image-cf239b5d-313c-4de2-8f31-73374e0b17bebackend

Azərbaycan Cənubi Qafqazda İtaliyanın ən yaxın tərəfdaşıdır

image-reklam_sirab_01

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 1-2 tarixlərində  İtaliya Respublikasına işgüzar səfəri bir daha təsdiqlədi ki, iki ölkə arasında münasibətlərin inkişaf dinamikası yüksəkdir və müxtəlif sahələr üzrə əməkdaşlıq əlaqələri daim genişlənir. Səfər çərçivəsində Prezident İlham Əliyev İtaliyanın Çernobbio şəhərində “The European House – Ambrosetti” beyin mərkəzi tərəfindən “Dünya, Avropa və İtaliyaya baxış” və “Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi” mövzusunda 48-ci Beynəlxalq Çernobbio Forumunda iştirak edərək bu forumun plenar iclasında “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda  çıxış edib.

Qlobal layihələrin həyata keçirilməsində əsas tərəf kimi beynəlxalq iqtisadi-siyasi proseslərdə aparıcı qüvvəyə çevrilən ölkəmizə olan maraq ildən-ilə artır. Məhz bu reallıqlar fonunda respublikamızın Avropa üçün geosiyasi və iqtisadi əhəmiyyəti daha da yüksəlib, avrostrukturlara inteqrasiya prosesi sürətlənib.

 Dövlət başçımızın bu səfərində önəmli bir məqam məhz İtaliyanın daxili məsələləri ilə bağlıdır. Belə ki, son daxili siyasi böhrandan sonra İtaliya hökuməti məhdud çərçivədə fəaliyyətini davam etdirir. Belə bir zamanda dövlət başçımızın məhz dəvət üzərinə İtaliyaya işgüzar səfərinin reallaşdırılması İtaliya tərəfinin Azərbaycanın dövlət başçısı və ölkəmizlə strateji əlaqələrə göstərdiyi diqqətin təzahürüdür. Deməli, dünyanın 8-ci ən böyük iqtisadiyyatı və «Böyük Yeddilik» ölkəsi olan İtaliya üçün Azərbaycanla strateji tərəfdaşlıq münasibətlərini dərinləşdirmək milli maraqların reallaşdırılmasında prioritet kimi müəyyənləşdirilmişdir.

İki ölkə arasında önəmli əməkdaşlıq istiqamətlərindən biri təhsil sahəsidir. Azərbaycanın ADA Universiteti İtaliyanın beş aparıcı universitetinin tərəfdaşıdır. Bunlar Luiss Universiteti, Turin Politexnik Universiteti, Milan Politexnik Universiteti, Bolonya Universiteti və Romanın Sapienza Universitetidir

Prezident İlham Əliyev Romada İtaliya-Azərbaycan Universitetinin yaradılması ilə əlaqədar imzalanmış sənədlərin mübadiləsi mərasimindən sonra etdiyi çıxış zamanı bildirib ki, bu gün İtaliya-Azərbaycan əlaqələrinin yeni səhifəsi açılır. İtaliya-Azərbaycan Universiteti İtaliya-Azərbaycan dostluğu mərkəzi olacaqdır.

Bu gün İtaliya-Azərbaycan münasibətləri siyasi, müdafiə, iqtisadi-ticarət, energetika, yüksək texnologiyalar, nəqliyyat, infrastruktur, mədəni, elmi, turizm, idman, qida təhlükəsizliyi, paytaxtlar səviyyəsində əməkdaşlıq sahələri olmaqla bir neçə istiqamətləri ehtiva edir. Azərbaycanın birinci ticarət və ixracat tərəfdaşı olan İtaliya ilə ticarət dövriyyəsinin həcmi hal-hazırda 11 milyard ABŞ dollarından çoxdur. İtaliya Cənubi Qafqazda Azərbaycanı alternativsiz yaxın tərəfdaş kimi qəbul edir. Bu baxımdan da regionda İtaliyanın apardığı ticarətin 90%-dən çoxu məhz Azərbaycanla reallaşdırılır. Azərbaycan-İtaliya münasibətlərini daha da dərinləşdirən sahə var ki, bu da enerji sektorudur.

Azərbaycan və İtaliya mədəni-humanitar sahədə son illər uğurlu layihələr həyata keçirib. Heydər Əliyev Fondu tərəfindən İtaliyada müxtəlif layihələr reallaşdırılır. Roma şəhərində mədəniyyət abidələrinin bərpası işlərinə Azərbaycan tərəfindən fəal dəstək göstərilir. Mütəmadi əsasda İtaliyada keçirilən Azərbaycan kino və mətbəx festivalları ölkəmizin mədəniyyətinin təbliğinə xidmət edir. İtaliya dövlətinin başçısı tərəfindən 2020-ci ilin İtaliyada «Azərbaycan Mədəniyyəti İli» elan olunması ölkəmizin mədəniyyətinin İtaliyada və Avropada daha geniş kütlələrə çatdırılmasına, xalqlararası təmasların daha da güclənməsinə və Azərbaycan-İtaliya əlaqələrinin daha da genişlənməsində böyük rol oynayır.

 

 

İlqar Əliyev – Dövlət İdarəçilik Akademiyası


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki