və hərbi fəlakətə yol açan müharibənin baş verməməsi üçün dürüst, ləyaqətli çalışmalar kimi tarixdə qalacaq: “Yalnız Azərbaycan və Türkiyə davamlı sülh təşəbbüsləri ilə çıxış edir, bəşəriyyətin varlığını təhdid edən nüvə savaşına yol verilməməsi üçün Rusiya və Ukrayna ilə eyni masada əyləşməyə haqq qazanır. İndi xalqımız daha aydın görür ki, ikinci Qarabağ müharibəsinin ABŞ-Rusiya-Fransa-Türkiyə-İran arasında beynəlmiləl savaşa çevrilməməsi üçün Prezident İlham Əliyevin siyasi məharəti bölgəmizi məhv olmaqdan qoruyub, Qarabağı 90-cı illərdə olduğu kimi qlobal toqquşma meydanı olmaqdan xilas edib. Heç olmasa indi klavitura qəhrəmanları qələbəmizin əsil səbəblərini dərk edirlərmi?
Son bir ayda, Şuşa bəyannaməsinin ratifikasiyası, Avropa Birliyinin ölkəmizə yardımla bağlı mövqeyini dəyişərək, 2 milyard avroluq qərar çıxarması, YUNESKO-nun ölkəmizə humanitar təzyiqin alətinə çevrilməsinə qarşı Azərbaycanın israrlı mövqeyinin nəticə verməsi, Avropanın enerji üzrə yüksək çinli təmsilçilərinin Bakıya səfərləri, Azərbaycanın müdafiə nazirinin İrana gedərək bağladığı müqavilələr, NATO Baş katibinin prezidentə telefon açması hamısına bir tabloda baxdığımızda regional təhlükəsizlik üçün dövlətimizin həyata keçirdiyi yüksək siyasi-diplomatik çalışmalardır. Nəhayət, dünən Ermənistan rəhbərinin sülh müqaviləsinə hazırlığını bildirməsi bizdən sonra Rusiya-Ukrayna arasında da eyni müqavilənin bağlanacağına kövrək ümid yaradır”.