image-faciebackend

Azadlıq və müstəqillik savaşına yol açan ümummilli faciə

image-reklam_sirab_01

1990-cı ilin 20 Yanvarı Azərbaycan xalqının həyatında dönüş mərhələsi, dönüş nöqtəsi olmuşdur. Biz 20 Yanvar hadisələrinə indiyə qədər bir faciə kimi qiymət veririk. Həmin gün tariximizə qara gün kimi daxil olmuşdur. Şübhəsiz ki, bunda həqiqət var. Getdikcə bu hadisələrin daha geniş mənasını dərk edirik. 20 Yanvar hadisəsinin tariximizdəki yeri, qiyməti ayrı-ayrı insanların taleyi ilə məhdudlaşa bilməz. Bu ayrı-ayrı insanların deyil, bütöv bir xalqın taleyidir.

Heydər ƏLİYEV

Ümummilli lider

 

1990-cı ilin 20 yanvarında Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda çox sayda şəhid verdi. Lakin onun iradəsi sınmadı və milli ruhu sarsılmadı. Həmin qırğın zamanı ümummilli mənafelərin müdafiəsi naminə canlarından keçmiş və şəhidlik zirvəsinə ucalmış Vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazdılar.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

Azərbaycan xalqının 70 il saxta “qardaşlıq ittifaqı” adı altında gizlənmiş sovet imperiyasının əsl simasını, zorakı və qanlı mahiyyətini dünyaya tanıtdığı 1990-cı ilin 20 Yanvar qırğınından 32 il keçir. 1988-ci ildə xəyanətkar “ittifaq ortağı” Ermənistanın Azərbaycana əsassız ərazi iddiasından və hərbi təcavüzündən qaynaqlanan bu qanlı faciə Azərbaycan xalqını ərazi bütövlüyü uğrunda mübarizədən azadlıq və istiqlal savaşına yönləndirdi. Həmin gün Azərbaycan xalqı birdəfəlik anladı ki, ata-babaların ən qiymətli əmanəti olan torpaqlarını qorumaq üçün yalnız dövlət müstəqilliyini qazanmalı, öz taleyinə sahib çıxmalıdır.

İşğalçı Ermənistana havadarlıq zəminində birləşmiş dünya imperializmi bu müqədəs mübarizəmizin qarşısını kəsə bilməsə də, xalqımızı bir çox məşəqqətlərə məruz qoydu, ərazilərimizin 20 faizini ermənilərin əli ilə qopardı, 30 il siyasi girovluqda saxlatdı. Azadlıq və müstəqillik yolunda mübarizədə kifayət qədər güc və imkan toplamış Azərbaycan dövləti müdrik və qətiyyətli lideri İlham Əliyevin rəhbərliyi ilə qarşısıalınmaz haqq işimizi bütün dün­yaya tanıdandan sonra 2020-ci ilin payızın­da apardığı 44 günlük Vətən müharibəsi ilə müstəqil ölkənin ərazi bütövlüyünü bərpa etdi, xalqımızın ayağına vurulmuş “Qara­bağ qandalı”nı qırıb tarixin zibilliyinə atdı.

Artıq ikinci ildir ki, Azərbaycan onu azadlıq və müstəqillik uğrunda tarixi mübarizəyə qaldırmış Qanlı yanvar qətliamının ildönümünü qalib ölkə kimi qeyd edir. Bu tarixi zəfərlə xalqımız 20 Yanvar şəhidlərinin başladığı mübarizəni qəti qələbə ilə başa çatdırdı. Təcavüzkar ölkəyə vurulan sarsıdıcı zərbə, işğalçı quldurlarlara yaşadılan ağrı ilə 20 Yanvar şəhidləri də daxil olmaqla, Vətən yolunda qurban gedənlərin intiqamı alındı, onların narahat ruhları nicat tapdı.

20 Yanvar fasiəsi isə tariximizə hüzn qarışıq öyünc günü olmaqla yanaşı, həm də silinməz-pozulmaz həqiqət dərsinin ibrətli səhifələri kimi kimi yazılıb. Hər bir xalqın milli birliyinin, siyasi özünüdərkinin səviyyəsi məhz onun ən çətin anlarda, ta­rixi sınaq günlərində baş verən hadisələrə və çağırışlara ümumxalq reaksiyasında özünü göstərir. 32 il əvvəl Azərbaycanın üzləşdiyi belə bir seçim məqamında xalqı­mızın mübarizlik əzminin kükrəyişi, əsarətə boyun əyməyən iradəsi tariximizə şanlı bir səhifə kimi yazıldı – milli azadlıq və tor­paqlarımızın bütövlüyü uğrunda ümumxalq hərəkatının 20 Yanvar səhifəsi.

20 Yanvar yaxın keçmişimizdə ya­şadığımız ən faciəvi günlərdən olsa da, xalqımızın yaddaşına həm də qəhrəmanlıq tarixi kimi həkk olundu. Faciənin törədilməsindən keçən bir qərinəlik dövrdə bu hadisəni doğuran səbəblərin, onun hüquqi, ictimai-siyasi, psixoloji nəticələrinin araşdırılması, öyrənilməsi və öyrədilməsi artıq ənənəyə çevrilmiş bir sualla müşayiət olunur: 20 Yanvara gedən yol nədən və haradan başlandı?

Zamanın bu qısa və aydın sualı­nın cavabında hadisələrin şahidləri, bir qayda olaraq, 1990-cı ilin 20 yanvarı ərəfəsindəki günlərin və ayların ictimai-siyasi hadisələrini bir- bir xatırlayır və onların arasında faciəyə yol açan səbəbləri və səhvləri araşdırıb tapmağa çalışırlar. Mübahisələr bəzən bir-birimizi qınamağa, hətta günahlandırmağa qədər uzanır. Bir ifratçılıqdan digərinə qədər haçalanan mülahizələr yalnız bir fikirdə ortaqlaşır: belə sonluğu heç kim gözləmirdi.

Bəli, doğrudan da, o zaman şox az adam inana bilərdi ki, dövlət öz vətəndaşına, dinc adamlara belə di­van tuta bilər.Yəqin, ona görə ki, biz Xeyirlə Şərin mübarizəsinin nağıllarda olduğu kimi, həmişə Xeyrin qələbəsi ilə bitməsinə inanmaq dərəcəsində sadəlövh tərbiyələndirilmişdik. Amma bəzən haqq davasında, qısa müddətə olsa da, Şər də qalib gəlir.

20 Yanvar, əslində, Şərin Xeyirə zahirən “qalib gəldiyi” bir an idi. Bu, Şərin gəldiyi biraylıq-onaylıq, birillik- onillik yol deyildi. Bu, uzaqdan gələn bir yol idi. Bu yol dünənin əsarət boyunduruqları olan 1813-cü ilin “Gülüstan”, 1828-ci ilin “Türkmənçay” müqavilələrindən başlan­mışdı. Nəhayət, bu yol, bizə ən yaxın döngəsi isə 1920-ci ilin 28 aprelindən yön almışdı, davamı 30-cu illərin qaranlıq dolanbaclarından, 40-cı illərin ağrı-acıların­dan, 50– 60-cı illərin ayrı-seçkiliklərindən, məhrumiyyətlərindən keçib çatmışdı 20 Yanvara.

Bütün bunlar çox uzun və üzüntülü bir hekayədir – azadlıqsevər bir məmləkətin, insanpərvər bir millətin, məğrur bir xalqın əsarət hekayətidir. 20 Yanvar isə bu hekayətin son fəslidir.Bu fəsildə də qarşımıza Şər çıxmışdı. Növbəti dəfə düşmənlərimizin hiyləsi ilə bizi təhdid edən namərd qonşularımız Vətən torpaq­larımıza göz dikmişdilər. Ölkəmizin ərazi bütövlüyünə qarşı məkrli təcavüz, riyakar qəsdlər, SSRİ rəhbərliyinin xalqımıza qarşı açıq-aşkar düşmənçilik siyasəti artıq imperiya boyunduruğunda yaşamağın daha ağır fəlakətlərə yol aça biləcəyini anlatmaqdaydı.

Dağlıq Qarabağ münaqişəsinin başlanğıcında Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsi və SSRİ Nazirlər Sovetinin dolayısı ilə Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxarılmasına yönəlmiş “Dağlıq Qarabağ Muxtar Vilayətinin sosial-iqtisadi inkişafı­nın sürətləndirilməsi haqqında” qərarı və 1989-cu ilin yanvarında SSRİ Ali Soveti Rəyasət Heyətinin “Dağlıq Qarabağda Xüsusi İdarəetmə Forması yaratmaq haqqında” fərmanı imperiya rəhbərliyinin Ermənistanın respublikamızın ərazi bütövlüyünə açıq təcavüzünü gizli şəkildə dəstəkləndiyini göstərirdi.

Bununla yanaşı, Ermənistan ərazisində yaşayan azərbaycanlıların öz tarixi torpaq­larından qovulmasını SSRİ rəhbərliyinin “görməzliyə” vurması soydaşlarımıza qarşı həyata keçirilən etnik təmizləmə siyasətinin məhz ittifaqın “yardımı” ilə baş tutmasına heç bir şübhə yeri qoymurdu. Azərbaycan SSR rəhbərliyinin isə baş verən proseslərə, sanki, heç bir şey olma­mış kimi, seyrçi münasibət göstərməsi, özünü “bilməzliyə” və “eşitməzliyə” vurması, ümummilli maraqların müdafiəsi yolunda heç bir əməli addım atmaması xalqın əsəblərini tarıma çəkmiş, səbr kasa­sını doldurmuşdu. Mübarizə meydanında tək qaldığını görən Azərbaycan xalqının səfərbər olmaqdan başqa çarəsi yox idi.

Bütün ümidlər haqsızlığa qarşı öz etiraz səsini ucaltmağı bacaran, öz tarixi yurdunu düşmənlərdən qanı bahasına qo­rumağa həmişə hazır olan Azərbaycan xal­qına idi. Azərbaycanlılara qarşı məqsədli şəkildə həyata keçirilən bu fitnəkar siyasət öz hüquqları və ərazi bütövlüyü uğrunda meydanlara atılmış həmvətənlərimizin ürəklərində azadlıq yanğısını daha da alov­landırmışdı. Artıq xalq sovet imperiyasının növbəti repressiya siyasətini tarixinə və milli mənliyinə vurulmuş ləkə kimi görürdü. Azadlıq eşqi ilə yanan Vətən övladları bu ləkəni, öz qanları bahasına olsa da, yuma­ğa hazır idilər.

O zaman xalqı etiraz səsini ucaltmağa vadar edən çox sayda obyektiv səbəblər mövcud idi. Mərkəzi hakimiyyətin milli mənafeyimizə zidd siyasət yürütməsi, bunun qarşısının alınması üçün respublika rəhbərliyinin heç bir tədbir görməməsi xalq­la hakimiyyət arasında yaranmış uçurumu daha da dərinləşdirmiş, kütləvi etiraz dal­ğasının baş qaldırmasına rəvac vermişdi. Belə bir məqamda insanların haqlı etirazla­rını dinləmək, mövcud problemlərin siyasi yolla həll edilinə yönəlmiş addımlar atmaq əvəzinə, imperiyanın öz ənənəsinə sadiq qalaraq zora əl atdı. Bununla da qırmızı imperiya antihumanist təbiətini ən iyrənc yollarla belə həyata keçirdiyini aydınlığı ilə sübut etmiş oldu.

Meydanlara öz haqq səsini ucaltmaq, milli heysiyyatını və milli mənliyini qorumaq əzmi ilə çıxan qorxubilməz vətən övladları bütün fədakarlıqlara hazır idilər. Amma hələ də heç kim baş verəcək vəhşilikləri gözləmirdi. Çünki sovet rəhbərliyinin 70 il bir dam altında vətəndaşlarına qardaşlıq nəğməsi oxutmuşdu. “Qardaşın qarda­şa qarşı” bu qədər qəddarlıq nümayiş etdirəcəyi ağlasığmaz görünürdü. Ölməz şairimiz Bəxtiyar Vahabzadənin dediyi kimi: “Axı, heç kəsin ağlına gələ bilməzdi ki, qəlbi Vətən hissi ilə çırpınan, əli silahsız, özü günahsız olan bu atalar, analar, bala­lar, özünü dost kimi, qardaş kimi qələmə verən bir ordunun əlində qətlə yetirilsin”.

Soyuq 20 Yanvar gecəsi bəşər tarixinin ən faciəvi hadisələrindən biri baş verdi – Bakı kimi dünyada tanınan böyük bir şəhərin dinc sakinləri gülləbaran edildi. Dağlıq Qarabağda qayda-qanun yaradıl­masını, Ermənistanın silahlı təcavüzünün qarşısının alınmasını tələb edən dinc etirazçıların haqq səsini boğmaq və xalq hərəkatını, nəyin bahasına olursa-ol­sun, yatırmaq məqsədi ilə Azərbaycana yeridilən sovet qoşunları (onların arasın­da silahlandırılmış xeyli sayda erməni zabiti var idi) Bakıda və respublikanın müxtəlif rayonlarında 131 nəfər mülki şəxsi küçələrdə, evlərində, avtomobillərində, iş yerlərində qətlə yetirdi. Cəza əməliyyatları zamanı 744 insan yaralandı, 841 nəfər qanunsuz həbs olundu.

O müdhiş gecənin aydınlığa dönməsi Bakının ürəkağrıdan dəhşətli mənzərəsinə işıq saldı. Xalq düşmən tankının tırtılla­rı altında parçalanmış, sinələri düşmən güllələrindən dəlik-deşik olmuş övladlarını qan gölündə tapdı. Bu, Azadlığa gedən yol­da ilk şəhidlərin verildiyi 20 Yanvar səhəri idi. O günlərdə nə qədər sarsılsa da, hüzn­lü və üzgün olsa da, xalq öz qəhrəman öv­ladlarını son mənzilə yola salmağa özündə güc tapdı. Haqq, azadlıq yolunda şəhidlik zirvəsinə ucalmaq nə qədər şərəfli idisə, düşmən silahının nişangahında Vətənin şəhidlərini qorxu-hürkü bilmədən, sonsuz bir etişamla son mənzilə yola salmaq da bir o qədər namus və şərəf məsələsi idi.

Xalq o günlərdə sarsılmadı, əyilmədi, qorxmadı. Qanlı faciənin qurbanları isə azadlığı uğrunda can verdiyi Vətən torpa­ğına yüz minlərin çiyinlərində daşındılar və müqəddəs torpaqda möhtəşəm bir ehtiramla əbədiyyətə qovuşdular. Bakı­nın dağüstü hissəsindəki bu müqəddəs ərazi hələ əsrin əvvəllərində – 1918-ci ilin martında düşmənlərin soyqırıma məruz qoyduğu minlərlə soydaşımızı öz qoynuna almışdı. Hələ o zaman erməni gülləsindən şəhid olan baba- nənələrimizi, ata-ana­larımızı, qardaş-bacılarımızı, südəmər körpələrimizi qoynuna almış məzarlıq bu dəfə də erməni təcavüzünə və onu dəstəkləyən siyasətə qarşı mübarizəyə qalxmış qəhrəmanlarımızı öz bağrına bas­dı. O qəhrəmanlar ki, hünərləri və ölməz xatirələri əbədi istiqlaliyyət yolumuza hər zaman şəfəq saçır.

Baş verənlər isə Azərbaycan xalqının milli mübarizə əzmini və iradəsini sındıra bilmədi. Əksinə, 20 Yanvar hadisəsi öz qanunauyğun məntiqi və zəncirvari təsiri ilə bütün imperiya ərazisində milli azadlıq hərəkatlarının daha da alovlanmasına və Sovet İttifaqının süqutunun daha da sürətlənməsinə rəvac verdi. Bu hadisə sovet imperiyası üçün “sonun başlanğıcı” oldu. Bu faciənin baş verməsinə qədər ölkədə mövcud problemlərin, baş qaldır­mış etirazların siyasi yolla həll olunaca­ğına ümidlər hələ də qalmaqda idi. Lakin bir insanın yaşaya biləcəyi qədər ömür yaşamış qırmızı imperiya özü ilə həmyaşıd olan nəslin böyüklü-kiçikli hamısına atəş açmaqla bu ümidləri tamamilə alt-üst etdi.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tarix yaradan bir şəxsiyyət olmaqla yanaşı, həm də tarixi hadisələrə ən doğru-düzgün qiymət verən mütəfəkkir dövlət xadimi, misilsiz bir şəxsiyyətdir.

Əvvəla, dahi siyasətçinin 20 Yanvar hadisələri ilə bağlı siyasi fəaliyyəti və bu faciəyə verdiyi qiymət özü mükəmməl bir tarixi nümunədir. Xalqımızın böyük oğlu Heydər Əliyev, hər şeydən əvvəl, bu faciəni Azərbaycana qarşı törədilmiş bəşəri cinayət adlandırmışdır.

İkincisi, 20 Yanvar xalqımı­zın həyatında dərin və sonsuz hüzn törətməsinə baxmayaraq, ulu öndər onu tarixi qəhrəmanlıq nümunəsi kimi dəyərləndirmiş, yeni nəsillər üçün örnək səviyyəsinə yüksəltmişdir.

Üçüncüsü, müstəqilliyimizin ba­nisi faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsi, onun zərədidələrinə dövlət qayğısı göstərilməsi üçün bütün zəruri tədbirləri həyata keçirmişdir. 20 Yan­var hadisəsi ilə bağlı ulu öndərin mövqeyi, açıqlamaları, atdığı addımlar 3 onillik öncə baş vermiş mürəkkəb və qanlı hadisələrin mahiyyətini anlamaqda, onun ibrət dərslərini öyrənməkdə xalqımızın qiymətli mənəvi qaynağıdır.

Törədilmiş vəhşiliyin qanlı görüntüləri, xəyanətkar izləri milyonlarla insanı yüksək bir cərəyan kimi silkələyib eyni məcraya yönəltdi. Yumruq halına gəlmiş xalqımız heç bir hərbi gücün ram edə bilməyəcəyi qüdrətli bir sipərə döndü. Şəhərə yeridil­miş zəhmli bir güc – gecə yatmış şəhərin başında fırtına qoparmış müasir hərbi texnikanın və mərkəzi obyektlərə sıx-sıx yerləşdirilmiş qoşun bölüklərinin özü səhərin açılması ilə güclü bir qasırğanın qoynuna düşüb acizləşdi.

Gecənin qana bələdiyi şəhərin ya­ralarına gur işıq salan o qırğın səhəri vətəndaşı olduğu dövlətdən xəyanət və qəddarlıq görmüş xalqımız gur axınlarla Mərkəzi Komitə deyilən respublikanın baş qərargahına tərəf axışıb, gecəni burada keçirmiş, qorxub-çəkinmədən yerində dayanaraq zirehli texnikanın əhatəsində qalmış dinc, əliyalın soydaşlarımıza qoşul­mağa can atırdı. Qəzəblənmiş insan seli çox keçmədi ki, zirehli texnikadan “hörül­müş” dəmir hasarı uçuraraq, sanki, alov püskürən böyük bir vulkana döndü. Qəzəb püskürən çıxışlarda qanlı ədalətsizlik hiddətlə lənətlənir, sovet rəhbəri Mixail Qorbaçov cəllad adlandırılırdı. İmperi­yanın dördüncü böyük, cənubun isə ən böyük şəhərini gecənin qaranlığında gülləbaran edərək işğal etmiş sovet rejimi öz qanlı əməlinin girovuna çevrilərək bu mənzərələri acizliklə seyr etməyə məhkum olmuşdu.

O anlarda və saatlarda Bakıda baş verənləri nəfəs dərmədən izləyən Krem­lin gücü bir ona çatırdı ki, hər yeri silahlı nəzarətdə saxlasın, bir də Azərbaycanda yaratdığı informasiya zülmətində baş verənləri dünya ictimaiyyətindən gizlətsin, az-çox sızan məlumatları isə “zəruri addım, vəziyyətin nizama salınması” kimi qələmə versin.

O aylarda və illərdə, elə həmin gecə də Azərbaycan xalqı ona görə ayağa qalxmışdı ki, Qorbaçovun özünə anlatsın: “Torpaqdan pay olmaz!”, “Həddini aş­mış erməniləri yerində oturdun!” O gecə ermənilərə güzəştə getməməyin heyfini azərbaycanlılardan almaq istəyən bədnam “baş katib” bununla öz karyerasına da sağalmaz zərbə vurmuşdu.

Həmin məqamda Moskvada – sovet diktatoru M.Qorbaçovun qulağının dibində qəfil baş verən hadisə isə onu kəskin diksindirməklə yanaşı, Bakı qırğınının gizlinlərini bütün dünyaya bəyan etdi. Ermənipərəst sovet rəhbərinin Qarabağı asanlıqla ermənilərə hədiyyə etmək üçün SSRİ-nin ali rəhbərliyindən uzaqlaşdır­dığı və ciddi nəzarət altında saxlatdığı dünya şöhrətli siyasət və dövlət xadimi, Azərbaycan xalqının ümummilli lideri səviyyəsinə yüksəlmiş dahi şəxsiyyət Heydər Əliyev bütün maneələri aşaraq faciənin səhərisi gün Moskvada bir parça Azərbaycan sayılan resbublikamızın Daimi nümayəndəliyinə gəldi, dərin hüzn içərisində xalqımıza başsağlığı verdi. Ulu öndər Vətəninin harayına yetişərək beynəlxalq mətbuat konfransı keçirdi, Bakı həqiqətlərini bütün dünyaya yayılması üçün geniş bir qapı açdı.

M.Qorbaçovun Azərbaycana münasibətdə gizlin hazırladığı məkrli “cəza” aksiyası bax beləcə fiaskoya uğ­radı. Şübhəsiz, Kremlin o zamankı ağası Azərbaycan xalqını yaxşı tanımadığını anlamalı olmuş, uğursuzluğa düçar olduğu­nun ağrısını çəkmişdi. İllər sonra isə “əsas günahı” Qarabağ hadisələrində görən Qorbaçov, görəsən, 1988-ci ildə “Qarabağ cinini” şüşədən çıxaranda nə düşünmüş­dü? Bəlkə, elə bilmişdi ki, dünyanın ən gözəl bir məkanını min illər boyu öz qanı-canı ilə qoruyub Vətən eləmiş Azərbaycan xalqı onun xatirinə Qarabağı siniyə qoyub özgə torpaqlarına təşnə olan ermənilərə peşkəş edəcək?!

Bu qanlı hadisələrdən yaxasını kənara çəkməyə can atan M.Qorbaçov riyakar­casına sovet qoşunlarının Bakıya hərbi müdaxiləsinə onu “fövqəladə şəraitin” məcbur etdiyini bildirmişdi: “1990-cı ilin yanvarında fövqəladə şərait bizi fövqəladə vəziyyətin elan edilməsinə məcbur etdi. Bu addım daha çox qan axıdılmasının qarşısı­nı almaq üçün atıldı”.

Moskvada Azərbaycan Nümayəndəliyində keçirdiyi mətbuat konfransında isə xalqımızın qeyrətli oğlu Heydər Əliyev vəziyyəti vaxtın­da nizama salmağın mümkünlüyünü necə aydın göstərmişdi: “Artıq iki ildir ki, Azərbaycan və Ermənistan arasında millətlərarası münaqişə gedir. Həmin münaqişəni Dağlıq Qarabağ və onun ətrafında baş verən hadisələr törətmişdir. Azərbaycan və Ermənistan, eləcə də, ölkənin ali siyasi partiya rəhbərlərinə bu məsələni tənzimləmək, daxili müharibəyə, millətlərarası münaqişəyə son qoymaq və milli mənsubiyyətindən asılı olmayaraq hər bir adamın ümumi federativ ittifaq olan SSRİ-də azad yaşamasına şərait yarat­maq üçün ikiillik müddət kifayət idi. Hesab edirəm ki, ötən iki ildə bu istiqamətdə lazımi səviyyədə iş aparılmamışdır. Dağlıq Qarabağ hadisələrinin ilkin mərhələsində ölkənin ali partiya siyasi rəhbərliyi tərəfindən vaxtında zəruri tədbirlər görülsə idi, gərginlik indiki həddə çatmaz, tərəflər itkilərə məruz qalmaz, başlıcası isə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə çoxlu insan qırğını ilə nəticələnən hərbi müdaxilə üçün də zəmin yaranmazdı”.

Sonralar xatirələrində “20 Yanvar mənə dərs oldu” – deyən Qorbaçov 20 Yanvar qırğınının məsuliyyətini dolayısı yolla olsa da, etiraf etmişdir: “Bu faciəli hadisədən dərs götürdüm. Hakimiyyət ekstremal situasiyada güc tətbiqindən imtina edə bilməz. Ancaq bu aksiya mütləq olaraq əsaslandırılmalı və çox sərt tədbirlərlə bağ­lı addım məhdudlaşdırılmalıdır. Problemin həlli yalnız siyasi yolla tapılmalıdır”. Bunu dərk etmək üçün illər lazım idimi?

Belə sərt tədbirlərə ehtiyac olmadı­ğını, qarşıdurmanı aradan qaldırmağı və vəziyyətin nizama salınmasını dinc üsullarla da həyata keçirməyin müm­künlüyünü Qorbaçovun özünə siyasi rəqib seçdiyi Heydər Əliyev Azərbaycan Nümayəndəliyindəki bəyanatında qətiyyətlə söyləmişdi: “Hesab edirəm ki, Azərbaycandakı vəziyyəti öz axarına salmaq, siyasi həyatdakı qeyri-sabitliyi nizamlamaq üçün kifayət qədər imkan ol­muşdur. Təəssüf ki, Azərbaycan rəhbərliyi, həmçinin ölkənin ali siyasi rəhbərliyi bu imkanlardan istifadə edə bilməmişdir. Sərhədlərə edilən təcavüzü vaxtında aradan qaldırmaq mümkün idi. Axı üç ay əvvəl sərhəd zolağı ilə bağlı camaat öz tələblərini irəli sürmüşdü. Fəqət, heç kəs onlarla görüşmək, izahat işi aparmaq və lazımi ölçü götürmək istəməmişdir. Təkrar edirəm: camaatı sakitləşdirmək üçün də imkanlar tükənməmişdi.”

Həmin bəyanatla ulu öndərin Kremlin beşaddımlağında söylədikləri Qorbaçovun gecikmiş etirafındakı arqumentlərin yalan olduğunu illər öncə sübuta yetirmişdir: “Bütün vəziyyətlərdə hesab edirəm ki, məsələni siyasi cəhətdən tənzimləmək, xalqla mükaliməyə girmək üçün əlverişli imkanlar olmuşdur. Lakin onlardan səmərəli istifadə edilməmişdir. Nəhayət, 19-dan 20-nə keçən gecə sovet ordusu­nun, SSRİ DİN-in böyük kontingenti Bakı şəhərinə yeridilmişdir. Nəticəsi isə göz qabağındadır. Bunun törətdiyi faciələr hamımıza məlumdur. Belə qərar qəbul etmiş adamların hərəkətini siyasi qəbahət sayıram. Bəli, kobud siyasi səhv buraxıl­mışdır. Bütün bunlar qabaqcadan nəzərə alınmalı və vaxtında vacib, zəruri tədbirlər qəbul edilməli idi. Ordu yeridilmiş, günah­sız adamlar həlak olmuşlar”.

Azərbaycan xalqının həqiqi lideri həmin bəyanatında söylədiyi bu fikirlə Qorbaçovun gələcək qənaətini, azı, 20 il qabaqlamışdı: “Zənnimcə, ölkənin ali siyasi rəhbərliyinə vəziyyət barədə vaxtında kifayət qədər düzgün, dəqiq, obyektiv informasiyalar çatdırılmamışdır. Rəhbərlik çaşqınlığa salındığından belə qərar qəbul etmişdir”. Ulu öndər öz yekun qənaətini isə belə ifadə etmişdi: “Qırğın törədənlərin hamısı layiqincə cəzalandırılmalıdır”.

SSRİ-nin hələ hökm sürdüyü bir vaxtda belə bir addım, sözün əsl mənasında, böyük hünər və cəsarət tələb edirdi. Ulu öndər Heydər Əliyev və oğlu İlham Əliyev bununla, hər şeydən əvvəl, Vətən, xalq qarşısında vətəndaşlıq borclarını və milli mövqelərini nümayiş etdirdilər. Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1990-cı il 21 yanvar tarixli bəyanatı həm də faciəyə verilən ilk siyasi qiymət idi – özü də imperi­yanın mərkəzində, Moskvada.

Cinayətin törədildiyi vaxtdan keçən ilk illər ərzində 20 Yanvar hadisələrinə lazımi siyasi-hüquqi qiymətin verilməməsi də vacib məsələlərdən biri idi. Möv­cudluğunun mahiyyətində zorakılıq və hegemonluq daşıyan imperiyanın onun rəhbərliyinin göstərişi əsasında baş ver­miş bəşəri cinayətə hüquqi qiymət verə biləcək qədər səmimiyyətinin və iradəsinin olmaması əvvəlcədən məlum idi. Ona görə də 1990-cı ilin dekabrında SSRİ baş hərbi prokurorluğunun hərbi qulluq­çuların 20 Yanvarda Bakıda baş vermiş hadisələrlə bağlı əməllərində cinayət tərkibi görməyərək işə xitam verməsi heç kimi təəccübləndirməmişdi.

Azərbaycan Kommunist Partiyası­nın Mərkəzi Komitəsinin faciəli olayların araşdırılması ilə bağlı yaradılmış istintaq komissiyasının fəaliyyətini heç bir nəticə və heç bir əsas olmadan dayandırması isə təəccüb doğurmaya bilməzdi. Bu o za­mankı ölkə rəhbərliyinin baş vermiş qanlı faciəyə siyasi- hüquqi qiymət verə bilmək iqtidarında olmadığını nümayiş etdirirdi. Təəssüf ki, sovet rejiminin süqutundan sonrakı ilk ildə – 1992-ci ilin 19 yanvarında qəbul edilmiş “1990-cı il yanvarın 19 – 20- də Bakı şəhərinə qoşunların yeridilməsi ilə əlaqədar faciəli hadisələrin təfsilatının və səbəblərinin təhqiqi üzrə Azərbaycan Res­publikası Ali Soveti komissiyasının işinin yekunlarına dair” Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasının qərarında da ölkənin ali qanunverici orqanının qeyd olunan komissiyanın fəaliyyətinin qənaətbəxş olması ilə kifayətlənməsi, qanlı hadisənin sifarişçiləri və icraçıları­nın göstərilməməsi Azərbaycan xalqına qarşı törədilmiş ən ağır cinayətlərdən biri olan 20 Yanvar faciəsinə ciddiyyətinə və əhəmiyyətinə görə qiymət verilmədiyini bir daha təsdiqlədi.

Sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından 32 il keçməsinə baxmayaraq, xalqımız o müdhiş gecənin faciəsinin ağrısını qəlbində yaşadır, bu vəhşiliyi törədənlərə, xəyanət və fəlakətin səbəbkarlarına öz dərin nifrətini bildirir. Azərbaycan xalqı öz qəhrəman övladları­nın fədakarlığını yüksək qiymətləndirərək hər il 20 Yanvarda onların xatirəsini dərin ehtiramla yad edir. Hər il dövlət səviyyəsində geniş tədbirlər planı ha­zırlanaraq həyata keçirilir, qanlı qırğının ildönümü respublikanın bütün şəhər və rayonlarında qeyd olunur.

20 Yanvar hadisələri Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə misilsiz bir faciə olmaqla yanaşı, həm də qəhrəmanlıq səhifəsi kimi yazılıb. Həmin gün öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini uca tutan Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə yüksəldilər. Vətənin azadlığı, suverenliyi uğrunda özlərini qurban verən şəhidlərin xatirəsi həmişə qəlbimizdə yaşayacaqdır.

Cavanşir FEYZİYEV,

Milli Məclisin deputatı, fəlsəfə doktoru

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki