image-5323c108-be14-434b-b1c6-e607a35f70b2backend

Ana dilimiz – bizim mənəvi sərvətimizdir

image-reklam_sirab_01

 

 

 Milli-mənəvi dəyərlərimizin qorunmasında böyük  xidmətləri olan   Ulu Öndər Heydər Əliyev  varlığımızı təsdiqləyən dilimizin saflığının qorunmasına xüsusi diqqət göstərmişdir.  Azərbaycan dili uzun illəri əhatə edən formalaşma dövründə siyasi, dini,  mədəni münasibətdə olduğu  xalqlar arasında ünsiyyət vasitəsi  kimi  başqa dillərə də  təsir etmişdir. Ölkəmizdə yaşayan və dinindən, dilindən, milliyyətindən asılı olmayaraq Azərbaycan dilini ikinci ana dili kimi  qəbul  edən bütün vətəndaşlar üçün ünsiyyət vasitəsi  olan doğma dilimizin xalqımızın elmi, bədii məntiqi təfəkkürünün formalaşması və inkişafında böyük rolu olmuşdur.

Azərbaycan dilini xalqımızın mənəvi sərvəti, dünya azərbaycanlılarının həmrəyliyinin sarsılmaz təməli,  müstəqilliyimizin başlıca rəmzləri ilə eyni səviyyədə qiymətləndirən ulu öndər Heydər Əliyev bildirirdi ki,  xalqımızın milliliyini,  mənəvi dəyərlərini, mədəniyyətini yaşadan onun dilidir. «Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!»  sözləri ilə milli varlığımızın ifadəsi olan Azərbaycan  dilinə məhəbbətini ifadə edən Ulu Öndər Azərbaycana rəhbərliyinin hər iki  dövründə  Azərbaycan dilinə çox qayğı ilə yanaşmış, onun saflığı, yad təsirlərdən qorunması üçün səylərini əsirgəməmişdir.

Məhz ulu öndərin səyləri və təşəbbüsü ilə 1978-ci il 21 aprel tarixində qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında 73-cü maddənin  “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir” redaksiyada vermək təklif olundu və bu  təşəbbüs Konstitusuyada öz əksini tapdı. Bununla Ulu Öndər gələcək müstəqil dövlətçiliyin milli rəmzlərindən birini məharətlə qorudu.

Heydər Əliyev bildirirdi ki, hər bir xalqın elə milli-mənəvi dəyərləri vardır ki,  onun qorunması, zənginləşdirilməsi, inkişaf etdirilməsi, cəmiyyətdə tutduğu mövqeyindən, peşəsindən, ixtisasından, vəzifəsindən  asılı olmayaraq hamının və hər kəsin vətəndaşlıq borcudur.  1993-cü ildə  hakimiyyətə qayıdışı ilə bütün sahələrdə köklü islahatlar aparan, dövlətin dil siyasətinə millətin varlığını təsdiqləyən amil kimi  diqqətlə yanaşan  Ümummilli Lider Heydər Əliyevin təklifinə və  ümumi razılaşmaya əsasən Azərbaycan dilinin latın qrafikalı əlifbasının tətbiqi məqsədəuyğun hesab olundu. Bu sahə üzrə nəzərdə tutulan problemlərin həlli üçün xüsusi sərəncamla Dil Komissiyası yaradıldı.

Ümummilli lider Heydər Əliyevin dil siyasətini, dilimizə diqqət və qayğını eyni məsuliyyətlə davam etdirən   Prezident İlham Əliyev  «Azərbaycan dilində latın qrafikası ilə  kütləvi nəşrlərin həyata keçirilməsi haqqında» Sərəncamı imzalamaqla bu istiqamətdə nəzərdə tutulan və həlli vacib  istiqamətlərini müəyyənləşdirdi.  Prezident İlham Əliyevin «Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında»kı Fərmanında  ana dilimizin qorunması  üçün həyata keçiriləcək islahatlar, hədəflər əksini tapır.

Bu gün Azərbaycan tarixi ənənələri olan ölkə kimi dünya birliyinin fəal üzvünə çevrilib, bütün dövlətlərlə bərabərhuquqlu, qarşılıqlı hörmət və maraqlar əsasında  əlaqələrini genişləndirməklə sözünün imzası qədər önəmi olduğunu bir daha beynəlxalq aləmə təqdim edir. Dilimizin inkişafı da öz növbəsində bu işlərə yardımçıdır.

 

 

Həcər Verdiyeva  – Tarix elmləri doktoru, professor

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki