image-reklam-veteninfo
image-photo-2022-04-11-12-26-46-1backend

Azərbaycan millisinin cari ilin 8 aprel tarixində görüşü

image-reklam-veteninfo

Heydər Əliyevin ölkəmizə hələ birinci rəhbərliyi dövründə digər sahələrdə olduğu kimi, idmanın da inkişafına böyük diqqətlə yanaşılmış, gələcək inkişaf perspektivləri ciddi nəzərə alınmışdı. O illərdə idmanın maddi-texniki bazasının yaradılması üçün çox iş görülmüşdü. Bir çox idman kompleksləri, qurğuları, zalları tikilmiş, meydançalar salınmış, böyük idman-sağlamlıq mərkəzləri yaradılmışdı. 1970-ci illərdə Bakıda 250 idman meydançası və şəhərciyi salınmışdı. 1973-cü ildə Bakıda möhtəşəm idman sarayının təməli qoyularaq inşa edildi. 1974-cü ildə ölkənin 36 rayonunda 59 uşaq-gənclər idman məktəbi fəaliyyət göstərirdi. Heydər Əliyevin Azərbaycanın idman siyasətinin həyata keçirilməsi sahəsindəki xidmətləri əvəzsizdir. Ulu öndər idmançıların cəmiyyət həyatındakı rolunun artması, özlərinə layiqli yer tutmaları üçün əlindən gələni əsirgəməmişdir. Dövlətin idman siyasətinin həyata keçirilməsi üçün 1994-cü ildə Heydər Əliyevin fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı.
Heydər Əliyev idmanın, bədən tərbiyəsinin inkişafını hər bir sivilizasiyalı xalqın ali ideallarının təcəssümü olmaqla yanaşı, həm də dövlətin beynəlxalq nüfuz və mövqelərinin təntənəsi kimi qiymətləndirirdi. Ulu öndər idmanın dövlətimizin dünyada tanınmasında, imicinin möhkəmlənməsində müstəsna rolunu önə çəkərək deyirdi: “İdman, bədən tərbiyəsi xalqın sağlamlığı ilə bağlı olan mühüm sosial sahədir. Azərbaycan bayrağı dünyada, demək olar ki, iki dəfə qaldırılır. Bu, bir Azərbaycanın dövlət başçısı hər hansı ölkəyə gələrkən və bir də idmançılarımız beynəlxalq yarışlarda çempion adını qazanarkən baş verir. Azərbaycan himni səslənir, dövlət bayrağı qaldırılır”.
Cənab Prezident İlham Əliyev digər sahələrdə olduğu kimi, idman sahəsində də Ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirir. Cənab İlham Əliyevin idman və bədən tərbiyəsinin tərəqqisi, Azərbaycanın dünya idman ailəsinin bərabərhüquqlu üzvünə çevrilməsi üçün atdığı addımlar ölkənin bütün idman ictimaiyyəti tərəfindən razılıqla qarşılandı. Cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlər qısa zaman kəsiyində öz bəhrəsini verməyə başladı. İdmançılara dövlət qayğısı ilə yanaşı, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlərə start verildi.
Cənab İlham Əliyev idman və bədən tərbiyəsinin inkişafı sahəsində kompleks tədbirlərin həyata keçirilməsini diqqətdə saxlamış, daim respublikamızın idman imicinin yüksəlməsinə çalışmışdır. İdmana dövlət qayğısı daha da artmış, ölkəmizin iqtisadi inkişafına, artan maliyyə imkanlarına uyğun olaraq onun maddi-texniki bazasının möhkəmləndirilməsi yolunda ciddi işlərə başlanılmışdır. Dövlət başçısı Azərbaycanın bütün rayonlarında idmanla məşğul olmaq üçün müasir tələblərə cavab verən infrastrukturun formalaşdırılmasını mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmişdir. Bütün bunlar isə gənc nəslin sağlam ruhda tərbiyəsinə, respublikamızda idmanın kütləviləşməsinə xidmət edir.
Azərbaycanda idman siyasətinin düzgün qurulduğunu bu sahədə qazanılmış uğurlu nəticələr təsdiqləyir. Bir vaxtlar maddi çətinliklər üzündən respublikamızı tərk etmiş çoxlu sayda idmançı gənc geri qayıdaraq respublikamızın idman şərəfini uca tutur, üçrəngli bayrağımızı göylərə qaldırır. Ölkəmizdə beynəlxalq səviyyəli yarışlar təşkil olunur, idmançılarımız hər il müxtəlif idman növləri üzrə keçirilən Avropa və dünya çempionatlarında uğurlu nəticələr göstərirlər. Dövlət başçısı İlham Əliyevin bu yarışları izləməsi, idmançılarımıza mənəvi və maddi dəstək verməsi, onları ruhlandırması da vacib məqam kimi vurğulanmalıdır.
İdman sahəsində qazanılan nailiyyətlər həm də dövlətin ümumi inkişaf səviyyəsini, iqtisadi potensialını müəyyənləşdirən vacib meyarlardan biri kimi təbliğati-siyasi məzmun kəsb edir. Bu baxımdan Azərbaycanın dinamik inkişafı idmanda qazanılan uğurlarla bir paralellik təşkil edir. Qazanılan nailiyyətlərdən biridə Budapeştdə keçirilmiş Avropa çempionatında güləşçimizin xalqımızı qürurlandıran uğuru olmuşdur.16 medal ilə Vətənə qayıdan idmançılarımız bir daha Azərbaycanın gücünü bariz nümunə ilə dünyaya sübüt edərək ölkəmizin idman şöhrətini yüksəklərə qaldırdılar. Bu medalların birini qadın idmançımız qazandı.Təbii ki, bu da  Azərbaycan qadının zəkası, müdrikliyi, qəhrəmanlığıdının tarix boyu təsdiqlənmiş sübutu. Qalanlarını isə sərbəst güləş və yunan-Roma güləşi üzrə komandalarımızın qazandığı nailiyyətlərdir. Beləliklə həm sərbəst güləş, həm yunan-Roma güləşi üzrə komandalarımız Avropada birinci oldular. Bu, böyük qələbədir, böyük nailiyyətdir. Avropada birinci olmaq, istənilən idman növündə birinci olmaq böyük uğur hesab edilə bilər. Əlbəttə ki, bir daha Azərbaycan güləşçilərimiz bizim güləşimizi təbliğ etmişlər, çünki güləş bizim ənənəvi idman növümüzdür. Güləşin çox böyük ənənələri vardır və bu ənənələr yaşayır.
Azərbaycan millisinin üzvləri ilə görüşdə olan İlahm Əliyev çıxışında bildirdi:” Bir müddət bundan əvvəl elə bu otaqda gənc güləşçilərlə görüş zamanı onlara bildirmişdim, yarışa çıxanda unutmamalıdırlar ki, müzəffər ölkəni və qalib xalqı təmsil edirlər. Mən onları da gənclər arasında Avropa çempionatında birinci yerlə bağlı ürəkdən təbrik edərkən demişdim ki, onlar gələcəkdə də bizi sevindirməlidirlər, böyüklər arasındakı yarışlarda çıxış edərkən bu uğurları təkrar etməlidirlər. Həm gənclər, həm böyüklər arasında Avropada birinci yeri tutmaq bir daha demək istəyirəm ki, böyük nailiyyətimizdir və onu göstərir ki, güləşdəki ənənələrimiz yaşayır və güclü gənc nəsil yetişir. Böyüklər arasında biz öz gücümüzü hər dəfə təsdiqləyirik, həm ölkəmizin idman şöhrəti və bütövlükdə ölkəmizin nüfuzu artır.

Əminəm ki, böyüklər arasında keçirilmiş çempionatda bizim idmançılarımız da eyni fikirlə, eyni duyğu ilə yarışlara çıxırdılar və bu yüksək məsuliyyəti dərk edirdilər. Çünki doğrudan da, cəmi 44 gün ərzində böyük tarixi Qələbə qazanmış xalqı təmsil etmək həm böyük qürurdur, həm də böyük məsuliyyətdir. İdmanın inkişafı və idman nailiyyətləri təkcə ölkəmizi dünyada təbliğ etmir, gücümüzü göstərmir, eyni zamanda, cəmiyyətdə vətənpərvərlik hisslərini gücləndirir. Məhz vətənpərvərlik, Vətənə olan sədaqət, fədakarlıq bizi Qarabağın azad olunması uğrunda müharibədə irəliyə aparırdı.

Gənc nəsil də mütləq vətənpərvərlik ruhunda tərbiyə almalıdır, milli ruhda tərbiyə almalıdır, milli dəyərlər əsasında tərbiyə almalıdır və Azərbaycan dövləti buna nail olmaq üçün bütün imkanlardan istifadə edir. Vətənpərvərliyi daha da gücləndirən amillərdən biri, əlbəttə ki, tarixi-hərbi Zəfərimizdir və eyni zamanda, idman uğurlarımızdır. Əminəm ki, Azərbaycan vətəndaşları – həm idmansevərlər, həm də idmanla o qədər də maraqlanmayan vətəndaşlar həmişə idman arenalarında əldə edilmiş qələbələrin xəbəri gələndə sevinirlər. Hamımız sevinirik, çünki sevinirik ki, siz buna nail olmusunuz. Bu, sizin həyatınızda çox əlamətdar və unudulmaz hadisədir. Bu titul – Avropa çempionu, yaxud da ki, gümüş, bürünc mükafatçısı əbədi sizinlə olacaqdır. Həm də biz hamımız sevinirik. Çünki gənc nəsil yetişir, gənclər Vətəni ləyaqətlə təmsil edirlər, hərə öz yerində, idmançı, hərbçi, mütəxəssis. Hər bir Azərbaycan vətəndaşı öz əməyi ilə ölkəmizi gücləndirir. Məhz buna görə bu gün Azərbaycan dünyada sürətlə inkişaf edən ölkə kimi tanınır və dünyada nadir ölkələrdəndir ki, öz taleyini özü həll edir, müəyyən edir, öz siyasətini müstəqil şəkildə aparır və istər döyüş meydanlarında, istər siyasi arenalarda qələbə qazanır.”
İdmançılarımızın hər dəfə beynəlxalq arenalarda qazandıqları qalibiyyətlər, bayrağımızı ucaltmaları dövlətimizə şərəf gətirən amillərdir. Azərbaycan Respublikası bu gün öz tarixinin çox şərəfli, böyük irəliləyişlər, inkişaf və tərəqqi dövrünü yaşamaqdadır. Ulu öndərin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli siyasət strategiyası bu gün onun layiqli varisi – Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən inamla davam etdirilir. Təbii ki, idman da diqqət və qayğıdan kənarda deyil. Bu qayğı və şəxsən dövlət başçısı cənab İlham Əliyevin diqqəti idmançılarımızı yeni qələbələrə səsləyir.

 

Musayeva Aydan – Nəsimi rayon təhsil işçisi

 

 




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki