image-3backend

Anım Günü xalqımızın dövləti, torpağı, bayrağı uğrunda canından keçməyə hazır olmasının təsdiqi günüdür

image-reklam_sirab_01

2020-ci il 27 sentyabr tarixi Vətən müharibəsinin başlandığı, Azərbaycan xalqınımn hər bir fərdinin işğaldakı torpaqlarımızı azad etmək üçün birləşdiyi, bir yumruğa çevrildiyi müqəddəs bir gündür. Məhz 27 sentyabr günündən başlayaraq 10 noyabr tarixinə qədər Ali Baş Komandanın rəhbərliyi altında şanlı Azərbaycan ordusu işğaldakı torpaqlarımızı yağı düşməndən azad etdi, dövlətimizin ərazi bütövlüyünü təmin etdi. Bu 44 gün ərzində Prezident İlham Əliyevin səsinə səs verən Azərbaycan xalqı 30 ilə yaxın müddətdə torpaqlarımızı işğal altıdna saxlayan Ermənistanı sözün həqiqi mənasıdna tar-mar edərək ona öz yerini göstərdi. Azərbaycan dövləti, Azərbaycan xalqı, Azərbaycan ordusu bütün dünyaya sübut etdi ki, o, özünü, öz sərhədlərini, ərazi bütövlüyünü qorumağa qadirdir və heç bir qüvvə onun iradəsinə qarşı gələ, onu susdura bilməz.
27 sentyabr həm də Anım Günüdür. Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il sərəncamı ilə hər il 27 sentyabr tarixi Anım Günü kimi qeyd ediləcək. 27 sentyabrın Anım Günü kimi qərarlaşması hər şeydən öncə prezidentimizin, dövlətimizin, xalqımızın şəhidlərimizə, ərazi bütövlüyümüz uğrunda həyatını itirən vətəndaşlarımızın ruhuna sonsuz sevgi və ehtiramının təzahürüdür. Bu, həm də xalqımızın qəhrəmanlığının əbədiləşdiyi, onun öz dövləti, öz torpağı, öz bayrağı uğrunda canından keçməyə daim hazır olduğunun təsdiqi və təsbiti günüdür. Məhz 27 sentyabr tarixində minlərlə Azərbaycan övladı vətənin səsinə səs verərək qanlı döyüş meydanına atılmış, öz qəhrəmanlıqları ilə sözün həqiqi mənasında tarix yazmışdı. Heç şübhəsiz ki, illər, əsrlər sonra da Azərbaycan ordusunun bu böyük qalibiyyəti, bu misilsiz zəfəri tarixin yaddaşında yaşayacaq və xalqımız tərəfindən qürur hissi ilə yad ediləcək.
Ölkə başçısı cənab İlham Əliyev bütün çıxışlarında şəhidlərimizi ehtiramla yad edir, bu tarixi zəfərə görə onlara minnətdar olduğumuzu vurğulayır. Məhz Prezident İlham Əliyevin göstərişi və tövsiyyələri əsasında şəhidlərimizin xatirəsi bütün ölkə ərazisində əbədiləşdirilməkdə, onların adı müxtəlif küçə və məktəblərə verilməkdədir. Müharibə qəhrəmanlarının büstlərinin ucaldılması, barilyeflərinin hazırlanması, onların döyüş yolu haqqında ictimaiyyətə, xüsusilə də gənc nəslə geniş məlumat verilməsi də dövlətimizin şəhdilərimizə olan sevgi və ehtiramından xəbər verir. Bəzi rayonlarda Qəhrəmanlar Parkının yaradılması da şəhidlərimizin ölümsüz xatirəsinin yaşadılmasına, habelə onların təbliğinə xidmət edir.
Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlar, ortaya qoyduğu əzm və cəsarət, eyni zamanda hərbi səriştə bütün dünyanın heyrətinə səbəb oldu. Hansı ki, dünyanın hərbi baxımdan ən inkişaf etmiş dövlətləri, o cümlədən ABŞ başda olmaqla bir sıra NATO dövlətləri Azərbaycan ordusunun Vətən müharibəsindəki hücum taktikasını öyrənməkdə, onun bu müharibədə sərgilədiyi nailiyyətləri hərbi-elmi baxımdan təhlil etməkdədirlər. Dünyanın ən məşhur hərbi ekspertləri, o cümlədən hərbi institutları etiraf edir ki, Vətən müharibəsində Azərbaycan hərbçilərinin sərgilədiyi taktika, əməli müstəvidə dəqiqliklə reallaşdırlan ildırımsürətli müharibə strategiyası, o cümlədən çətin və mürəkkəb coğrafi relyefdə uğurlu hərbi əməliyyatlar keçirmək bacarığı müasir dünya hərbi üçün ciddi yenilikdir. Bu, Azərbayca ordusunun gücünün, Azərbaycan hərbçilərinin yenilməzliyinin etirafıdır.
Bu baxımdan, 27 sentyabr Anım Günü ilə bağlı Sərəncam şəhidlərimizə, qəhrəmanlarımıza, xalqımızın mübarizə əzminə verilən ən yüksək qiymətdir.

Cəlil Xəlilov – Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image