10 dekabr 2020-ci ildə Bakıda, Azadlıq Meydanında keçirilən Zəfər paradı Ordumuzun qüdrətini, Azərbaycan-Türkiyə qardaşlığını, Ermənistanın məğlubiyyətini bütün dünyaya nümayiş etdirdi. Bu parad döyüşlərdən qalib çıxmış, düşməni dəmir yumruqla əzmiş əsgərlərimizin, zabitlərimizin, gizirlərimizin qalibiyyət yürüşü idi. Bu, hər bir azərbaycanlının səbirsizliklə gözlədiyi qələbəmizin paradı idi.
Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəsinə həsr olunmuş Zəfər paradında 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdirilmişdir.Həmçinin, müharibə zamanı qənimət kimi ələ keçirilmiş Ermənistanın hərbi texnikasının bir qisminin nümayişi müharibədən sonra düşmənə vurulan növbəti zərbə oldu.
Biz Vətən müharibəsinin gedişində Azərbaycan-Türkiyə qardaşlığının daha da möhkəmləndiyinin, daha da sarsılmaz olduğunun şahidi olduq. Təsadüfi deyil ki, Zəfər paradında diqqəti çəkən əsas məqamlardan biri də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, o cümlədən rəsmi şəxslərinin iştirakı və Türkiyə hərbçilərinin nümunəvi keçidi oldu. Türkiyə hərbçilərinin paraddakı keçidi həm də düşmənə verilən növbəti mesaj oldu. Eyni zamanda bütün dünya bir daha gördü ki, Azərbaycan və Türkiyə bundan sonra da bütün məsələlərdə bir-birinin yanında olacaqlar. Cənab Prezident, Ali Baş Komandan İlham Əliyev paradda çıxışı zamanı bu qardaşlığa toxunaraq bildirmişdir: “Bu, birliyimizin, qardaşlığımızın təzahürüdür. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir. Bu gün biz birlikdə Zəfər paradında iştirak edərkən, bir daha bizim birliyimizi həm xalqlarımıza, eyni zamanda, bütün dünyaya göstəririk”.
Silah sistemlərinin keçidi zamanı nümayiş etdirilən xüsusi təyinatlı avtomobil, zirehli-tank texnikası, hava hücumundan müdafiə, artilleriya və əməliyyat taktiki raket sistemləri, pilotsuz uçuş aparatları ordumuzda aparılan modernləşmə işlərinin nümunələridir. Bu parad bir daha göstərdi ki, ordu quruculuğu prosesi Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ötən 17 ildə uğurla davam etdirilib. Bunun nəticəsində Azərbaycan Silahlı Qüvvələri bu gün regionun modern texnika ilə təchiz edilən, Vətənin müdafiəsinə daim hazır olan yüksək nizam-intizama malik bir quruma çevrilib.
Zəfər paradı Azərbaycan xalqı üçün qürur, şərəf, ləyaqət simvolu, ermənilər üçün işğal siyasətinin acı ibrət dərsi olaraq tarixləşdi. Zəfər paradı bir daha göstərdi ki, peşəkar ordusu olan xalqın müstəqilliyi əbədidir və bu ordunun gücü onun öz xalqına və dövlətinə sədaqətində, Vətən sevgisindədir.
Növbəti Zəfər paradı sevincinı isə üç il sonra – 2023-cü il noyabrın 8-də yaşadıq. Həmin gün işğaldan tam azad edilmiş Qarabağın inzibati mərkəzi olan Xankəndi şəhərində Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə əzəmətli hərbi parad keçirildi. bu parad Azərbaycanın gücünü, hərbi qüdrətini bir daha nümayiş etdirdi. Düşmən nəinki təslim oldu, həmçinin 30 il bundan əvvəl torpağımızda yaratdıqları qondarma rejimə də xitam verildi. Beləliklə, tarixi ədalət bərpa edildi.
Həcər Verdiyeva – Tarix elmləri doktoru, professor