Rusiya ilə ölkəmizin yüksək səviyyəli əlaqələri var. İki ölkə prezidentləri arasında qarşılıqlı hörmət və etimada əsaslanan dostluq münasibəti formalaşıb. Rusiya Azərbaycanın qonşusu, dünyanın ən güclü ölkələrindən və BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən biridir. Ölkələrimiz arasında tarixən dərin mədəni, humanitar, iqtisadi əlaqələr mövcuddur. Rusiyada milyonlarla azərbaycanlı yaşayır və işləyir.
Azərbaycan-Rusiya münasibətləri dinamik şəkildə inkişaf edir. Ötən müddət ərzində iki ölkə arasında strateji tərəfdaşlığın mahiyyətini müəyyən edən sənədlər imzalanmış: “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında” 3 iyul 1997-ci il tarixli Müqavilə, “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dostluq və strateji tərəfdaşlıq haqqında” 3 iyul 2008-ci il tarixli Bəyannamə və “Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlığın prioritet istiqamətləri haqqında” 1 sentyabr 2018-ci il tarixli Birgə Bəyanat. Bu il ölkələrimiz arasında diplomatik münasibətlərin yaranmasının 30 illiyi tamam olur. Hazırda ölkələrimiz arasında siyasi münasibətlər ən yüksək səviyyəyə çatıb. Eyni zamanda əmtəə dövriyyəsinin həcmi artıq 3 milyard dolları aşıb və 16 faiz artıb. Bu ildə də artım perspektivi var. Azərbaycan kənd-təsərrüfatı məhsullarının ixracı üçün Rusiya əsas bazarlardan biridir.
Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Rusiyada rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 fevral 2022- ci ildə Rusiya dövlətinin başçısı ilə təkbətək görüşü olub.
Görüşdə dövlət başçıları hər biri ayrılıqda çıxış ediblər. Və sonda hər iki dövlətin prezidenti “Moskva” bəyənnaməsini imzalayıblar.
Moskva Bəyannaməsi ilə Azərbaycan və Rusiya arasında münasibətlər keyfiyyətcə yeni müttəfiqlik səviyyəsinə yüksəlir. Bəyannamənin 43 bəndi var və qarşılıqlı fəaliyyətin ən mühüm sahələrini əhatə edir.
Rusiya prezidenti Vladimir Putin ilə görüşdə prezidentimiz cənab İlham Əliyev ‘Azərbaycan dinc gələcək əzmindədir’ ifadəsini işlədib.
Azərbaycana müharibə lazım deyil. Ərazi bütövlüyünün hərbi yolla bərpa olunması məcburi tədbir idi və müharibədən sonrakı mərhələdə bu məsələni siyasi metodlarla həll etməyə Azərbaycan hazırdır. Rusiya və Azərbaycan birgə səyləri ilə Qafqazda sülhün, Xəzər regionunda və Avrasiya məkanında əməkdaşlığın möhkəmləndirilməsi işində böyük nailiyyətlər əldə olunacaqdır.
“Mən əminəm, regionda yeni reallıqlar yeni imkanlar yaradacaq. Azərbaycan dinc gələcək əzmindədir, bizə müharibə lazım deyil, o, bizə heç vaxt lazım olmayıb”.
Azərbaycan ərazilərinin azad edilməsi, ərazi bütövlüyünün hərbi yolla bərpa olunması məcburi tədbir idi və müharibədən sonrakı mərhələdə bu məsələni siyasi metodlarla həll etməyə hazır olmağımız bizim niyyətlərimizin daha bir təsdiqidir. Mən əminəm ki, Rusiya və Azərbaycan birgə səyləri ilə Qafqazda sülhün, Xəzər regionunda və Avrasiya məkanında əməkdaşlığın möhkəmləndirilməsi işinə bundan sonra da sanballı, mən deyərdim, həlledici töhfə verəcəklər.
Moskva Bəyannaməsinin 43 maddəsi var, biz onun ümumi təsvirini verməyə çalışırıq. Ən çox diqqət çəkən məqamlardan biri də sənədin 18-ci bəndidir.
Qeyd olunur ki, Rusiya və Azərbaycan beynəlxalq terrorçuluq, ekstremizm və separatçılıq təhdidlərinə, transmilli mütəşəkkil cinayətkarlığa, silahların, narkotik vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə, insan alveri və informasiya-kommunikasiya texnologiyaları sahəsində cinayətlərə, eləcə də digər yeni təhlükəsizlik çağırışlarına qarşı mübarizədə və onların neytrallaşdırılmasında səylərini birləşdirirlər.
Nəsimi rayon sakini Hüseynli Billurə


























