image-huseynova-nigarbackend

Ağdamın əvvəlki şöhrəti bu rayona qaytarılacaqdır!

image-reklam_sirab_01

 

Ağdam mənim ağ üzüm

Canım ürəyim gözüm

Ağdamsız ötən günlər

Qoymadı məndə dözüm

 

Azərbaycanın əvəzolunmaz Ağdam rayonu 1930-cu ildə yaradılıb. Ağdam rayonu qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində – Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir. Gözəl Qarabağın ürəyi sayılan Ağdamın qədim tarixi abidələri minillik keşməkeşli illərdən keçərək bu günə qədər gəlib çatmışdır. “Ağdam” sözü qədim türk dilində “kiçik qala” deməkdir. Uzaq keçmişdə bu ərazidə yaşamış türkdilli qəbilələr özlərini müdafiə etmək üçün əsasən kiçik qalalar tikirdilər. Zaman keçdikcə bu şəhərin adının mənası dəyişib və XVIII əsrin birinci yarısında Qarabağlı Pənahəli xan bu şəhərdə özü üçün ağdaşdan imarət tikdirmək barədə əmr verib. Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün bir növ oriyentirə çevrilib. Bu mənada “Ağdam” – günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev deməkdir.

1993-cü il iyulun 23-də Ermənistan silahlı qüvvələri qədim Azərbaycan şəhəri Ağdamı və onun kəndlərini işğal etdilər. Nəticədə, 1154 km2ərazisi, işğalzamanı 165 mindən çox nəfər əhalisi və 123 kəndi olan Ağdam rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Ağdamın müdafiəsi uğrunda 5 ildən artıq gedən döyüşlərdə 5897 nəfər şəhid oldu, 3531 nəfər yaralandı və əlil oldu.

Bununla yanaşı, işğal nəticəsində Ağdam rayonu ərazisindəki memarlıq abidələri bütünlüklə talan edildi, yandırıldı, dağıdıldı və məhv edildi. Tarixi və memarlıq abidələrindən Çinartəpə yaşayış yeri (e.ə.II-I minilliklər), Göytəpə yaşayış yeri (tuncdövrü), Güllütəpə – II yaşayış yeri (son tuncdövrü, ilk orta əsrlər), Güllütəpə – I yaşayış yeri (III-XIII əsrlər), Üzərliktəpə abidəsi, Qutlu Musa oğlu günbəzi (1314-cü il), Salahlı-Kəngərli kəndindəki türbə və daş abidələr (XIV əsr), Xanoğlu türbəsi (XVII əsr), Şeyx Nigari türbəsi, türbələr və məscid (XVIII əsr), Qarabağ xanı Pənahəli və onun nəslinin Ağdam şəhərindəki imarəti (XVIII əsr) və türbəsi, iki sandığa bənzər abidə (XVI əsr), o cümlədən görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanın və onun oğlunun türbələri, Ağdam şəhərinin Qaraağacı qəbiristanında Uğrulla bəyin türbəsi (XIX əsr), Şahbulaq ərazisində Şahbulaq qalası və Karvansara, eləcədə rayonun ərazisində mövcud olan çoxlu sayda tarixi, mədəni və dini abidələr məhv edildi.

Bununla yanaşı, Ağdamda bütün dünyada yeganə olan “Çörək muzeyi” ilə yanaşı, tarzən Qurban Pirimovun xatirə muzeyi, Ağdam Şəkil Qalereyası və şəhərin mərkəzində yerləşən qədim memarlıq abidəsi sayılan Məscid və onun minarələri də erməni vandalları tərəfindən vəhşicəsinə dağıdıldı. Ümumilikdə, 130-dan çox tarixi abidələr və maddi-mədəniyyət nümunələri yer üzündən silindi.

Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə əlaqədar 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi təsdiq olunur, işğalçı qüvvələrin işğal etdikləri Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxması göstərilir. Lakin BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə, Qoşulmama Hərəkatının, Avropa Parlamentinin, İslam Əməkdaşlıq Təşkilatının və eləcədə digər beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərə baxmayaraq Ermənistan açıq-aşkar hərbi işğalçılıq mövqeyi tuturdu.

2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusunun işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbənin yekunu olaraq 10 noyabr 2020-ci il tarixli Dağlıq Qarabağ atəşkəs bəyanatı imzalandı. Bəyanatın şərtlərinə əsasən 20 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri Ağdam şəhərinə daxil oldu. Bununla, Ağdam şəhərinin işğalına son qoyuldu.

Noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərində oldular. Dövlətimizin başçısı Ağdamda Azərbaycanın üçrəngli bayrağını qaldırdı və Məkkədən gətirdiyi “Qurani-Kərim”i Ağdam məscidinə bağışladı.

2021-ci il may ayının 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Ağdam şəhərinin baş planı təqdim olunub. Cənab Prezident öz çıxışında-“Bu mərasim üçün, bu görüş üçün başqa vaxt da müəyyən oluna bilərdi. Ancaq mən hesab etdim ki, ən düzgün tarix bizim milli bayramımız olan Respublika Günüdür, müstəqillik günüdür. Çünki bu gün burada olmağımız bir daha müstəqilliyimizin nə qədər güclü olmasını göstərir. Əgər biz güclü müstəqil dövlət qurmasaydıq, öz tarixi torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. Ancaq güclü Azərbaycan, müstəqil Azərbaycan, sözün əsl mənasında, müstəqil siyasət aparan Azərbaycan bu tarixi missiyanı şərəflə yerinə yetirdi. Ağdam şəhərinin bərpasının başlanğıcı bu gün baş verir, Respublika Günündə. Əminəm ki, bütün nəzərdə tutulmuş planlar Baş Plan əsasında icra ediləcək və Ağdam şəhəri yenidən qurulacaq.”

Təqdimat vaxtı şəhər əhalisinin 36 min nəfər, birləşdirilən kəndlərlə və əhalinin artımı nəzərə almaqla 50 mindən yuxarı olduğu bildirilib. Yeni Ağdam isə 100 min nəfər sakin üçün planlaşdırılır. Baş plana görə, Ağdamda 1750 fərdi ev və 23 min mənzilin inşa olunacağı nəzərdə tutulub. Nəticədə, şəhər sakinlərinin üç də biri fərdi evlərdə yaşayacaq. Ağdam rayonundakı evlərin daha böyük həyətyanı sahələrlə təmin olunacağı bildirilib. Plan üzrə Təhsil Nazirliyi Ağdamda tikiləcək 15 məktəb layihəsini təqdim edib. Burada həmçinin Qarabağ Universitetinin yaradılması da nəzərdə tutulur.

Azərbaycan hökumətinin planlarına görə, Ağdam ölkənin dördüncü böyük şəhəri olacaq və orada 100 min nəfər yaşayacaq.

Sonda qeyd etmək istərdim ki, Cənab Ali Baş Komandanın mükəmməl siyasətinin nəticəsində qazandığımız zəfər nəinki özünü Ağdamın dirçəlişində bütün Azərbaycanın dirçəlişində biruzə verir və verəcəkdir. Mən əminəm ki, mənim kimi bir çox həmvətənlərim bu gözəllikləri bu inkişafı canlı görməyə tələsir… lakin biz birqədər də təmkinli olmalı və Prezidentimizin araxsında bir yumruq kimi birləşərək onu dəstəkləməliyik. Bu yolda Azərbaycanımıza uğurlar arzu edirəm!!!!

 

Qarabağ bir cahandı

Qarabağ canda candı,

Qarabağın anası

Böyük Azərbaycandı!

 

Suraxanı rayonu, N.Salamov adına

97 nömrəli tam orta məktəbin direktoru Hüseynova Nigar


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki