image-reklam-veteninfo
image-photo-2022-04-11-12-26-48backend

Azərbaycan əsgəri düşmənə döyüş meydanında cavab verib.

image-reklam-veteninfo

 

Hər gün vətən torpağı bir az böyüyür, bir az tamlaşır və bütövləşir. Bu bütövlük təkcə ərazicə yox, həm də hər bir kəsin baxışında, duruşunda, əzmində, danışığında özünü büruzə verir. Biz sanki hər gün işğaldan azad olunan Vətən torpağı kimi bir qarış böyüyürük, mətinləşirik. Bu gün mübarizəmizin mənası, qayəsi bütöv Azərbaycandır. Çünki son 30 illik bir müddətdə düşmən hədəfinə çevrilən yalnız aranlı-dağlı Qarabağ deyil, bütünlükdə Azərbaycan Respublikasıdır, müstəqilliyimizdir, ərazi bütövlüyümüzdür. Biz bu gün həmin hücumların daha qabarıq formada təzahürlərini görürük. Bu vəziyyətdə kimin dost, kimin düşmən olduğunu daha aydın başa düşürük. Eyni zamanda bir xalq olaraq böyüklüyümüzü, bir amal uğrunda dövlətimizin yürütdüyü siyasəti dəstəklədiyimizi, səfərbər olduğumuzu beynəlxalq ictimaiyyətə nümayiş etdiririk. Bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev də, Azərbaycan hökuməti də, cəbhədə-səngərdə düşmənlə üz-üzə dayanan, işğal olunmuş torpaqlarımızı qarış-qarış düşməndən azad edən əsgərimiz də, əsgər yolu gözləyən valideynlər də, övladlar da, bir sözlə, bütün vətəndaşlarımızın bütün gücü Qarabağ uğrunda mübarizədə səfərbərdir. İndi Qarabağ uğrunda döyüşən əsgərlərimizin böyük əksəriyyəti heç Qarabağı görməyiblər. Onlar anadan olanda artıq mənfur işğal planları reallaşmışdı, bu gənclər Qarabağı yalnız kitablardan, qarabağlıların xatirələrindən, kinofilmlərdən, internet materiallarından tanıyırlar. Lakin onlar cəbhədə böyük ürəklə və  böyük inamla döyüşürlər. Bu gün bölgəsindən, milliyətindən, dinindən asılı olmayaraq bütün ölkə vətəndaşlarının ürəyi Qarabağla döyünür. Dövlətimizin yürütdüyü güclü azərbaycançılıq ideologiyası uşaqdan-böyüyə bizim hamımızı, Azərbaycanda yaşayan bütün millətləri və xalqları bir amal ətrafında sıx birləşdirib.

Prezident cənab İlham Əliyev uzun illər münaqişənin sülh yolu ilə həll olunmasına çalışsa da son dövrlərdə baş verən proseslər bunun mümkün olmadığını göstərdi. Cənab Prezident həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə çıxışlarında həmişə münaqişənin sülh yolu ilə həll edilməsinə tərəfdar olduğunu dəfələrə bildirmişdi. Amma bunun əksinə olaraq Ermənistan rəhbərliyinin Azərbaycanın tarixi şəhəri olan Şuşada rəqs edərək, “Qarabağ Ermənistandır və nöqtə” deməsi münaqişənin hərbi yolla həll olunmasından başqa variantının olmadığını ortaya qoydu. Bu sözlərin cavabını cənab Prezident Soçidə keçirilən “Valday” Beynəlxalq Diskusiya Klubunun iclasının Plenar sessiyasında “Qarabağ Azərbaycandır və nida işarəsi” deməklə verdi. Əslində Ermənistan rəhbərliyinin cənab Prezident İlham Əliyevin qarşısında çarəsiz duruma düşməsi birinci dəfə deyildi. Münhen şəhərində baş tutan debat zamanı İlham Əliyev bütün dünyanın gözü qarşısında Nikol Paşinyana tarix və siyasət dərsi vermişdi.

44 gün ərzində isə bu dərsi Şanlı Ordumuz tarix yazaraq verdi. Azərbaycanın qəhrəman əsgər və zabitləri öz canları və qanları bahasına torpaqlarımızı düşmən işğalından azad etdilər. Azərbaycan əsgəri dünyaya bir qəhrəmanlıq nümunəsi göstərdi. Azərbaycan ordusu dünya hərb elminə yeni strategiyalar, yeni taktikalar  gətirdi. Bütün dünya mediyası ordumuzun Qarabağdakı hərbi əməliyyatlarda istifadə etdiyi yeniliklərdən, hərbi taktikalardan, strategiyalardan danışır. Azərbaycanın  əldə etdiyi qələbə və apardığı hərbi əməliyyatlar həm texniki imkanlar, həm də operativ addımlar əməliyyatın hazırlanması və icra edilməsi baxımından bütün dünyanın hərbi mütəxəssisləri tərəfindən öyrənilir. Bu yeni nəsil müharibə üsulu idi.

Bildiyimiz kimi strateji planlaşdırma qələbənin əldə olunmasını təmin edən əsas amillərdən biridir. Düzgün strategiya, vahid komandanlıq, ordumuzun mənəvi-psixoloji əhval ruhiyyəsinin yüksək olması düşmən üzərində şanlı qələbə çalmağımıza və ərazi bütövlüyümüzü bərpa etməyimizə səbəb oldu. Böyük Qələbənin əldə olunmasında bütün qoşun növlərinin öz xidmətləri vardır. 44 gün ərzində ərazilərimizin işğaldan azad olunmasında xüsusi təyinatlı qüvvələrin əvəzsiz xidmətləri olmuşdur. Aviasiya və pilotsuz uçuş aparatlarından səmərəli istifadə isə itgilərimizin minumuma endirilməsinə səbəb olmuşdur. Döyüş əməliyyatlarında Azərbaycan əsgərinin, zabitinin qəhrəmanlıqları haqqında hər gün yeni-yeni faktlar oxuyuruq. Ordumuzun 400 nəfərlik rəşadətli xüsusi təyinatlı qüvvələri Şuşada möhkəmləndirilmiş 3000 dən çox erməni döyüşçüsünün  bir hissəsini məhf etmiş, qalan hissələrini isə qaçmağa məcbur etmişdir. Təbii coğrafi istehkam olan Şuşa Rəşadətli Azərbaycan Ordusu tərəfindən bir neçə gün ərzində az itkilərlə və şəhərə böyük ziyan vurmadan azad edildi. Tarixdən xatırlayırıq ki, Ağa Məhəmməd Şah Qacar 1795-ci ildə Şuşa şəhərini 33 gün müddətində mühasirədə saxlasa da şəhərə daxil ola bilməmişdir.

Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Vətən müharibəsi Azərbaycan xalqının, Azərbaycan dövlətinin, onun iqtisadiyyatının, daxili və xarici siyasətinin hərbi qüdrətinin və beynəlxalq münasibətdə mövqeyinin vəhdətinin təcəssümü idi. Azərbaycan xalqı heç vaxt torpaqlarının itirilməsi ilə barışmaq fikrində deyildi və nəyin bahasına olursa-olsun torbaqlarımızı mənfur düşməndən azad etmək iddiasından bir addım belə geri çəkilməmişdi. 44 gün ərzində Azərbaycan Ordusu dayanmadan ancaq irəlilədi. Vətən müharibəsinin ilk anından hadisələr çox sürətlə inkişaf edirdi. 27-sı sentyabr 2020-cı ildə Azərbaycan respublikası düşmənin ardı-arası kəsilməyən təxribatlarının qarşısını almaq üçün son kəskin addımını atdı. Bununla da düşmən heç gözləmədiyi layiqli cavabını aldı. Hərbi əməliyyatların birinci gününün sonunda Azərbaycan Ordusunun rəşadəti və uğulu hərbi əməliyyatları nəticəsində Kəlbəcər rayonunda, Murovdağda və Ağdərə istiqamətində strateji əhəmiyyətli yüksəkliklər, həmçinin Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndləri düşməndən azad edildi. Ordumuz ilk gündə düşmənin müdafiə xəttini yarmağa nail oldu və bundan sonra bütün 44 gün ərzində yalnız irəli getdi.

44 gün davam edən hərbi əməliyyatlar zamanı xalq bir yumruq kimi birləşərək cənab Prezidentin və şanlı ordumuzun yanında oldu. Düzdür işğaldan azad olunan hər qarış torpağın uğrunda itgilərimiz oldu. 3000-ə yaxın şəhid verdik. Mənfur düşmən hərbi əməliyyatlar zonasından kənarda yerləşən böyük şəhərlərimizi ballistik raket atəşinə tutdu. Ancaq xalqımızın iradəsini qıra bilmədi. Cənab Prezident İlham Əliyevin dediyi kimi xalq-Prezident və ordu birliyi bir yumruq olub düşmənin belini qırdı. “Dəmir yumruq” əməliyyatı dünyaya şanlı Azərbaycan ordusunun gücünü göstərdi.Azərbaycan ordusu Dağlıq Qarabağın incisi olan Şuşa şəhərini, onun ardınca bir gündə 70-dən artıq yaşayış məntəqəsini və  8 strateji yüksəkliyi işğaldan azad etməklə Ermənistanı çökdürdü və kapitulyasiyaya məcbur etdi. Bununla da “Dəmir yumruq” əməliyyatı sona çatdı. Azərbaycanın ərazi bütövlüyü və tarixi ədalət  bərpa olundu. Bəli, şanlı ordumuz Azərbaycan xalqını qalib etdi. Artıq biz qalib xalqıq. Dünya xalqları arasında öz sözünü demiş xalqıq. Qisas qiyamətə qalmaz demişdir atalarımız. Cənab Prezidentimiz İlham Əliyevin dediyi kimi “Azərbaycan ordusu döyüş meydanında sözünü dedi”. Döyüş meydanında Xocalı qatillərini məhv etdi. Beləliklə xalqımızın qəhrəman övladlarının misilsiz qəhrəmanlığı və fədakarlığı nəticəsində qələbəni qısa müddətdə təmin etdik. Ordumuz Şuşanı işğaldan azad etməklə düşmənin döyüş ruhunu məhv etdi. Düşmən Azərbaycan ordusu qarşısında müqavimət göstərə bilmədi. Şuşa şəhərinin işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə hər il noyabırın 8-i “Zəfər Günü” kimi dövlətimiz və xalqımız tərəfindən təntənəli şəkildə qeyd edilməyə başlandı. Azərbaycan dövləti bu zəfəri həm döyüş meydanında, həm də siyasi müstəvidə qazandı. Öz Liderinin, öz Ordusunun gücü, xalqın sarsılmaz birliyi sayəsində zəfər əldə etdi. Qəhrəman əsgərlərimizin şücaəti, fədakarlığı nəticəsində biz torplaqlarımızı işğaldan azad etdik.

Beləliklə, əldə etdiyimiz bu tarixi zəfər, torpaqlarımızın azad edilməsi həm də Azərbaycan xalqının özünə inamını qaytardı, xalqın öz liderinə, onun gücünə etibarını daha da möhkəmləndirdi. Dünyanın harasında olmasından, harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı öz dövləti, onun zəfərləri ilə haqlı olaraq qürur duyur, azərbaycanlı olmağı ilə fəxr edir. Bu xoşbəxtliyi, bu qüruru bizə Ali Baş Komandan İlham Əliyev və rəşadətli Azərbaycan Ordusu yaşatdı. Bu müharibə Azərbaycan xalqının, onun Liderinin, Şanlı Ordumuzun gücünü bütün dünyaya nümayiş etdirdi. Qətiyyətli Lider, müzəffər Ordu, yenilməz xalq birliyi Azərbaycanın yeni və möhtəşəm tarixini yaradır.

 

 

Hüseynli Billurə- Elm xadimi




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki