Dövlət qurumunun uğuru təkcə görülən işlərin sayında deyil, idarəçilik fəlsəfəsinin dəyişməsində görünür. Son dövrdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində (ADSEA) tətbiq olunan yeni idarəçilik strategiyası məhz bu baxımdan diqqət çəkir: daha çevik idarəetmə, daha ciddi daxili nəzarət, kadr potensialından səmərəli istifadə və ən əsası — şəffaf fəaliyyət prinsipi.
ADSEA-nın aparat fəaliyyətində də bu yeni yanaşmanın izlərini görmək mümkündür. Burada kadr idarəçiliyinin peşəkarlıq, məsuliyyət və nəticəyönümlülük prinsipləri üzərində qurulması, struktur bölmələri arasında koordinasiyanın gücləndirilməsi idarəetmənin keyfiyyətinə birbaşa təsir göstərir. Dövlət qurumunda “kim kimi tanıyır?” yanaşmasının deyil, “kim nə nəticə verir?” prinsipinin əsas götürülməsi müasir idarəçiliyin ən mühüm göstəricilərindəndir.
Bu gün ADSEA-nı əvvəlki stereotiplərlə qiymətləndirmək doğru olmaz. Qurumun fəaliyyətində şəffaflıq, operativlik və vətəndaşa xidmət prioritetə çevrilir. Su təsərrüfatı kimi nəhəng və strateji sahədə bunun özü ciddi idarəçilik göstəricisidir.
Üstəlik, bütün bunlar qlobal su böhranının getdikcə dərinləşdiyi bir dövrdə baş verir. Dünyanın bir çox ölkəsində su qıtlığı artıq milli təhlükəsizlik məsələsinə çevrilərkən, Azərbaycanda həm içməli su təminatının dayanıqlığının qorunması, həm də kənd təsərrüfatı sahələrinin suvarma imkanlarının maksimum səmərə ilə təmin edilməsi istiqamətində sistemli iş aparılır.
Su xətlərində baş verən qəzaların operativ aradan qaldırılması, suvarma mövsümündə yaranan problemlərə çevik müdaxilə, mövcud su ehtiyatlarından daha rasional istifadə və infrastrukturun yenilənməsi bu strategiyanın praktiki nəticələridir.
Əslində, su təsərrüfatında müasir idarəçilik bir həqiqəti qəbul etməkdən başlayır: su sadəcə resurs deyil, gələcəyin strateji sərvətidir. Ona görə də bu sahədə idarəçilik nə qədər şəffaf, kadr siyasəti nə qədər peşəkar, qərarlar nə qədər çevik və məsuliyyətli olarsa, nəticə də bir o qədər dayanıqlı olacaq.
ADSEA-da yeni rəhbərliyin qarşıya qoyduğu əsas hədəfin məhz şəffaf idarəçilik, peşəkar kadr siyasəti, operativ xidmət və real nəticə üzərində qurulması təqdirəlayiqdir.
Çünki dövlət idarəçiliyində ən gözəl hesabat rəqəmlərdən əvvəl vətəndaşın gördüyü nəticədir.


























