image-2backend

8 Noyabr – Zəfər Günü Strasburqda sevinc və coşqu ilə qeyd olunub

image-reklam_sirab_01

Vətən müharibəsində tarixi qələbəmizin birinci ildönümü münasibətilə Strasburqda “8 Noyabr – Zərər Günü” tədbiri keçirilib.

“Report”un Fransa bürosu xəbər verir ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə ölkəmizin Avropa Şurası yanında Daimi Nümayəndəliyinin təşkil etdiyi musiqili ziyafətdə Azərbaycanın xalqının misilsiz zəfəri böyük sevinc və coşqu ilə qeyd edilib.

Azərbaycan və türk icması nümayəndələri, habelə yerli ictimaiyyətin təmsilçilərinin qatıldığı tədbirdə ilk əvvəl Azərbaycan Respublikasının dövlət himni səslənib və dərhal sonra Vətən müharibəsində Azərbaycan xalqının zəfəri naminə qanı və canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbir iştirakçıları qarşısında çıxış edən Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov 30 ilə yaxın bir dövr ərzində üzləşdiyi haqsızlıq və qatlaşdığı iztirabların Azərbaycan millətinin iradəsini sındıra və onun işğal olunmuş torpaqlarımıza, Qarabağa, Şuşaya dönmək arzusunu və inamını heç zaman əlindən ala bilmədiyini xatırladıb.

O, 2020-ci il 27 sentyabrda başlayan 44 günlük Vətən müharibəsinin Azərbaycan xalqı üçün bir ölüm-dirim mübarizəsi olduğunu vurğulayıb və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi, rəşadətli Azərbaycan ordusunun qəhrəmanlığı, şəhidlərimizin qanı və canı, xalqımızın sarsılmaz birlik və bərabərliyi sayəsində ötən ilin noyabrında işğala və ədalətsizliyə son qoyulduğunu bəyan edib. F.İsmayılov əlavə edib ki, Vətən müharibəsində əldə olunan tarixi zəfər ilə Azərbaycan xalqı şanlı bir qəhrəmanlıq salnaməsi yazıbdır.

Növbəti olaraq tədbirdə çıxış edən Türkiyə Cümhuriyyətinin Avropa Şurası yanında daimi nümayəndəsi Kaan Esener tarixi qələbəni mümkün edən və bizlərə bu qüruru yaşadanları ürəkdən təbrik edib. O, artıq dağılmış evlərin yenidən inşası və türklərin birlikdə nələr edə biləcəklərinin dünyaya göstərilməsi zamanın yetişdiyini ifadə edib.

Səfir Esener zəfər sayəsində başımızın daha dik, önümüzün daha aydın olduğunu bildirib və Azərbaycan xalqının Ulu öndəri Heydər Əliyevin “bir millət, iki dövlət” şüarını damarlarımızda hiss edərək, gələcəyə inamla baxdığımızı bəyan edib.

Çıxışların ardınca tədbir iştirakçılarına 44 günlük Vətən müharibəsi və “8 Noyabr – Zəfər Günü”nə həsr olunan video çarxlar nümayiş etdirilib.

“Zərər Günü” ziyafəti daha sonra Azərbaycanın milli musiqi nümunələrinin canlı ifası və iştirakçıların rəngarəng rəqsləri ilə davam edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki