image-img-20221123-wa0046backend

Artıq 2 ildir ki, Kəlbəcər azaddır

image-reklam_sirab_01

44 günlük Vətən müharibəsinin hər günü müzəffər ordumuz böyük şücaət göstərərək, qarış-qarış torpaqlarımızı azad edərək şanlı tarix yazdılar. Bununla belə, Ağdam, Kəlbəcər və Laçının bir güllə belə atılmadan işğaldan azad edilməsi Azərbaycanın həm də böyük siyasi-diplomatik qələbəsidir. Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən böyük məharətlə hazırlanmış hərbi əməliyyatlar planı və son dərəcə yüksək dəqiqliklə, vaxtında edilən siyasi-diplomatik gedişlər hadisələrin gedişini məhz bu məcraya yönəltdi. Beləliklə 10 noyabr bəyanatına əsasən 25 noyabr 2020-ci ildə Kəlbəcər rayonu Azərbaycana təhvil verildi.
1993-cü il 2 aprel tarixində ermənilər tərəfindən işğal olunmuş Kəlbəcər rayonu ərazisinə görə işğal altında olmuş ən böyük rayonumuz idi. Sadəcə ərazisinin böyüklüyünə görə deyil, möhtəşəm təbiəti və yerləşdiyi mövqeyinə görədə digər rayonlardan seçilir. “Çay üstündə qala” mənasını verən Kəlbəcər sözü rayonun təbiəti haqqında təsəvvür yaradır.
Rayon ərazisində yerləşən tarixi abidələr bütün dünya mədəniyyəti üçün böyük əhəmiyyət kəsb edir. Bizim bir neçə böyük çayımızın mənbəyi Kəlbəcər rayonundadır. Onlardan ən böyüyü uzunluğu 200 kilometr olan Tərtər çayıdır. Yaşayış məntəqəsinin yerləşdiyi qayada Tərtərçay çayı boyunca cərgə ilə düzülmüş qədim süni mağaralar mövcuddur. Kəlbəcər rayonunda 24 min hektar meşə sahəsi var. Sovet dönəmində bütün sovet respublikalarında məşhur olan İstisu müalicəvi suyunun mənbəyi də məhz Kəlbəcərdədir. Kəlbəcər, həmçinin yeraltı təbii sərvətlərlə zəngin ərazilərdən biridir.
Lakin 30 illik işğal ərzində erməni vandalları bütün bu sərvətlərimizi vəhşicəsinə talayıblar. İşğal nəticəsində 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb, həmçinin Kəlbəcərin 60 min nəfər əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur olub. BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanılmışdır. Azərbaycan öz torpaqlarının işğaldan azad edilməsi üçün apardığı bu Vətən müharibəsində qazandığı tarixi Qələbəsi ilə, əslində, bütün dünyaya erməni faşizminin bütün bəşəriyyət üçün nə dərəcədə təhlükəli olduğunu göstərdi. Həmçinin Kəlbəcərin azad olunması ilə Azərbaycan BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsini, ümumilikdə isə, bütün qətnamələrini faktiki olaraq məhz özü hərbi-siyasi yolla yerinə yetirdi.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9424 hərbi qulluqçusu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.

Aysel Mənsimova – YAP üzvü


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki