Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin iclas zalında AMEA-nın fəxri üzvü, Nobel mükafatı laureatı, professor Əziz Səncərin 80 illik yubileyinə həsr edilmiş elmi konfrans keçirilib.
AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin və AMEA-nın Rəyasət Heyəti aparatının Elmin populyarlaşdırılması şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, AR Milli Məclisinin Əmək və sosial siyasət komitəsinin sədri tibb üzrə fəlsəfə doktoru Musa Urud, Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Alptekin Cihangir İşbilir, AR səhiyyə nazirinin müşaviri Elgün Səmədov, Azərbaycan Tibb Universitetinin prorektoru professor Məlahət Sultanova, AMEA-nın Rəyasət Heyətinin üzvləri, elmi müəssisə və təşkilatların direktorları və aidiyyəti şəxslər iştirak ediblər.
Nobel mükafatı laureatı, professor Əziz Səncər və Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru professor Ədalət Muradov isə konfransa onlayn formatda qoşulublar.
Konfransı giriş nitqi ilə açan akademik İsa Həbibbəyli Nobel mükafatı laureatı, Şimali Karolina Universitetinin professoru, görkəmli türk alimi Əziz Səncəri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Şöhrət” ordeni ilə təltif edilməsi münasibətilə Azərbaycan elmi ictimaiyyəti və Akademiya kollektivi adından ürəkdən təbrik edib.
Akademik İsa Həbibbəyli bildirib ki, dövlət başçısının türk oğlu Əziz Səncərin fəaliyyətinə verdiyi bu yüksək qiymət həm Azərbaycan-Türkiyə elmi əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edən əhəmiyyətli hadisədir, həm də dünya şöhrətli alim Əziz Səncərin timsalında Azərbaycan elminin dünyaya inteqrasiyası baxımından dövlətimizin açdığı üfüqləri əyani şəkildə nümayiş etdirir.
AMEA rəhbəri qeyd edib ki, bu təltif, bütövlükdə Əziz Səncərin Türk dünyasında və Azərbaycanda davamçılarının, bu böyük yolun fədakar nümayəndələrinin yetişdirilməsinə və hazırlanmasına açılan yol deməkdir. Akademik vurğulayıb ki, bütün bunlara görə Azərbaycan elminin təmsilçiləri, Azərbaycan elmi ictimaiyyətinin nümayəndələri Azərbaycan Prezidenti cənab İlham Əliyevə Türk dünyasının qüruru sayılan Əziz Səncərin fəaliyyətinə göstərdiyi bu yüksək qiymətə görə dərindən minnətdarlıqlarını bildirirlər.
Akademik İsa Həbibbəyli diqqətə çatdırıb ki, Əziz Səncərin DNT kodlarının açılması, xüsusən də DNT-nin təmiri kimi dünyada təkrarı olmayan bir elmi istiqamətdə əldə etdiyi elmi kəşflər beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib. Akademik bildirib ki, 2015-ci ildə alimin Nobel mükafatı ilə təltif olunması onun illər uzunu, hələ İstanbul Universitetində ikən düşündüyü, Texas Universitetində, Yel Universitetində keçdiyi yolların, apardığı axtarışların və cəsarətli nəticələrin beynəlxalq elmi ictimaiyyətə təqdim olunması deməkdir.
Akademik İsa Həbibbəyli qeyd edib ki, dünyanın ən böyük bəlalarından biri olan xərçəng xəstəliyinin müalicəsi ilə bağlı indiyə qədər müxtəlif metodologiyalar təqdim edilib. Vurğulayıb ki, Əziz Səncər həmin ixtira və kəşfləri təkrar etməyərək xərçəng xəstəliyinin biokimyəvi üsullarla müalicəsinin tam yeni bir elmi istiqamətini açıb.
Akademik İsa Həbibbəyli qeyd edib ki, 2024-cü ildə professor Əziz Səncər Akademiyanın dəvətini qəbul edərək Azərbaycana gəlib və həmin vaxt bir həftə ərzində “Əziz Səncər həftəsi” kimi çox unudulmaz günlər yaşanıb. Bildirib ki, Azərbaycan Milli Elmlər Akademiyasında keçirilən görüşlər və müzakirələr, Naxçıvan Muxtar Respublikasına Əziz Səncərlə birgə edilən səfər yaddaqalan hadisələr olub. Natiq vurğulayıb ki, həmin həftə ərzində Bakı Dövlət Universitetində, UNEC-də, ADA Universitetində, Azərbaycan Tibb Universitetində və gigər yerlərdə keçirilən görüşlər Azərbaycan elminin, sözün əsl mənasında, irəli getməsinə böyük türk oğlu Əziz Səncərın göstərdiyi böyük xidmətin əməli ifadəsi olub.
Eyni zamanda AMEA-nın Böyük akt zalında ölkə ictimaiyyətinin nümayəndələri qarşısında Əziz Səncərin etdiyi “Türk dünyasının elm siyasəti: reallıqlar və çağırışlar” mövzusundakı məruzə Azərbaycan elminin, Türk dünyası elminin prioritetlərini, bundan sonrakı gələcək inkişafının yollarını aydın şəkildə göstərib. Akademik vurğulayıb ki, Çin Xalq Respublikası ilə, orada gedən elmi proseslərlə Türk dünyasını bir yerdə, bütün potensialını nəzərə alaraq müqayisə etmək və Çin modelini türk dünyasının elmi inkişafı üçün nümunə kimi əyani misallarla, rəqəmlərlə göstərmək elm adamları üçün öz fəaliyyətlərini yenidən qurmağın böyük başlanğıcına çevrilib.
Akademik İsa Həbibbəyli qeyd edib ki, Əziz Səncərin fikrincə, Türk dünyasının alimləri inteqrasiya edərək, ortaq layihələr üzərində çalışaraq, birləşərək XXI əsrin elmini, elmin inkişafında Türk dünyasının yerini və mövqeyini qüvvətləndirərək Çin nümunəsində inkişaf edə bilər. Bildirib ki, bu, Türk dünyasının inkişaf etdirilməsinin Əziz Səncər konsepsiyası, Əziz Səncər modelidir.
Diqqətə çatdırıb ki, bu gün AMEA-nın qardaş Türkiyə ilə, Özbəkistanla, Qazaxıstanla, Qırğızıstanla, Türkmənistanla, Kərküklə çox yaxın əlaqələri vardır. Akademik bildirib ki, Türk dünyası ölkələrinin akademik qurumları ilə, elmi-tədqiqat müəssisələri ilə əlaqələr hər gün inkişaf edir. Akademik İsa Həbibbəyli qeyd edib ki, bu, Əziz Səncərin açdığı, onun müəyyən etdiyi yola Azərbaycan elminin də ürəkdən xidmət etməsinin bir nümunəsidir.
Akademik İsa Həbibbəyli Azərbaycan elmi ictimaiyyəti adından ABŞ-ın Şimali Karolina Universitetinin professoru, qardaş Türkiyənin yetirməsi, öz ölkəsinə və dilinə, bütün türk dünyasına sonsuz hörmətini göstərən Nobel mükafatı laureatı Əziz Səncəri anadan olmasının 80 illiyi və dövlət başçısı tərəfindən “Şöhrət” ordeni ilə təltif olunması münasibətilə ürəkdən təbrik edib, ona cansağlığı arzulayıb.
Daha sonra akademik İsa Həbibbəyli ölkə başçısının Əziz Səncərin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Sərəncamını tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Tədbirdə Nobel mükafatı laureatı, professor Əziz Səncər çıxış edərək fəaliyyətinə yüksək qiymət verdiyi və onu “Şöhrət” ordeni ilə təltif etdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanıma minnətdarlığını bildirib.
Türk dünyasının elminə xidmət etdiyini deyən professor Əziz Səncər Qarabağı azad etmək üçün canını verən azərbaycanlı əsgərlərin də onun qədər türklük uğrunda fədakarlıq etdiyini vurğulayıb. O, Qarabağın həmişə onun qəlbində olduğunu qeyd edib və Qarabağın azad edilməsinin onun üçün, eləcə də Türk dünyası üçün bir dönüş nöqtəsi olduğunu bildirib.
Professor Əziz Səncər vurğulayıb ki, Türkiyə Cümhuriyyətinin 1922-ci ildə düşməni Türkiyədən təmizləməsi və 2020-ci ildə Azərbaycanın Qarabağı işğaldan azad etməsi ilə Türk dünyası olaraq artıq öz vətənlərinə sahib olublar. O qeyd edib ki, bundan sonra qarşıda duran əsas vəzifə elm yaratmaq və sivilizasiya sahəsində, sivilizasiyada qabaqcıl dövlətlərin səviyyəsinə çatmaqdır. Bu baxımdan Qarabağ müharibəsində şəhid olan və qazi olan övladları, qardaşları heç vaxt unutmamağın vacibliyini vurğulayıb.
Alim diqqətə çatdırıb ki, Türk dünyasının çox istedadlı gəncləri var və bu gənclərə imkan verərək onları elmə yönəltməklə, çalışmalarını təşviq etməklə Türk dünyasını elmdə dünyanın ən qabaqcıl səviyyəsinə çatdırmaq mümkündür.
Nobel mükafatı laureatı Əziz Səncər uşaqlara kiçik yaşlardan etibarən elmi təcrübə aparmağı və sual verməyi öyrətməyin vacibliyini, qız və oğlan uşaqlarına eyni təhsil imkanlarının təmin edilməsinin zəruriliyini bildirib.
Professor Əziz Səncər Türk dövlətləri dedikdə, Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Şimali Kipr Türk Cümhuriyyətinin universitetləri, araşdırma mərkəzləri, düşüncə institutları və elm adamları arasındakı əməkdaşlığın gücləndirilməsini nəzərdə tutduğunu söyləyib. O qeyd edib ki, düşüncə qurumlarının elmi biliklə qərarvermə prosesləri arasında güclü bir körpü qurması Türk dünyasının gələcəyi baxımından əhəmiyyətlidir.
Əziz Səncər Bakıda keçirilən bu toplantının Türk dünyasında elm, təhsil və texnologiya əməkdaşlığının daha da güclənməsinə töhfə verməsini arzuladığını deyib və “Tanrı Türkü qorusun”, – deyərək çıxışını yekunlaşdırıb.
Tədbirdə Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Alptekin Cihangir İşbilir çıxış edərək Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün adından tədbir iştirakçılarını salamlayıb. O, bugünkü konfransda elmin gücünü bizlərə göstərən, gələcək nəsillər üçün rol model olan bir insandan söz açıldığını deyib. Natiq Əziz Səncərin Mardinin bir ilçəsindən dünyanın önəmli yerlərinə uzanan şərəfli bir yol keçdiyini bildirib. Mətbuat müşaviri Əziz Səncərin uğurlarında onun sarsılmaz iradəsinin və çalışma əzminin dayandığını vurğulayıb.
O, Nobel mükafatı laureatı professor Əziz Səncəri xüsusi və önəmli edən əsas cəhətin vətəninə, torpağına və köklərinə bağlılığı olduğunu deyib. Cənab Prezident İlham Əliyevin Əziz Səncərin fəaliyyətinə hər zaman yüksək qiymət verdiyini bildirən Alptekin Cihangir İşbilir gələcəkdə də Türk dünyasında bənzər elm adamlarının yetişəcəyinə inamını vurğulayıb.
O, Əziz Səncərin artıq Türkiyənin və Azərbaycanın sərhədlərini aşaraq bütün Türk dünyasının müştərək elm xadiminə çevrildiyini deyib. Alimin “Şöhrət” ordeninə layiq görülməsinin elmə, eləcə də Türkiyə-Azərbaycan qardaşlığına göstərilən dəyərin yüksək təzahürü olduğunu bildirib. Mətbuat müşaviri Əziz Səncərin adının sağlığında ikən medallara, hava limanlarına və küçələrə verilməklə ölümsüzləşdirildiyini vurğulayıb.
Açılış nitqlərindən sonra professor Əziz Səncərin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.
Daha sonra AMEA-nın vitse-prezidenti, AR ETN Molekulyar Biologiya İnstitutunun direktoru v.i.e., akademik İradə Hüseynova “Professor Əziz Səncər: həyat yolu, elmi irsi və dünya elminə töhfələri” mövzusunda məruzə ilə çıxış edib.
Çıxışına dövlət başçısının Sərəncamı ilə Əziz Səncərin Azərbaycanın beynəlxalq elmi və humanitar əməkdaşlığının möhkəmləndirilməsindəki xüsusi xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif olunmasını böyük qürurla xatırlatmaqla başlayan akademik İradə Hüseynova bu qərarın Türk dünyasının elminə və birliyinə verilən yüksək dəyərin təzahürü olduğunu vurğulayıb.
Akademik İradə Hüseynova Əziz Səncərin 1946-cı il sentyabrın 8-də Türkiyənin Mardin vilayətinin Savur rayonunda çoxuşaqlı, zəhmətkeş bir ailədə dünyaya göz açdığını diqqətə çatdırıb. Valideynlərinin təhsili olmasa da, övladlarının təhsilinə böyük önəm verdiklərini bildirən akademik xüsusilə anası Məryəm xanımın təhsilə inamının gənc Əzizin xarakterinin formalaşmasında mühüm rol oynadığını qeyd edib.
1963-cü ildə İstanbul Universitetinin Tibb fakültəsinə daxil olan və 1969-cu ildə oranı birinciliklə bitirən Əziz Səncərin elmi maraqlarının hələ tələbəlik illərində DNT-nin ikiqat spiral quruluşunu öyrənərkən yarandığını vurğulayan akademik İradə Hüseynova bildirib ki, Səncər təhsilini bitirdikdən sonra doğma Savurda 18 ay pulsuz müalicə kabineti açaraq kənd həkimi kimi fəaliyyət göstərib. Lakin xəstəliklərin molekulyar səbəblərini və “niyə?” sualına cavab tapmaq arzusu onu yenidən fundamental elmə gətirib çıxarıb.
“2015-ci ildə DNT-nin bərpası mexanizmlərinin – nukleotid eksiziyası reparasiyasının molekulyar səviyyədə kəşfinə görə Kimya üzrə Nobel mükafatına layiq görülməsi onun onilliklər boyu çəkdiyi zəhmətin zirvəsidir. Səncər yalnız mexanizmi izah etməmiş, həm də DNT reparasiyasının insan genomu boyunca xəritələndirilməsini (“Piri Rəis xəritəsi”) həyata keçirmiş və sirkad ritmlərin xərçəngin xronoterapiya ilə müalicəsindəki mühüm rolunu sübut etmişdir”, – deyə İradə Hüseynova qeyd edib.
Akademik İradə Hüseynova Əziz Səncərin hər zaman köklərinə bağlı olduğunu, Nobel medalını və diplomunu Anıtqəbirdə Mustafa Kamal Atatürkün xatirəsinə təqdim etdiyini vurğulayıb. Həmçinin həyat yoldaşı Gwen Səncər ilə birlikdə xaricdə oxuyan gənclərə dəstək olmaq məqsədilə Chapel Hill-də Karolina Türk Evini və Səncər Mədəniyyət Mərkəzini qurduğunu xatırladıb.
Əziz Səncərin Azərbaycana səfərlərini, Prezident İlham Əliyevlə görüşlərini, TEKNOFEST Azərbaycan festivalındakı iştirakını və Elmlər Akademiyasında, eləcə də Molekulyar Biologiya İnstitutunda alim və tələbələrlə keçirdiyi unudulmaz görüşləri xüsusi vurğulayan İradə Hüseynova onun gənclərə ünvanladığı tövsiyəni xatırladıb.
Çıxışının sonunda akademik İradə Hüseynova Əziz Səncərin ömür yolunun “Zəhmət, elm və vəfa” fəlsəfəsinin ən parlaq təcəssümü olduğunu və onun elmi irsinin gələcək nəsillərə yol göstərməyə davam edəcəyini qeyd edib.
Konfransda, həmçinin AR Milli Məclisinin Əmək və sosial siyasət komitəsinin sədri tibb üzrə fəlsəfə doktoru Musa Urud, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru professor Ədalət Muradov, AR səhiyyə nazirinin müşaviri Elgün Səmədov və Azərbaycan Tibb Universitetinin prorektoru professor Məlahət Sultanova çıxış edərək professor Əziz Səncərin zəngin elmi fəaliyyətinə, ölkəmizə sevgisinə, eləcə də Türk dünyasında elmin inkişafı istiqamətində verdiyi tövsiyələrə diqqətə çəkiblər.
Çıxışlardan sonra Azərbaycan Milli Elmlər Akademiyasının “Əziz Səncər döş nişanı” ilə təltif olunan akademik İradə Hüseynovaya, tibb üzrə fəlsəfə doktoru Musa Uruda və professor Ədalət Muradova mükafatları təqdim olunub.
Sonda xatirə şəkilləri çəkdirilib.



























