2007-ci ildə Azərbaycan ilə Rusiya arasında humanitar sahədə əməkdaşlığa dair üçillik proqram təsdiq edilib. Proqramda mədəniyyət, səhiyyə, gənclər siyasəti və idman sahələrində birgə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Rusiyada çoxsaylı Azərbaycan diasporu fəaliyyət göstərir. Gənc azərbaycanlılar bu ölkədə bir çox klublar təşkil ediblər. Bu gün öz fəaliyyəti ilə diqqət mərkəzində olan Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı Rusiyanın müxtəlif guşələrində yaşayan, işləyən və təhsil alan, lakin tarixi Vətəni ilə sıx əlaqələr saxlamağa çalışan gənc azərbaycanlıların birliyidir.
İki ölkə arasında münasibətlər çoxşaxəlidir. İqtisadi, siyasi əlaqələrlə yanaşı, ölkələr arasında idman sahəsində qarşılıqlı münasibətlər də yüksək səviyyədədir. Azərbaycan Gənclər və İdman Nazirliyi digər ölkələrin gənclər və idman təşkilatları ilə əlaqələrin qurulmasında maraqlıdır. Bu istiqamətdə Rusiya və onun subyektləri ilə qarşılıqlı münasibətlər də istisna deyil. Belə ki, Azərbaycanın nazirlik və gənclər təşkilatlarının nümayəndələri Rusiyada keçirilən tədbirlərdə fəal iştirak edir, Rusiya nümayəndələri isə Azərbaycana gəlirlər. Rusiyanın MDB İşləri, Xaricdə Yaşayan Həmvətənlər və Beynəlxalq Humanitar Əməkdaşlıq üzrə Federal Agentliyinin xətti ilə ötən il Azərbaycanda Rusiya Mədəniyyət-İnformasiya Mərkəzinin açılışı olub. Agentlik ictimai əlaqələrin və rus dilinin inkişafına fəal kömək etmək niyyətindədir. Son vaxtlar Rusiya-Azərbaycan Dostluq Cəmiyyətinin fəaliyyəti xeyli canlanıb. Agentlik Rusiyadakı Azərbaycan diasporu ilə müəyyən işlər aparmağı planlaşdırır. Bu məqsədlə agentliyin mütəxəssisləri müştərək layihələrin həyata keçirilməsi məsələlərini müzakirə etmək üçün azərbaycanlı həmkarları ilə, habelə, Bakı Slavyan Universitetinin, Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının rəhbərliyi ilə görüşlər təşkil ediblər.
Turizm sahəsi də humanitar əməkdaşlığın genişlənməsində xüsusi rol oynayır. Azərbaycanın zəngin turizm potensialı, son illərdə turizm infrastrukturunun fəal inkişaf etməsi ölkəmizə gələn turistlərin Azərbaycanın təbiəti, xalqımızın adət və ənənələri ilə, milli mətbəximizlə daha yaxından tanış olmasına imkan verir.
Ölkəmizin paytaxtında Azərbaycan-Rusiya əlaqələrinin inkişafı istiqamətində növbəti və olduqca mühüm bir addım atılıb. Belə ki, Bakıda Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumu keçirilib. Əksər ekspertlərin də qeyd etdikləri kimi bu Forum qədim qonşuluq münasibətlərinə malik, demək olar ki, yetmiş ildən də artıq bir dövlətin daxilində yaşayan xalqların, mədəniyyətlərin bir-birinə daha da yaxınlaşmasına imkan verəcək.
Əhmədova Cavahir YAP- ın üzvü


























