Azərbaycanın milli maraqlarının təmin olunması istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü siyasətin uğurları davamlılığı ilə diqqət çəkir. Tarixi Zəfərimizdən sonra Azərbaycanın beynəlxalq münasibətlərdə artan rolu göz önündədir. Azərbaycan iki ilə yaxındır ki, beynəlxalq səviyyəli tədbirlərə qalib ölkə kimi qatılır, ən əsası 30 ilə yaxın dövrdə dünyaya etdiyi çağırışlar hazırda öz təsdiqini tapır. Baxmayaraq ki, 30 ilə yaxın dövrdə ölkəmiz dünyanın ikili standartlara əsaslanan siyasətinin yaratdığı problemləri yaşadı. Dünya gücləri tarixi Zəfərimizin yaratdığı reallıqları qəbul edir, regionda sülhün və təhlükəsizliyin təmin olunmasına dəstək göstərməyə hazır olduqlarını bildirirlər.
Prezident İlham Əliyevin görüşləri və apardığı danışıqlar nəticəsində postmüharibə dövründə yeni format – Brüssel sülh gündəliyi yarandı. İlk üçtərəfli görüş 2021-ci il dekabrın 14-də keçirilib, bununla da Prezident İlham Əliyev və Şarl Mişel tərəfindən Brüssel sülh gündəliyinin əsası qoyulub. Proseslərin davamı və inkişafı olaraq tərəflər arasında intensiv təmaslar aparılıb, telefon danışıqları keçirilib. Məhz bu görüş, Azərbaycanın milli maraqlarının təmin olunması istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü siyasətin növbəti bir böyük uğurudur. Prezident İlham Əliyevin Brüsselə səfəri, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Ermənistanın baş naziri Nikol Paşinyanla görüşləri və əldə olunmuş nəticələr dövlət başçısının dünyada böyük nüfuzunun göstəricisidir. Əlbəttə ki, bu qərar, ədalətli sülhün və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətində atılmış mühüm bir qərardır. 2022-ci ilin aprel ayının 6-da 4 saat yarımdan artıq davam edən görüşün nəticəsi olaraq Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başlanması və bununla bağlı işçi qrupun yaradılması qərara alınıb. Məsələ ilə əlaqədar Azərbaycan və Ermənistan xarici işlər nazirliklərinə müvafiq təlimatlar verilib. Sülh razılaşmasının əsas komponenti Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif aparılmasıdır. Sözügedən sənəddə isə, əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür.Nəticəsi olaraq sərhəddə gərginlik aradan qaldırılır.
Bu razılıq gərginliyin azalmasına xidmət edən razılıq olub. Belə ki, tərəflərin sərhəd məsələləri üzrə birgə komissiya yaratması, birinci növbədə sərhədlərin delimitasiya prosesinə başlaması qərara alınıb. Həmçinin işğaldan azad olunmuş ərazilərin minalardan təmizləmə, itkin düşmüş şəxslərin tapılması, eləcədə quruculuq işlərində Avropa İttifaqı tərəfindən Azərbaycana dəstək göstərilməsi də nəzərdə tutulur. Tarixi sahibinə qayıdan torpaqlarımızda bərpa və quruculuq işlərinin tez başa çatması bu ərazilərin minalardan təmizlənməsindən asılıdır. Avropa İttifaqı bu prosesə öz dəstəyini göstərməklə işlərin qısa zamanda tamamlanmasında və 30 ilə yaxın torpaq həsrəti ilə yaşayan soydaşlarımızın Böyük Qayıdışının təmin edilməsində maraqlı olduğunu nümayiş etdirir. Azərbaycan və Ermənistan Avropa İttifaqına etimad göstərirlər. Bölgədə sülhün, təhlükəsizliyin təmin olunmasına, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasına nail olmaq üçün Avropa İttifaqının göstərdiyi səylər dünya dövlətləri tərəfindən də yüksək dəyərləndirilir. Belə ki, dövlət başçısının Belçika Krallığına işgüzar səfərindən əvvəl ABŞ-ın dövlət katibi Entoni Blinken Prezident İlham Əliyevə zəng vuraraq 2022-ci il aprelin 6-da Brüsseldə Avropa İttifaqının dəstəyi ilə Ermənistan və Azərbaycan arasında liderlər səviyyəsində keçiriləcək görüşə ABŞ-ın önəm verdiyini bildirmişdir. Prezident İlham Əliyev regionda sülhün və sabitliyin təmin olunması, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsi üzrə danışıqlara başlanması, nəqliyyat bağlantıları və kommunikasiyaların qurulması üçün Azərbaycanın irəli sürdüyü təkliflərini və mövqeyini diqqət çatdırmışdır.
Görüşdə bölgədə təhlükəsizlik mühiti və Aİ-nin regional sabitlikdəki roluna diqqət yetirilib Avropa İttifaqı 44 günlük müharibədən sonra yaranmış yeni geosiyasi reallığı qəbul edir və öz mövqeyində yaranmış yeni reallığa əsaslanır. Münaqişə həll olunduğuna görə ATƏT-in Minsk Qrupu lazımsız təsisata çevrilib. Avropa İttifaqının dəstəyi ilə Ermənistan və Azərbaycan arasında birbaşa danışıqları nəzərdə tutan yeni mexanizm və format yaranmışdır. Bütün bu proseslər cənab Prezident İlham Əliyevin apardığı qətiyyətli və düşünülmüş siyasətinin məntiqi nəticəsidir. Azərbaycan 44 günlük Vətən müharibəsi zamanı döyüş meydanında əldə etdiyi qələbəni siyasi müstəvidə də davam etdirməkdədir.
Son Brüssel görüşü də təsdiq etdi ki,münaqişənin həllinə ən çox dəstək ola biləcək qurum məhz Avropa İttifaqıdır.Bu nüfuzlu beynəlxalq təşkilatın rəsmi mövqeyi regionda daha qısa zamanda sülhün formalaşdırılmasına xidmət edir. Digər tərəfdən, həm Azərbaycan, həm də Ermənistan münaqişənin həllində Avropaya etimad göstərirlər. Bu da sülhün əldə edilməsi imkanlarını genişləndirməklə yanaşı, prosesin daha intensivləşməsinə xidmət edir. Qərəzsiz və bitərəf mövqe nümayiş etdirməyə çalışan Avropa İttifaqı dünyada mövcud olan ən böyük siyasi və iqtisadi mərkəzlərdən biri olmaqla yanaşı, eyni zamanda son illər təsir dairələrini daha genişləndirməkdədir.
Azərbaycanla Avropa İttifaqı arasında iqtisadi əlaqələrin dərinləşməsi, köhnə qitənin enerji təhlükəsizliyinin formalaşmasında ölkəmizin rolunun və əhəmiyyətinin daha da artması, Aİ Şurasının Prezidenti Şarl Mişellə Prezident İlham Əliyev arasında intensiv dialoq və təmaslar və qurumun bölgədə dayanıqlı stabilliyin əldə edilməsində rolunun artması da bundan xəbər verir. Etiraf etmək lazımdır ki, Avropa İttifaqı Azərbaycan Prezidenti ilə yaxın təmasları, mütəmadi telefon danışıqları və rəsmi dialoqların təşkil edilməsini Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olmasında mühüm amil kimi görür. Son görüşün nəticələri regionda artıq yeni düzənin formalaşmasından və onun dərinləşəcəyindən xəbər verir. Qonşuluqda stabillik Avropada da sülhün dayanıqlığı baxımdan çox vacibdir. Rusiya-Ukrayna müharibəsi bu reallığı bir daha təsdiq etdi. Azərbaycan Prezidenti cənab İlham Əliyev dünyanın ən güclü diplomatlarından biridir. Dövlətlərarası münasibətlərin ruhunu, onların inkişaf perspektivlərini olduqca dəqiqliklə görə bilir, müəyyənləşdirir. Buna uyğun dövlətimizin mövqeyini formalaşdırır.Bunun nəticəsidir ki, biz 44 günlük Vətən müharibəsində ciddi siyasi-diplomatik elementlərə söykənən platforma üzərində hərbi qələbəmizi qazandıq.
Humay Muradova
Nəsimi rayon sakini


























