Dekabrın 2-də AMEA-nın Rəyasət Heyətində Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin müvafiq Fərmanı təltif olunan Beynəlxalq Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayevə “Dostluq” ordeninin təqdimolunma mərasimi keçirilib.
Tədbirdə çıxış edən AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, bu gün Akademiyanın bir sıra elmi müəssisə və təşkilatları Özbəkistanın aidiyyəti institutları ilə sıx əməkdaşlıq edir, birgə konfranslar, seminarlar həyata keçirir, monoqrafiya və kitablar ərsəyə gətirirlər. Dövlətlərimiz arasındakı dostluq, qardaşlıq münasibətlərinin Türk dünyası üçün mühüm əhəmiyyət kəsb etdiyini və dünya birliyi üçün nümunə olduğunu deyən akademik İsa Həbibbəyli qeyd edib ki, əlaqələrimizin yüksək səviyyədə olması Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin açdığı geniş əməkdaşlıq imkanlarından irəli gəlir. Akademik vurğulayıb ki, Prezident İlham Əliyevin 2022-ci ildə 3 dəfə Özbəkistana səfər etməsi, qardaş ölkədə Azərbaycan Prezidentinə göstərilən diqqət ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olmasının başlıca göstəricisidir: “Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycanın 3 tanınmış alimini yüksək mükafatla təltif etməsi və Prezident İlham Əliyevin 3 özbək alimi mükafatlandırması ölkələrimiz arasındakı elmi, ədəbi, mədəni əlaqələrin dövlət başçılarımız tərəfindən yüksək qiymətləndirilməsinin ən bariz nümunəsidir. Bu münasibətlə Akademiyamız və alimlərimiz adından Prezident İlham Əliyevə və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə dərin minnətdarlığımızı bildiririk”.
Akademik Şahin Mustafayevin Özbəkistanın “Dostluq” ordeni ilə təltif olunmasının onun bu illər ərzində Azərbaycan-Özbəkistan arasında elmi, mədəni əlaqələrin qurulması və inkişaf etdirilməsindəki xidmətlərinin nəticəsi olduğunu deyən AMEA rəhbəri vurğulayıb ki, Şahin Mustafayev 6 il Səmərqənddə UNESCO-nun nəzdində Beynəlxalq Mərkəzi Asiya Tədqiqatları İnstitutunun direktoru vəzifəsində çalışıb, indi isə fəaliyyətini Astanada Beynəlxalq Türk Akademiyasının prezidenti kimi davam etdirir.
Akademik İsa Həbibbəyli, eyni zamanda ölkələrimiz arasında elmi əlaqələrin inkişafında Özbəkistanın Azərbaycandakı səfirliyinin böyük rolu olduğunu, mütəmadi olaraq onların iştirakı və birgə təşkilatçılığı ilə Akademiyada, xüsusilə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda konfransların keçirildiyini, kitab və monoqrafiyaların hazırlandığını söyləyib.
AMEA rəhbəri çıxışının sonunda akademik Şahin Mustafayevə Beynəlxalq Türk Akademiyasının prezidenti kimi ölkəmizin Türk dünyası ilə əlaqələrinin dərinləşməsi istiqamətində gələcək fəaliyyətində uğurlar arzulayıb.
Sonra Özbəkistanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov çıxış edərək AMEA-nın Rəyasət Heyətində olmaqdan məmnunluğunu dilə gətirib. 2022-ci ilin ölkələrimiz arasında strateji tərəfdaşlıq əlaqələri baxımından səmərəli olduğunu deyən Bahrom Aşrafxanov Azərbaycan Prezidenti İlham Əliyevin cari ildə 3 dəfə Özbəkistana səfər etdiyini xatırladıb. Həmçinin qeyd edib ki, il ərzində Azərbaycan-Özbəkistan elmi, ədəbi, mədəni əlaqələri yeni səviyyəyə yüksəlib. Akademik İsa Həbibbəylinin ölkələrimiz arasında elmi, ədəbi əlaqələrin zənginləşməsinə mühüm töhfələr verdiyini bildirən səfir onu Akademiyanın prezidenti seçilməsi münasibətilə təbrik edib, eləcə də AMEA-nın müəssisələri ilə birgə tədbirlər keçirməkdən məmnun olduqlarını deyib. Eyni zamanda gələcəkdə akademik İsa Həbibbəylinin rəhbərliyi ilə birgə böyük layihələrin həyata keçiriləcəyinə inamını ifadə edib.
Akademik Şahin Mustafayevi Beynəlxalq Türk Akademiyasının prezidenti seçilməsi münasibətilə də təbrik edən səfir diqqətə çatdırıb ki, Prezident Şavkat Mirziyoyevin 30 avqust 2022-ci il tarixli Fərmanına əsasən, Ş.Mustafayev Özbəkistanın “Dostluq” ordeni ilə təltif olunub. Bahrom Aşrafxanov akademik Şahin Mustafayevə gələcək fəaliyyətində uğurlar arzulayıb, onun Azərbaycanla Türk dünyası və Azərbaycanla Özbəkistan arasında elmi, mədəni əlaqələrin zənginləşməsinə öz töhfəsini verəcəyini söyləyib.
Səfir daha sonra akademik Şahin Mustafayevə Özbəkistanın “Dostluq” ordenini təqdim edib.
Tədbirdə çıxış edən akademik Şahin Mustafayev ali mükafata görə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə dərin minnətdarlığını bildirib. Qeyd edib ki, Səmərqənddə UNESCO-nun nəzdində Beynəlxalq Mərkəzi Asiya Tədqiqatları İnstitutunun direktoru vəzifəsində çalışan zaman Özbəkistanın bir çox qədim şəhərlərini ziyarət edib, qardaş özbək xalqının qonaqpərvərliyi və mədəniyyəti ilə yaxından tanış olub. Özbəkistanda Azərbaycan ədəbiyyatına və mədəniyyətinə münasibətin yüksək səviyyədə olduğunu bildirən Ş.Mustafayev vurğulayıb ki, bu münasibətlərin qurulmasında özbək tarixşünaslığına mühüm töhfələr vermiş akademik Ziya Bünyadovun mühüm rolu olub.
Həmçinin bu gün Prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyevin yüksək dostluq münasibətlərinin ölkələrimiz arasında əlaqələri yeni müstəviyə qaldırdığını bildirib. Alim Beynəlxalq Türk Akademiyasının prezidenti kimi bundan sonra da Özbəkistanla elmi əlaqələrin zənginləşməsinə töhfə verəcəyini söyləyib.
Tədbirdə, o cümlədən tarix elmləri doktorları Solmaz Rüstəmova-Tohidi və İradə Bağırova çıxış edərək akademik Şahin Mustafayevin zəngin elmi-təşkilati fəaliyyətindən danışıb, ona gələcək fəaliyyətində uğurlar arzulayıblar.