image-qenirebackend

200 İLİN 44 GÜNÜ -Qənirə Paşayeva YAZIR

image-reklam_sirab_01

Anım Günü 27 sentyabr – Azərbaycan Şəhidlərini Anma Günü ərəfəsindəyik. Vətən Müharibəsində qəhrəmancasına döyüşmüş, müqəddəs Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Azərbaycan Prezidenti 27 sentyabrın respublikamızda Anım Günü kimi qeyd olunması ilə bağlı Sərəncam imzalamışdır.

 

Bu addım şəhid ruhlarına, şəhidlərin doğmalarına yüksək ehtiramın göstəricisidir. Dünya azərbaycanlıları 27 sentyabrda bütün dövrlərdəki şəhidlərimizi bir daha minnətdarlıqla anır. Ermənistan 27 sentyabr 2020-ci il, saat 06.00-dan başlayaraq, işğal olunmuş ərazilərimizdən növbəti hərbi təxribat törətdi, yaşayış məntəqələrimiz, döyüş mövqelərimiz şiddətli artilleriya atəşinə tutuldu. Nəticədə, hərbi qulluqçularımız, onlarla yanaşı, (ikisi uşaq olmaqla) 11 dinc sakinimiz həlak oldu. Beləliklə, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev azğınlaşmış düşmənin hərbi təxribatının qarşısını almaq, onu öz təcavüzkarlıq siyasətinə son qoymağa məcbur etmək məqsədilə bütün cəbhə boyu əks-hücum əmri verdi. Bununla da, 44 gün sürən müharibə ərzində Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızı düşmən işğa­lından azad etdi. Bu, beynəlxalq hüququn, tarixi ədalətin bərpası, faşizmin belinin qırılması idi. 30 illik işğal 44 gün içində aradan qaldırıldı. Yeri gəlmişkən, Vətən Müharibəsində iştirak edənlərə verilən yüksək qiymət digər önəmli forma və məzmunlarda da ləyaqətlə ifadə olunmaqdadır. Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı hərbi əməliyyatlarda iştirak edərək şücaət göstərmiş, vəzifə borcunu, döyüş tapşırıqlarını ləyaqətlə, vicdanla, uğurla yerinə yetirmiş hərbi qulluqçularımız ölkə Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin sərəncamları ilə müxtəlif orden və medallarla təltif olunmuşdur. “Vətən Müharibəsi Qəhrəmanı” adı, “Zəfər”, “Qarabağ”, “Vətənə xidmətə görə”, “Rəşadət”, “Azərbaycan Bayrağı” ordenləri, habelə “Vətən uğrunda”, “İgidliyə görə”, “Döyüşdə fərqlənməyə görə”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medalları Vətən Müharibəsi iştirakçılarına (və ya şəhidlərimizin ailə üzvlərinə) təqdim olunmuşdur. “Vətən Müharibəsi Qəhrəmanı” adı başda olmaqla, bu təltiflərin önəmli hissəsi yeni təsis olunmaqla, ilk dəfə təqdim edilib. Dövlətimiz hər bir qazi və şəhid ailəsinin yanındadır. Ölkəmizdə “YAŞAT” Fondu, habelə icra hakimiyyətlərində müvafiq şöbələr yaradılmışdır. Haqq, ədalət və zərurət Gəlin 30 illik işğal da daxil olmaqla, yaxın-uzaq tarixə qısa səyahət edək: Xarici havadarları tərəfindən silahlandırılan və hər cür siyasi-hərbi dəstəklə haqsızca müdafiə olunan ermənilər Azərbaycan ərazisinin 20%-ni işğal etmişdi. İşğal zamanı yaşayış məntəqələri dağıdılmış, dinc əhali amansızcasına qətlə yetirilmişdi. Qaradağlı, Başlıbel, Ağdaban, Bağanis-Ayrım kəndlərində törədilmiş vəhşiliklər erməni faşizminin əsl simasını göstərir. Bu qətliamlar fərqli vaxtlarda (1990, 1992, 1993), fərqli coğrafiyalarda edilib (Xocavənd, Kəlbəcər, Qazax). Yəni erməni xisləti məkan və zaman tanımadan hər yerdə hər zaman öz bədxahlığını, öz əqrəb­sancmasını göstərmişdir. Dinc azərbaycanlılara qarşı törədilən qətliamlar içərisində Xocalı Soyqırımı xüsusi amansızlığı, qəddarlığı ilə seçilir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələri 366-cı motoatıcı alayın dəstəyi ilə 7 min əhalisi olan Xocalı şəhərində soyqırımı həyata keçirdi. Xocalı soyqırımı zamanı 613 nəfər, o cümlədən 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü, 8 ailənin bütün üzvləri öldürüldü, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirdi, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. Soyqırımı baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü və onlardan 150-sinin taleyi bu gün də bəlli deyil. Xocalı Soyqırımı öz ağlasığmaz qəddarlığı, qeyri-insani cəza üsulları ilə yalnız Azərbaycan xalqına qarşı yönəldilməyib, ümumən insanlığa qarşı törədilmiş insanlıq dramıdır. Vaxtı ilə işlədilmiş rəsmi istilahla desək, “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi”nin nizamlanması üçün 24 mart 1992-ci ildə təsis olunmuş ATƏT -in (keçmiş ATƏM) Minsk Qrupu öz fəaliyyəti (daha doğrusu, fəaliyyətsizliyi) ərzində məsələnin həllinə yox, daha artıq dərəcədə dondurulmasına (yaxud Azərbaycanın əleyhinə yekunlaşmasına) çalışmış və bununla da üzücü illər içində aparılan danışıqlar sonucsuz qalmışdır. İşğalçı Ermənistanla işğala məruz qalmış Azərbaycana eyni münasibət bəslənilmiş, beynəlxalq qətnamələr, ədalətli sülh çağırışları kağız üzərində qalmışdır. Məsuliyyətli ölkə olaraq Azərbaycan həmişə (necə deyərlər, birtərəfli qaydada) beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirmiş və münaqişənin danışıqlar vasitəsilə həllinə çalışmışdır. BMT də işğalçı Ermənistana təzyiq göstərməkdə acizlik nümayiş etdirmiş, tərəfləri sülhə çağıran bəyanatlarla yetinmişdir. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən (822, 853, 874, 884 saylı) 4 qətnaməsi 27 il kağız üzərində qalmış və icra olunmamışdır. Bütün bu illər ərzində Ermənistan işğalçı siyasətini davam etdirmiş, ərazilərimizdə hərbi, ekoloji, iqtisadi, psixoloji və s. təxribatlar törətmiş, təmas xətti boyunca yaşayan dinc əhalimizə atəş açmış, onların rahat yaşamasına imkan verməmişdir. Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsi azərbaycanlıları doğma yurd-yuvalarından didərgin salmaqla yanaşı, ölkəmizin mədəni irsinə, iqtisadiyyatımıza da ağır zərbə vurmuşdur. Bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkün həyatına mübtəla edilmişdir. Ermənistan bu müddət ərzində işğal altında saxladığı Azərbaycan ərazilərini acınacaqlı duruma salmış, şəhər və kəndlərimizi, abidələrimizi, hətta qəbristanlıqlarımızı dağıtmış, infrastrukturu məhv etmiş, ölkəmizə mənəvi itkilərlə yanaşı, milyardlarla dollar dəyərində maddi ziyan vurmuşdur. Qeyd etdiyimiz kimi, Ermənistan işğal zamanı mülki və təsərrüfat obyektlərimizlə yanaşı, Azərbaycanın misilsiz mədəniyyət abidələrimizi də məhv edilmişdir.

Ermənistan tərəfindən işğal edilmiş qədim Azərbaycan torpaqlarında 13 dünya əhəmiyyətli (6 memarlıq və 7 arxeoloji), 292 ölkə əhəmiyyətli (119 memarlıq və 173 arxeoloji) və 330 yerli əhəmiyyətli (270 memarlıq, 22 arxeoloji, 23 bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi) tarix və mədəniyyət abidələri olmuşdur. Bununla yanaşı, 40 mindən artıq eksponatın toplandığı 22 muzey, 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 klub, 4 teatr və 2 konsert salonu, 31 məscid, 9 tarixi saray, 8 mədəniyyət və istirahət parkı, 4 rəsm qalereyası, 85 musiqi məktəbi, 5640 musiqi aləti, 5920 dəst milli kişi və qadın geyimi və s. işğal dövründə erməni vandalizmindən “nəsibini” almışdır…

 

2016-cı il aprel ayında Lələtəpə, 2018-ci il may ayında Günnüt və 2020-ci il iyul ayında Tovuz döyüşləri zamanı Azərbaycan işğalla barışmayacağını nümayiş etdirmişdir; lakin Ermənistan bu döyüşlərdən və döyüşlərin nəticəsindən də düzgün nəticə çıxarmamış, Azərbaycana qarşı diversiyaları davam etdirmiş, erməni siyasət­çiləri aşağılayacı və təxribatçı bəyanatlar verməyə davam etmişdir. 200 il öncələrdən başlayan proses Ermənilərin xalqımıza qarşı düşmənçilik siyasətinin yaşı 30, hətta 102 il öncədən başlamayıb, bu siyasətin ən azı 200 illik tarixi var. – Çar Rusiyası zamanı əzəli Azərbaycan torpağı Qarabağa köçürüldükləri vaxtdan başlayaraq ermənilər “bütün yaxşılıqlara ölüm” şüarı ilə silahlanıb, onlara yurd-yuva tanıyan, xeyirxahlıq edən xalqa gizli-açıq qsədlər etməyə başladılar. Bizim torpaqlarda məskunlaşdıqları ilk gündən ermənilər Azərbaycan toponimlərini dəyişməyə başladı, münbit əraziləri ələ keçirməyə çalışdı, çoxluq təşkil etdikləri yaşayış məntəqələrində azərbaycanlıları sıxışdırdılar. Rusiyada baş vermiş inqilablarının yaratdığı ortamdan sui-istifadə edən erməni qəsbkarları 1905-1907-ci və 1918-ci illərdə yüz minlərlə soydaşımızı vəhşicəsinə öldürdü. 1918-1920-ci illər isə xalqımızın yaddaşında erməni silahlı quldur dəstələrinin xüsusi qəddarlığı ilə yadda qaldı. Həmin illərdə Bakıda, Şamaxıda, Göyçayda Muğanda, Lənkəranda, Qarabağda, Gəncədə, Qubada, Naxçıvanda, İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə… on minlərlə dinc azərbaycanlı əhali soyqırımına məruz qaldı, yaşadıqları yerlərdən qovuldu. Onlara işgəncələr verildi, yüzlərlə yaşayış məntəqəsi dağıdılaraq, yerlə yeksan edildi. Azərbaycanlıların öz dədə-baba torpaqlarından qovulması Sovet dövründə də davam etdi. 1948-1953-cü illərdə Ermənistandakı tarixi-etnik torpaqlarından 150 min azərbaycanlı deportasiya olunaraq, Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirildi. 1988-ci ildə daha 250 min azərbaycanlı öz doğma yurdundan qovuldu, bununla da Ermənistan monoetnik dövlətə çevrilmiş oldu. 1988-ci ildə başlayan Qarabağ hadisələri, erməni ideoloqlarının “dənizdən dənizə Ermənistan” sərsəm ideyasını gerçəkləşdirmək cəhdi yaşayış məntəqələrinin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi. Çox təəssüflər ki, ermənilərin tarixi ərazilərimizdə həyata keçirdiyi soyqırım aktlarına vaxtlı-vaxtında qiymət vermək mümkün olmayıb yaxud belə qiymət verməkçün siyasi iradə olmayıb. Belə bir siyasi-hüquqi qiymət ilk dəfə Ümummilli Lider Heydər Əliyev tərəfindən verildi. Ulu Öndərin 26 mart 1998-ci ildə imzaladığı Fərmanla 31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü elan edildi. Bəli, keçmiş keçmişdi, o gələcək deyildir. Hələ-hələ bədnam keçmişsə gələcək olmasın zatən. Ermənilər Qafqaza gəldi-gələli hüzursuzluq gətirdilər bu torpaqlara. (Bu cümləni “ermənilər Qafqaza gətirildi-gətiriləli…” şəklində də demək olar, o zaman gətirənlərin də hüzursuzluqda tarixi məsuliyyəti vardır, əlbəttə)… O gün… Və nəhayət o gün gəldi. İşğal zülməti bitdi, azadlıq Günəşi doğdu. XXI yüzillikdə zülməti, faşizmi, terroru, separatzimi, vandalizmi… təmsil edən ermənilər hələ bir də özlərini mədəni xalq, qədim xalq, ari xalq, qəhrəman xalq adlandıracaq qədər arsızlıqdan da əl çəkə bilmir… Ancaq vəhşi qəbilə, qorxaq və namərd yığnağı olduqlarını görməkçün işğalda saxladıqları viran torpaqlara, ölülərin sümüklərini belə çıxartdıqları qəbristanlıqlara və müharibə meydanından qaçışlarına… baxmaq tam yetərli oldu. Biz necə qalib gəldik? Qalibiyyət bizim xalqın fitrətindədir. Xalqımız öz adına layiq qəhrəman Orduya malikdir. Ölkənin hərbi qüdrətini artıran ən əsas amillərdən biri xalqımızın vətəncanlılığısa, bununla eynigüclü başqa bir amil uğurlu ordu quruculuğudur. Ulu öndər Heydər Əliyevin titanik xidmətləri ilə formalaşan, inkişaf yoluna çıxan Azərbaycan Silahlı Qüvvələri, bu gün Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin başçılığı ilə öz şanlı-şərəfli mandat-missiyasını uğurla davam etdirir. Məhz bu uğurlu siyasət nəticəsində Azərbaycan Ordusu Güney Qafqazın şəksiz ən güclüsü, regionun, ümumən dünyanın ən güclü ordularından biridir. Ordumuzun çağdaş texnika ilə təchizatı, ardıcıl keçirilmiş təlimlər, ordunun döyüş potensialının gücləndirilməsi, yerli hərbi sənayenin yaradılması və idxaldan asılılığın müəyyən dərəcədə azaldılması – bütün bunlar məqsədyönlü siyasətin tərkib hissəsidir. İlham Əliyevin dövlət başçısı olduğu 17 il içində ölkəmizin müdafiə sisteminin möhkəmləndirilməsi, Silahlı Qüvvələrimizdə aparılan islahatlar, bunun sonucu olaraq baş verən keyfiyyət dəyişiklikləri danılmazdır. O da danılmazdır ki, ölkəmizdəki milli həmrəylik, təsirli hərbi-siyasi strategiya və əlbəttə, Ordumuzun gücü düşmənin ağır məğlubiyyətini qacınılmaz etmişdir. Bəli, 44 günlük Vətən Müharibəsi Ermənistanın işğalçılıq siyasətinə son qoydu, düşmənə unutmayacağı tarixi dərs oldu, görk oldu. Qəhrəman hərbçilərimizin misilsiz rəşadəti hesabına, cənnətməkan şəhidlərimizin müqəddəs qanı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Müharibənin gedişində də çox fərqli dairələrdən gələn ardıcıl təzyiqlər, təhdidlər Azərbaycanı öz haqq yolundan döndərə bilmədi. Azərbaycanın Zəfəri 200 illik bir antiazərbaycan gedişatını, torpaqlarımızın özgələşdirilməsi, ərazimizin kiçilməsini durdurdu. Hərb tarixində yeni döyüş taktikalarının müəllifi – Azərbaycan Ordusu Azərbaycan Ordusunun hərbi taktikası ABŞ-ın 1946-cı ildə (II Dünya Müharibəsindən həmən sonra) qurulmuş Milli Müharibə Kollecinin (National War College) və 1856-cı ildə qurulmuş Seton Hall Universitetinin (Seton Hall University) Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbinin analitik nəşrlərində öyrənilərkən belə qənaətə gəlinib ki, bizim qarşımızda hətta dünyanın aparıcı ölkəsi olsaydı belə onun da heç bir şansı olmayacaqdı. – bu, Qərbin bəzi aparıcı media orqanlarının da qənaətidir. Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir. 44 günlük müharibə zamanı istifadə edilən döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur və artıq ali hərbi məktəb dərsliklərinə salınır, öyrənilir. ABŞ Hərbi Akademiyası və Pentaqon rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd edir. Heç şübhəsiz, ordumuzun döyüş hazırlığını, manevr təcrübəsini artırılmasında Türkiyə ilə müxtəlif dövrlərdə keçirilmiş birgə hərbi təlimlərin özünəməxsus yeri olub. Birgə hərbi təlimlər sayəsində Azərbaycan Ordusunun təcrübəsi və taktik manevr etmə səriştəsi əsaslı şəkildə artmışdır. Bütün bu deyilənlər hərbi quruculuq işinin cənab Prezidentin dövlət siyasətinin strateji prioritetlərindən biri olduğunu bir daha əyani şəkildə göstərməkdədir. Məsuliyyətsiz Ermənistanın məsuliyyəti Azərbaycan 30 illik işğalı 44 gün içində aradan qaldırdı. Azərbaycan postmüharibə dövründə də öz ləyaqəti ilə seçilir. Ermənistan nə müharibə, nə postmüharibə dövründə öz məsuliyyətini anlamır. Ancaq Ermənistan hərbi-siyasi rəhbərliyi bilməli, anlamalıdır ki, törətdikləri bütün cinayətlərə görə beynəlxalq müstəvidə cavab verəcəklər. Bu işin geci-tezi var, ancaq olmamaq variantı yoxdur. Ermənistanın cəzalandırılması yalnız bizim üçün deyil, bütün tərəqqipərər bəşəriyyət üçün vacibdir. Hər kəs anlamalıdır ki, bir müharibə cinayəti törətmiş dövlət cəzalanmasa, bu, həmin dövlətin özü və oxşarlarını yeni cinəyaətlərə sövq edəcək. Belə bir sövqetmə yeni qan-qadalar, yeni dağıntılar, yeni cinayətlər deməkdir. Hər şey bir yana, Ermənistanın yalnız 44 günlük müharibə ərzində törətdiyi təxribatlara görə cavab verməsi, bu uğursuz dövlətin tam iflasını şərtləndirəcəkdir. Belə ki Azərbaycanın şəhərləri – dinc mülki şəxslər hədəfə alınmaqla ballistik raketlərlə, fosforlu, kasetli bombalarla atəşə tutulmuşdur. Müharibə dövründə belə atəşlərlə yüzə yaxın mülki şəxs, o cümlədən körpələr, uşaqlar, qadınlar, qocalar həlak olmuşdur. 400-dən çox mülki şəxs yaralanmış, 5 mindən çox ev dağıdılmış, zədələnmişdir. Özəlliklə, döyüş meydanından uzaqlardakı Bərdə, Gəncə, Goranboy, Naftalan, Mingəçevir, Yevlax, Qəbələ və b. rayonlara raket zərbələri endirilməsinin izahı ola bilməz və açıq müharibə cinayətidir. Bütün bunlar azmış kimi, postmüharibə dövründə belə, Ermənistan iki Üçtərəfli Bəyanatın müddəalarına zidd olaraq, Azərbaycan ərazisinə silahlı dəstələr göndərmiş, ərazilərimizdə minalar basdırmış, daha öncə basdırlmış minaların yerini (xəritəsini) verməkdən imtina etmiş, verdiyi xəritələrsə cəmi 25 faiz doğru çıxmışdır. Bunlar rəsmi İrəvanın hərbi cinayətkar olmasının növbəti sübutudur. Sübutdan çox sübut var, yetər ki, beynəlxalq ictimaiyyət ikilistandartlardan əl çəksin… Azərbaycan dövlətinin öz haqlı mövqeyində prinsipiallığı, dövlət başçımızın qətiyyəti, siyasi iradəsi, dövlət-xalq birliyi, zəfəriimizin yaratdığı yeni reallıqlar beynəlxalq məhkəmələr müstəvisində də zəfərimizi təmin edəcəkdir. DÖVLƏTİMİZ VAR OLSUN!

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image