image-6ef40f62-27e0-46c5-a582-8abfb2aa4c39backend

44 günlük Vətən Müharibəsində İlk azad olunmuş rayonumuz – Cəbrayıl

image-reklam_sirab_01

 

 

Cəbrayıl Kiçik Qafqaz dağlarının cənub-şərqində, Qarabağ silsiləsində yerləşir. Rayon cənubdan Araz çayı boyu İran İslam Respublikası ilə həmsərhəddir. Cəbrayıl rayonunun ərazisi sement, mərmər, mişar daşı və digər qiymətli tikinti materialları ilə zəngindir. Dəmir filizi, hətta neft yataqlarının olduğu da məlumdur.

Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. İşğal zamanı Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarət idi.

Cəbrayıl rayonu tarixi abidələrlə olduqca zəngindir. Dağtumas kəndi yaxınlığında yerləşən “Divlər Sarayı” mağarası, Qalacıq kəndindəki “Məscid Təpəsi”, “Canqulu” və “Qumtəpə” kurqanları, Diri dağındakı Mazannənə, Mərmər nənə məqbərələri kimi arxeoloji, Doğtumas kəndindəki “Başıkəsik Gümbəz”, Sirik kəndindəki “Qala”, Diri dağındakı “Qız qalası”, Xudafərin körpüləri, Çələbilər kəndindəki Məscid kompleksi, rayon mərkəzindəki “Sultan Məcid hamamı”, Şıxlar kəndindəki “Dairəvi Türbə”, Xubyarlı kəndindəki “Dairəvi” 8 guşəli türbə və məqbərələr, türk qəbiristanlığındakı türbə və məqbərələrin hər biri işğal zamanı məhv edilmiş və ya dağıntıya məruz qalmışdır.

İşğalçı Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlayan, 44 gün davam edən və Azərbaycanın tam Qələbəsi ilə nəticələnən Vətən müharibəsi nəticəsində 30 illik yurd həsrətimizə son qoyuldu.

İkinci Qarabağ müharibəsində əsgərlərimiz qarış-qarış torpaqlarımızı azad edir və azad edilən hər bir ərazi əsgər və zabitlərimizdə ruh yüksəkliyi yaradırdı. Bu baxımdan 4 oktyabr 2020-ci ildə Cəbrayıl rayonunun işğaldan azad edilməsi müharibənin gedişatında dönüş nöqtəsi yaradan əməliyyatlardan biridir.Çünki, müharibənin başlamasından bir həftə keçməmiş Cəbrayıl rayonunun azad edilməsi ordumuzda zəfərə olan inamı daha da artırmışdı. Üstəlik, Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqmətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı. Vətən müharibəsində zəfər qazanmağımızda böyük rolu olan amillərdən biri də əsgər və zabitlərimizin peşəkarlığı, yüksək mənəvi keyfiyyətləri, cəsurluğu, vətənpərvərliyi, qələbəyə inamı, şəxsi rəşadətləri, döyüş əhvali-ruhiyyələri idi.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın 2021-ci il noyabrın 16-da  işğaldan azad edilmiş Cəbrayıl rayonuna səfərinin Milli Dirçəliş Günü ərəfəsində baş tutması həm siyasi, həm də tarixi aspektdən böyük önəm kəsb edir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev işğaldan yenicə azad edilmiş, təhlükəsizliyi hələ tam təmin olunmamış, minalardan tam təmizlənməmiş rayonlara səfər etməklə bir daha xüsusi cəsarət və liderlik nümayiş etdirdi. Cəbrayıl rayonu ərazisində yerləşən qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu körpüdə Azərbaycan bayrağını ucaltmasının böyük tarixi və siyasi əhəmiyyəti vardır.

Cəbrayıl rayonunun işğaldan azad edilməsində şəxsi igidlik və şücaət göstərmiş igidlərimizi unutmayan Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sərəncamı ilə 2020-ci il noyabrın 26-da “Cəbrayılın azad olunmasına görə” medalı təsis edilmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 22744 hərbi qulluqçusu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmişdir.

24 mart 1992-ci ildə təsis olunmuş ATƏT-in Minsk Qrupu fəaliyyətinin 29 ili ərzində məsələni həll edə bilməmiş və bununla da illər ərzində aparılan danışıqlar nəticəsiz qalmışdır. Həm işğalçıya, həm də işğala məruz qalmış tərəfə eyni münasibət bəslənilmiş və beynəlxalq qətnamələr kağız üzərində qalmışdır. Məsuliyyətli ölkə olaraq Azərbaycan daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirmiş və münaqişənin danışıqlar vasitəsilə həllinə çalışmışdır. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il kağız üzərində qalmış və icra olunmamışdı.

44 gün davam edən Vətən müharibəsinin nəticəsi olaraq, Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etmiş oldu. Bu gün Azərbaycan Ordusu sadəcə ölkəmizdə deyil, artıq həm də bütün Cənubi Qafqazda sülhün əsas təminatçısı kimi çıxış edir.

 

Aysel Mənsimova – politoloq

 

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki