image-muxtar-nagiyevbackend

Azərbaycan-İtaliya münasibətləri hazırda heç zaman olmadığı qədər möhkəmdir

image-reklam_sirab_01

Azərbaycanla İtaliya arasında münasibətlər strateji xarakter daşıyır və iki ölkə arasında əməkdaşlıq həm siyasi, həm iqtisadi, həm də humanitar sahədə dinamik inkişaf edir. Azərbaycan və İtaliya münasibətləri hazırda heç zaman olmadığı qədər möhkəmdir.
Azərbaycan yenidən müstəqilliyini qazandıqdan sonra İtaliya ilə çox səmərəli münasibətlər qurub və indiyə qədər dövlətlər arasında tərəfdaşlıq böyük inkişaf yolu keçib. Azərbaycan və İtaliya beynəlxalq müstəvidə də daim bir-birini dəstəkləyib, iki ölkə arasında böyük etimad formalaşıb. 30 ilə qədər davam edən Qarabağ münaqişəsi zamanı da İtaliya beynəlxalq qanunlara əsaslanaraq ədalətli mövqe nümayiş etdirib. 44 günlük Vətən müharibəsi zamanı da İtaliya Azərbaycanın haqlı mövqeyini dəstəklədi. Məhz bu dostluğun nəticəsidir ki, İtaliya işğaldan azad edilmiş ərazilərdə yenidənqurma işlərinə cəlb edilən ilk ölkələrdəndir.
İtaliya Azərbaycanın xarici ticarət dövriyyəsində mühüm yer tutur. Cari ilin yanvar-iyul aylarında Azərbaycanın neft-qaz məhsullarının ixracında İtaliya ilk yerdə qərarlaşıb.
Azərbaycanla İtaliya arasında əməkdaşlıq təkcə iqtisadi və siyasi deyil, eyni zamanda, bu əlaqələri daha da möhkəmləndirən güclü humanitar komponent üzrə aparılır. Əminik ki, geniş əməkdaşlıq əlaqələrinin məhz bu formada davam etdirilməsi gələcəkdə daha effektiv nəticələr verəcək.
Azərbaycanla İtaliya arasında humanitar sahədə əməkdaşlıq xüsusi anlam daşıyır. Bu istiqamətdə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın da misilsiz xidmətləri vardır. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Müqəddəs Sebastian katakombaları, Müqəddəs Marçellinio və Pietro katakombaları bərpa olunub və görülən bu işlərə görə Azərbaycanın Birinci vitse-prezidentinə böyük minnətdarlıq ifadə olunub.
Əməkdaşlıq çərçivəsində İtaliya universitetinin yaradılması, o cümlədən, İtaliya ilə Azərbaycan arasında tələbə mübadiləsinin həyata keçirilməsi kimi planlar təhsil sahəsində əlaqələri gücləndirəcək.
Bütün bu işlər Azərbaycan və İtaliya xalqlarının yaxınlaşması, bir-birini daha yaxından tanıması və gələcəkdə daha geniş tərəfdaşlıq və əməkdaşlıq münasibətlərinin qurulması üçün çox vacib addımlardır. Ümumilikdə, humanitar istiqaməti əsas götürərək, xüsusilə, İtaliya və Azərbaycan arasında turizm, tələbə mübadiləsi, elm,mədəniyyət sahəsində əməkdaşlıq siyasi və iqtisadi sahələrdə münasibətlərimizin daha da dərinləşməsinə gətirib çıxara bilər.

Muxtar Nağıyev
YAP Səbail rayon təşkilatının sədri

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki