image-img-20230113-wa0013backend

Azad edilmiş ərazilərdə müasir idman infrastruktları yaradılacaq

image-reklam_sirab_01

Yanvarın 9-da ötən ilin idman yekunlarına həsr olunan mərasimdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev 2022-ci ilin Azərbaycan idmanı üçün uğurlu il olduğunu bildirdi. Ölkə başçısı qeyd etdi ki, bütövlükdə ölkə miqyasında görülmüş işlərə yüksək qiymət vermək olar. Çünki keçən ilin əvvəlində qarşıya qoyulmuş bütün vəzifələr icra edilib  və Azərbaycanın dinamik inkişafı təmin olunub. Ötən il ölkəmiz idman sahəsində böyük nailiyyətlər əldə edib. Belə ki, idmançılarımız beynəlxalq yarışlarda 300-ə yaxını məhz qızıl medal olmaqla 800-dən çox medal qazanıblar. Ölkə başçısı keçən ilin idman yekunlarına həsr olunan mərasimdə qeyd etdi ki, dünyada idman sahəsində rəqabət artır, yeni idman ölkələri meydana çıxır. Ona görə hər il bu yüksək nəticələri göstərmək, öz gücünü təsdiqləmək asan məsələ deyil. Artıq Azərbaycan dünyada idman ölkəsi olaraq özünü təsdiq edib. Bunu idmançılarımızın qələbələri və ölkəmizdə keçirilmiş beynəlxalq yarışlar təmin edir.

Ölkəmizin idman uğurlarını təmin edən əsas amillərdən biri müasir standartlara cavab verən idman infrastrukturunun yaradılmasıdır. Bu vaxta kimi bölgələrdə 50-yə yaxın Olimpiya İdman Kompleksi, son vaxtlar isə Bakı şəhərinin parklarının bir neçəsində açıq havada idmanla məşğul olmaq üçün şərait yaradılıb. Bir sözlə, ölkəmizdə idmanla məşğul olmaq üçün bütün imkanlar var. Bütün bunlarla yanaşı azad edilmiş ərazilərdə də idman infrastrukturunun yaradılmasına başlanılıb.
2022-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxış edən Prezident İlham Əliyev qeyd etdi ki, azad edilmiş bütün şəhərlərin Baş planları təsdiq edilib. Bərpa-quruculuq işləri Baş planlar əsasında aparılacaq və idman obyektlərinin yaradılması nəzərdə tutulur. Ağdamın məşhur “İmarət” stadionunun yeni layihəsi işlənilir. Həmçinin Ağdamın Eyvazxanbəyli kəndində Qarabağ Atçılıq Kompleksinin təməli qoyulub. Məlum olduğu kimi Qarabağ Atçılıq Kompleksi işğal dövründə Ağcabədi rayonunda yaradılmışdır. Lakin torpaqlarımız işğaldan azad edildikdən sonra kompleksin öz əzəli yerində – Eyvazxanbəyli kəndində yaradılmasına qərar verilmiş və müasir atçılıq kompleksinin yaradılması üçün işlərə start verilmişdir. Bütün bu işlərlə yanaşı azad edilmiş ərazilərdə ötən il  bir neçə beynəlxalq idman yarışı da keçirilmişdir ki, bunun çox böyük tarixi əhəmiyyəti vardır.  Azad edilmiş ərazilərdə həyata keçirlən bərpa-quruculuq işləri ilə  yanaşı idman yarışlarının keçirilməsi həmin ərazilərə yeni həyatın qayıtdığının göstəricisidir. Azərbaycan tarixi Zəfərə imza atmış ölkədir və Zəfərimiz hər bir azərbaycanlı, hər bir vətəndaş, ümumilikdə bütün dünya azərbaycanlıları üçün qürur mənbəyidir. İdmançılarımız da qalib xalqı təmsil etdikləri üçün beynəlxalq yarışlarda daha qürurla və ədalətlə iştirak edir, ölkəmizi layiqincə təmsil edirlər.
İdmana və idmançılara göstərilən dövlət qayğısı nəticəsində Azərbaycan idmanı bundan sonra da inkişaf edəcək, davamlı qələblər təmin olunacaqdır. Bu baxımdan 2023-cü il bir çox parametrlər üzrə həlledici il olacaqdır.

Aydın Kazımbəyov – Respublikanın Fəxri Bədən Tərbiyəsi və İdman işçisi, sərbəst güləş üzrə SSRİ idman ustası,
Bakı Texniki Kollecinin bədən tərbiyəsi rəhbəri

 

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki