Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Hərbi Dəniz Qüvvələrinin komanda-qərargah təliminin gedişatı ilə tanış olub.
Bu barədə Modern.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin hərbi hissənin ərazisində ucaldılmış abidəsi önünə gül dəstələri qoyulub və ehtiram ifadə edilib.
Sonra HDQ-nin komandanı kontr-admiral Sübhan Bəkirov təlim barədə brifinq təqdim edib. Məruzə olunub ki, komanda qərargah təlimində Xəzər dənizinin Azərbaycana məxsus sektorunda enerji infrastrukturlarının mühafizə və müdafiəsi üzrə xəritə üzərində tapşırıqlar icra ediləcək.
Qeyd edilib ki, təlimin əsas məqsədi komandirlərin və qərargah zabitlərinin döyüşün təşkili və aparılması zamanı yaranmış müxtəlif şəraitdə çevik qərar qəbul etmə və mövcud qüvvələrin səmərəli tətbiqi üzrə praktiki vərdişlərinin təkmilləşdirilməsi, o cümlədən şəxsi heyətin bilik və bacarığının artırılmasıdır.
Təlimə cəlb olunan heyət döyüş fəaliyyətləri zamanı bölmələrin fasiləsiz və qətiyyətlə idarə edilməsi üzrə tapşırıqları icra edirlər.
HDQ-nin təlimə cəlb olunan heyətinin məruzələrini dinlədikdən sonra Müdafiə naziri təlimin gedişatı ilə bağlı müvafiq tapşırıqlar verib.
Komanda-qərargah təlimi oktyabrın 13-dək davam edəcək.