image-img-20210529-wa0036backend

Ağdam şəhərinin infrastrukturu tam bərpa olunacaq

image-reklam_sirab_01

Azərbaycan Prezidenti İlham Əliyev Ağdamın Azərbaycana qaytarılması ilə bağlı xəbəri noyabrın 10-da Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə danışarkən vermişdi. Belə ki, bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-dək Azərbaycan Respublikasına təhvil verildi.

İşğalçı rejim İkinci Qarabağ müharibəsinin son günlərinədək Ağdamda qanunsuz arxeoloji qazıntılar aparmış və tapılmış artefaktlar Ermənistana daşınmışdır. Ağdamda olan evləri dağıtmaqla yanaşı şəhərdəki tikililərin daşlarını da söküb aparmışdılar. Mədəni abidələri talan edərək bütün infrastrukturu məhv edilmiş, Çörək, Tarix Ölkəşünaslıq, tarzən Qurban Pirimovun Xatirə Muzeyi və Ağdam Şəkil Qalereyası, Xaçındərbənd kəndindəki 1314-cü ildə tikilmiş Qutlu Sarı Musa oğlu Künbəzi, Kəngərli kəndindəki XIV əsrə aid Türbə və Daş abidələr, Papravənd kəndində XVIII əsrə aid gümbəz və məscid, Ağdamda İmarət deyilən yerdə XVIII əsrə aid abidələr, Xan qızı Xurşidbanu Natəvanın və onun oğlunun türbələri, Şahbulaq ərazisində Şahbulaq qalası və Karvansara vəhşicəsinə dağıdılmışdır.
Ağdam şəhərinin mərkəzində yerləşən qədim memarlıq abidəsi sayılan məscid və onun minarələri də erməni vəhşiliyinin qurbanı olub.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Ağdam rayonunun işğaldan azad olunması münasibəti ilə xalqa müraciəti zamanı bildirdi ki, indi Ağdam üçün yeni bir dövr başlayır. Ağdam yenidən bərpa edilərək Azərbaycanın ən gözəl şəhərləri sırasında olacaq.
Hal-hazırda şəhərin yenidən qurulması üçün infrastruktur layihələri, inzibati binalar, sosial obyektlər, yollar və digər lazım olan işlər görülməyə başlanıb. Bu barədə ətraflı məlumatı məhz cənab Prezident 2021-ci il 28 may tarixində Ağdam şəhərinə səfəri zamanı Ağdam ictimaiyyətinin nümayəndələri ilə görüşündə çıxış edərkən bildirib.
Ölkə başçısı çıxışı zamanı Ağdam şəhəri üçün çox önəmli və 140 illik tarixi olan 1 saylı məktəbin təməli qoyulduğunu, gələcəkdə burada iş yerlərinin yaradılması və orada yüzlərlə insanın işlə təmin olunması üçün ərazisi təqribən 200 hektara yaxın olan Ağdam Sənaye Parkının təməli qoyulduğunu qeyd etdi. Həmçinin, yaxın gələcəkdə istismara veriləcək Bərdə-Ağdam avtomobil yolunun təməli qoyulmuşdur. Eyni zamanda, Bərdə-Ağdam dəmir yolunun və dəmir yolu vağzalının tikintisi də nəzərdə tutulur.
Ağdam rayonunda erməni vandalizminə məruz qalan tarixi-memarlıq tikililərindən biri də Qarabağ xanlığının banisi Pənahəli xanın imarətidir. Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdamda Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının yerləşdiyi imarət kompleksində olub.İmarət kompleksinin bərpası ilə əlaqədar artıq işlərə start verilir.
Ölkə başçısınin bu səfəri zamanı Ağdam şəhərində böyük meşə sahəsinin təməli qoyuldu. Şəhərin içində 125 hektarlıq böyük bir meşə zolağı olacaq. Eləcə də, süni göl yaradılması, kanalların, körpülərin salınması planlaşdırılır.

Aysel Mənsimova – YAP üzvü


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki