image-eldar-mirzeliyevbackend

Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi dövlət müstəqilliyimiz əbədi olacaq.

image-reklam_sirab_01

1918-ci ildə Azərbaycan xalqı öz müstəqilliyinə nail olaraq tarixi hadisəyə imza atdı. İlk dəfə olaraq müsəlman aləmində demokratik, hüquqi dövlət yarandı. Xalq cümhuriyyəti Azərbaycanın müstəqilliyinin, dövlətçiliyinin əsaslarını qurdu, Azərbaycan dövlətinin, hökumətinin təsisatlarını yaratdı. Qısa müddət ərzində dövlət bayrağı, Azərbaycan vətəndaşlığı təsis edildi, milli ordu yaradıldı və Qafqaz İslam Ordusu ilə birlikdə Bakı işğalçılardan azad edildi. Bakı Dövlət Universiteti yaradıldı. Qəbul olunan 200-dən çox qanun arasında qadınlara səsvermə hüququ verən qanunun olması ilə Şərq aləmində növbəti bir ilkə də imza atdı.
Təəssüf ki, 1918-ci ildə qaldırılmış bayraq 1920-ci ildə endirildi və Azərbaycan Xalq Cümhuriyyəti hərbi təcavüz nəticəsində süqut etdi. Azərbaycan Xalq Cümhuriyyətinin ömrü 23 ay olsa da, bu gün müstəqil Azərbaycanda xalq cümhuriyyətini yaradanlar, təşkil edənlər – Məmməd Əmin Rəsulzadə, Fətəli Xan Xoyski, Əlimərdan bəy Topçubaşov, Nəsib bəy Yusifbəyli, xalq cümhuriyyəti hökumətinin bütün üzvləri böyük minnətdarlıq hissi ilə xatırlanır.
İllər sonra 1991-ci ildə Sovet İttifaqının dağılması nəticəsində digər ittifaq respublikaları ilə birlikdə Azərbaycan da öz müstəqilliyinə qovuşdu və ikinci şans əldə etdi. Lakin ölkədə gedən xoşagəlməz proseslər, xaos və səriştəsiz idarəetmə nəticəsində ölkəmiz öz sələfinin aqibətini yaşamaq təhlükəsi ilə qarşılaşdı. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi alovlandı və torpaqlarımız işğal altına düşdü. Bu vəziyyətdən çıxış yolunu ümummilli lider Heydər Əliyevdə görən xalq, onu təkidlə hakimiyyətə gətirdi. Bununla da Azərbaycanda sabitlik təmin edildi və Azərbaycan əsl müstəqillik yoluna qədəm qoydu.
İllər sonra ilk dəfə olaraq üçrəngli Azərbaycan bayrağını Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında rəsmi dövlət bayrağı kimi qaldırmış və təsis etmiş ulu öndər Heydər Əliyev bugünkü müasir Azərbaycan Respublikasını Azərbaycan Xalq Cümhuriyyətinin varisi adlandırmışdı. Bununla da o, öz xalqına, öz dövlətinə, xalqının və dövlətinin gələcəyinə nə qədər bağlı olduğunu, nə qədər böyük önəm verdiyini göstərmişdi.
1993-cü ilə qədər müstəqil siyasət apara bilməyən Azərbaycan ulu öndər Heydər Əliyevin dönüşü ilə həm siyasi, həm iqtisadi, həm də digər sahələrdə uğurlar qazanmağa başladı. Azərbaycanın strateji inkişaf istiqamətləri müəyyən edildi. Bu gün Azərbaycan bu strateji inkişaf istiqamətlərini cənab İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirir. Bu gün Azərbaycan yüksək nüfuza malikdir və beynəlxalq gündəlikdəki mühüm məsələlərin həllində fəal rol oynayır. Beynəlxalq layihələrdə yaxından iştirak edir və strateji tərəfdaşdır.
İkinci Qarabağ müharibəsində şanlı zəfər qazanan Azərbaycan regionda və dünyada yeni reallıq yaratmaqla öz status və rolunu daha da artırdı.
Hazırda qarşımızda bir çox mühüm vəzifələr dayanır. Ən önəmlisi işğaldan azad edilmiş ərazilərin bərpa edilməsi və “Böyük Qayıdış” prosesini başlamaqdır. Artıq bu işlərə start verilib və cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla başa çatdıracağımıza əminəm.
Bu gün Azərbaycan öz müstəqil siyasətini aparır və öz seçimini edə bilir. Azərbaycan xalqının taleyi öz əlindədir. Müstəqilliyimizin qorunması və möhkəmlənməsi hər zaman olduğu kimi ən vacib məsələlələrimizdəndir.
. Azərbaycanın dövlət müstəqilliyi əbədidir və Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi müstəqillik yolunda inkişafı davamlı, uğurlu olacaq.

Suraxanı rayonu Qaraçuxur Bələdiyyəsinin üzvü,
Hüquq Məsələləri Daimi Komissiyasının sədri
Eldar Mirzəliyev

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki