image-photo-2021-10-20-15-53-50backend

27 ilin əsiri – Qubadlı

image-reklam_sirab_01

27 ildir ki,Azərbaycan tarixi qan ağlayırdı.Xalqımızın ürəyi acıyla döyünür , torpaq həsrəti ilə sızıldayırdı. Çünki  torpaqlarımız düşmən  tapdağı altında idi. Xalqımız Xankəndi, Şuşa , Laçın , Xocavənd , Kəlbəcər , Ağdərə , Ağdam , Cəbrayıl , Füzuli, Qubadlı ,Zəngilan kimi cənnət guşələrimizin işğaldan azad olunacağı günü səbirsizliklə gözləyirdi. Nəhayət  illərdir arzusunda olduğumuz o günlər gəldi! Ali Baş Komandanımiz, Azərbaycan Respublikasının Prezidenti ,cənab İlham Əliyevin məqsədyönlü siyasəti ,  Şanlı Ordumuzun şücaəti, Azərbaycanımızın qəhraman oğulları  sayəsində həsrətində olduğumuz doğma torpaqlarımızda bayrağımız dalğalandı.
Uzun illərdir mənfur düşmənin istismarında olan gözəl guşələrimizdən biri Qubadlı şəhəri və Qubadlı rayonudur.1930-cu ildə təşkil olunmuş Qubadlı bölgəsi tarixən Zəngəzur mahalının (qəzasının) tərkibində olmaqla qədim tarixi –etnoqrafik bölgələrdən biridir.
Qubadlı rayonunun təbiəti olduqca gözəldir. 1969-cu ildə burada dövlət yasaqlığı yaradılmıdır. Rayonda 13.2 min hektar meşə sahısi vardır. Palıd bu meşələrin arxası, vələs dövləti, alma, armud, fındıq, əzgil, zoğal, yemişan…sərvəti, dağ çayları, şəlalələr, buz bulaqlar şöhrəti, qara gözlü əliklər, xınalı kəkliklər, qırqovullar, turaclar, göyərçinlər… gözəlliyi idi. Rayonun bir hissəsi aran olsa da, əsas hissəsi dağlıqdır. Dağlıq yerlər meşə örtüyünə bürünmüşdür. Rayonun Hərtiz və Səngər dağlarındakı şəfalı bulaqları can dərmanıdır. Qubadlılar heyvandarlıqla, tütünçülüklə və taxılçılıqla məşğul olurdular. Şəhərdə 62 idarə və müəssisə fəaliyyət göstərirdi. Burada asfalt zavodu, inkubator-quşçuluq fabriki, daş karxanası, texniki-təchizat idarəsi, tikiş fabriki və başqa istehsal xarakterli müəssisələr də var idi. Qubadlı rayonunda 21 orta, 26 səkkizillik, 15 ibtidai məktəb, bir əyaniqiyabi orta məktəb var idi. Qubadlı torpağının tarixi uludur. Lakin onun adı bir mənbəyə (“Coğrafi adlar”, Azərnəşr, 1982) əsasən dörd əsr bundan əvvəl yaranmışdır: “Qubadlı XVI əsrin sonunda Azərbaycana köçmüş səlcuq türklərinə mənsub Qubad nəslinin adını daşıyır”.Vətənin hər yerində olduğu kimi, Qubadlı torpağına da səpələnmiş daş yaddaşları – abidələr uzaq-uzaq keçmişlərdən xəbər verir. Görünür, ulu babalar bu abidələri daha etibarlı tarix hesab etmişlər. Gavur dərəsindəki mağara ibadətgah IV, Muradxanlı kəndindəki Qalalı, Əliquluşağı kəndindəki Göy qala abidələri V, Yazı düzündəki Cavanşir türbəsi, Dəmirçilər kəndindəki iki türbə XIV, Gürcülü kəndindəki türbə XVII, Xocamsaxlı kəndindəki türbə XVIII yüzilliklərdən xəbər verir.
20-ci əsrdə Qubadlı dəfələrlə erməni işğalçı qüvvələrinin hücumlarına məruz qalmışdır (1905-1906,  1918-1920-ci illər).1905-ci ildə çar Rusiyasında baş qaldıran inqilabi hərəkat və kütləvi iğtişaşlar ermənilərə fürsət vermişdi ki, öz çirkin niyyətlərini Zəngəzurda (Qubadlı bölgəsində) də həyata keçirsinlər. 1905-1906-cı illərdə törədilən qırğınların əsl mahiyyəti təhrif edilsə də, bu əsərlər faktiki materiallar baxımından mühüm əhəmiyyət kəsb edir.Ermənilərin 1917-ci ildən başlayan kütləvi vəhşilikləri və terror aktları Qubadlı rayonuna aid olan kəndləri də öz ağuşuna aldı. Ermənilər təkcə 1917-ci il və 1918-ci ilin əvvəllərində Zəngəzurda 109 kəndi dağıtmışlar. AXC dövründə yaradılmış Fövqəladə Təhqiqat Komissiyasının üzvü N. Mixaylovun 1918-ci ildə hazırladığı məruzədə ermənilər tərəfindən Zəngəzur qəzasında dağıdılmış və məhv edilmiş 115 kəndin adı göstərilmişdi ki, onların bir çoxu (Xələc, Xocahan, Tatarkənd, Fərcan) Qubadlı bölgəsinə aid idi. Bu dövrdə bütövlükdə Zəngəzurla birlikdə Qubadlının kəndləri yandırılmış, dinc əhaliyə divan tutmuşdur. Bununla bеlə bütün çətinliklərə və əzab-əziyyətlərə baхmayaraq hər dəfə işğalçı еrməni qoşunları torpaqlarımızdan qovulmuş, yaşayış məntəqələri və müvafiq infrastruktur bərpa еdilmişdir. 1931-ci il noyabr ayının 24-də Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə Qubadlı rayonu Zəngilan rayonu ilə birləşdirilmiş, 1933-cü il mart ayının 14-də ayrılaraq müstəqil rayon olmuşdur. 1988-ci ildən başlayaraq Еrmənistanla (120 km) və Dağlıq Qarabağla (45 km) sərhəddə yеrləşən Qubadlı rayonuna hər iki tərəfdən təcavüzkar hücumlar başlanmış, dinc əhaliyə qarşı tеrror törədilməsi sistеmli şəkildə davam еtdirilmişdir.
1993-cü ilin avqustun 31-də isə rayon ermənilər tərəfindən tamamilə işğal olunmuşdur.
Müharibə nəticəsində rayondan 40 nəfəri qadın, 4 nəfəri uşaq, 53 nəfəri isə 60 yaşdan yuxarı qoca olmaqla 238 nəfər şəhid olmuşdur. Onlardan 8 nəfəri ölümündən sonra Azərbaycan Respublikasının Milli Qərhrəmanı adına layiq görülmüşdür. Şəhidlərdən 117 nəfəri mülki əhalidəndir. O cümlədən mülki şəhidlərin 40 nəfəri qadın, 4 nəfəri uşaq, 53 nəfəri qoca, ahıl yaşlı insanlardır.66 ailənin başçısı şəhid olub.204 nəfər hərbiçi, 69 nəfər mülki şəxs əlil olmuşdur. Əlillərdən 12 nəfəri uşaqdır.
Bu gün, şükürlər olsun ki , Azərbaycan Silahlı Qüvvələri şanlı tarix yazdı. Bir çox rayon ,şəhər ,kəndlərimiz daxil olmaqla, 25 oktyabr 2020-ci il tarixində Qubadlı rayonu və şəhəri düşmən işğalından azad olundu. Öldürülən ,əsir götürülən insanların, uzun illərdir həsrət acısından gözləri qan ağlayan məcburi köçkünlərin və bütövlükdə , qəhrəman Azərbaycan xalqının qisası alındı. Hər bir yeni qələbənin əldə edilməsi əsgərlərimizin qəhrəmanlığı , şücaəti , cəsarəti , igidliyi və mətanəti sayəsində mümkün olur. Torpaqlarımız uğrunda döyüşən igidlərimiz dinc sakinlərə , qadınlara ,körpə uşaqlara qarşı terror aktı törədən erməni cəlladlarından fərqli olaraq,öz canı, qanı hesabına ,müharibə qanunlarına uyğun olaraq, vuruşub , torpaqlarını erməni qesbkarlarından təmizləyib, yeri gəldikdə, qorxmadan , çəkinmədən Vətən uğrunda şəhid oldular. Çünki « Uğrunda ölən varsa, vətən var!» stimulu onlara cəsarət,güc və inam verib.
2020-ci il noyabrın 26-da “ Qubadlının azad olunmasına görə” medalı təsis edildi. Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15189 hərbi qulluqçusu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir.

Bu gün vaxtilə işğal edilmiş torpaqlarda Azərbaycan Bayrağı dalğalanır. Biz öz istəyimizə nail olduq. Biz Qələbə qazanmışıq, düşməni torpaqlarımızdan qovmuşuq. Amma heç kim təminat verə bilməz ki, bir neçə ildən sonra erməni faşizmi yenə baş qaldırmasın. Ona görə Azərbaycan dövləti həmişə güclü olmalıdır. Azərbaycan dövlətinin həmişə güclü ordusu olmalıdır. Biz gücümüzü bilirik. Dünya da bizim gücümüzü bilir.Bu gün Azərbaycan güclü ölkədir və tarixdə heç vaxt indiki qədər güclü olmamışdır. Azərbaycan tarixdə heç vaxt belə parlaq Zəfər əldə etməmişdir, tarixdə heç vaxt indiki qədər güclü olmamışdır. Bizim gücümüz birliyimizdədir. Biz birlik nümayiş etdirmişik, əzmkarlıq nümayiş etdirmişik, qəhrəmanlıq nümayiş etdirmişik və bunun nəticəsində dəmir yumruqla düşmənin başını əzib öz doğma torpaqlarımızı azad etmişik. Qarabağ Azərbaycandır! Yaşasın Azərbaycan əsgəri! Yaşasın Azərbaycan!”.

 

Bakı Slavyan Universiteti
Musayeva Aydan


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki