image-13backend

AQTA: “Hazırda Rusiyaya Azərbaycanın 204 müəssisəsindən pomidor tədarükü mümkündür”

image-reklam_sirab_01

Moskvada Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ilə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) rəhbəri Sergey Dankvert arasında görüş keçirilib.

AQTA-dan “Report”a verilən məlumata görə, görüşdə iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın yüksək səviyyədə olduğu qeyd edilib, ikitərəfli ticarət məsələlərinin həllində konstruktiv dialoqun vacibliyi vurğulanıb.

Həmçinin kənd təsərrüfatı məhsullarının qarşılıqlı tədarükünün artırılması və məhsulların Rusiya-Azərbaycan sərhədindən keçirilməsi prosedurunun sürətləndirilməsi üzrə birgə tədbirlərin həyata keçirilməsi və yaxın vaxtlarda bununla bağlı iki ölkənin aidiyyəti qurumlarının iştirakı ilə əlavə danışıqların aparılması təklif olunub.

İclasda Azərbaycandan Rusiyaya pomidor və alma ixracına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində müzakirələr aparılıb. Qeyd olunub ki, 2020-ci il 10 dekabr tarixindən “Rosselxoznadzor” tərəfindən tətbiq edilmiş məhdudiyyətlər əməkdaşlığın genişləndirilməsi və aparılan birgə videomonitorinqlər zamanı məhsullardan götürülən nümunələrin fitosanitar ekspertizası nəticəsində tədricən aradan qaldırılır. Bu da getdikcə alma və pomidor tədarükünün daha da artırılmasına imkan verir.

Hazırda Rusiyaya Azərbaycanın 204 müəssisəsi və 1 kənd təsərrüfatı kooperativindən pomidor, 70 təsərrüfatdan isə alma tədarükü mümkündür. Danışıqlar zamanı Sergey Dankvert və Qoşqar Təhməzli bu istiqamətdə aparılan işlərin yekunlarına əsasən, razılığa gəliblər ki, ölkəmizdən məhsul ixrac edən təsərrüfatlarda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən monitorinqlər aparılaraq “Rosselxoznadzor”a karantin tətbiq edilən zərərvericilərdən azad müəssisələrin siyahısı təqdim olunsun və səlahiyyətli qurumun zəmanəti altında gələcəkdə tədarük imkanları daha da genişləndirilsin.

Görüşdə bildirilib ki, baytarlıq preparatlarının dövlət qeydiyyatı və dövriyyəsinə nəzarət sahəsində, habelə baytarlıq sahəsində təcrid edilmiş mikroorqanizmlərin ştammlarının identifikasiyası, qeydiyyatı, saxlanılması, yenilənməsi və arxivlənməsi istiqamətində təcrübə mübadiləsinin aparılması, eləcə də transsərhəd heyvan xəstəlikləri ilə mübarizə tədbirlərinin əlaqələndirilməsi əməkdaşlığın genişləndirilməsində mühüm əhəmiyyət kəsb edəcək.

Tədbirdə “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında bitki karantini sahəsində əməkdaşlıq haqqında Saziş” və “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti arasında pestisidlərin və aqrokimyəvi maddələrin təhlükəsiz istifadəsi sahəsində əməkdaşlıq haqqında Saziş”in imzalanması ilə bağlı məsələlər müzakirə olunub. İkitərəfli əməkdaşlığın gündəliyinə daxil olan və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image