image-reklam-veteninfo
image-photo-2022-04-23-11-59-13backend

Azərbaycan-Qırğızıstan əməkdaşlığı

image-reklam-veteninfo

 

 

Azərbaycan ilə Qırğızıstan münasibətləri qədim tarixə malikdir. Belə ki, azərbaycanlılar və qırğızlar eyni kökə, mədəniyyətə, qədim tarixi münasibətlərə və ənənələrə malikdirlər. Bundan başqa bu xalqları dil və din eyniliyi də birləşdirir.Hər iki xalq Çar imperiyası və Sovetlər ittifaqı dönəmində vahid mərkəzdən idarə olunublar. Hər iki ölkə SSRİ-nin tərkibində müttəfiq respublika olmuşlar. Elə həmin dövrdə də onlar arasında iqtisadi və mədəni əlaqələr formalaşmışdır. SSRİ dağıldıqdan, postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra bu münasibətlər daha da inkişaf etməyə başlamışdır.Hazırda Qırğızıstanda 20 minə qədər azərbaycanlı yaşayır. Onlar Qırğızıstanın ictimai-siyasi həyatında yaxından iştirak edirlər. Qırğızıstanda yaşayan azərbaycanlıların əksəriyyəti 1930-cu illərin repressiyaları zamanı Azərbaycandan sürgün olunanlar və onların övladlarıdır. Qırğızıstandakı Azərbaycan diasporunun nümayəndələri ölkənin biznes sahəsində, iqtisadiyyatın digər sahələrində fəal iştirak edirlər. Ölkənin tanınmış cərrahları, iş adamları arasında da azərbaycanlılar çoxdur. Azərbaycanlılar əsasən, Bişkek, Talas, Qara-Balta şəhərlərində yaşayırlar. Öz tarixi yurdlarından ayrı yaşamalarına baxmayaraq, Qırğızıstanda yaşayan azərbaycanlılar dil və adətlərini qoruyub saxlamışlar.

Azərbaycanla Qırğızıstan arasında diplomatik münasibətlər 19 yanvar 1993-cü ildə qurulub. Lakin bu əlaqələr ilk vaxtlar özünün intensivliyi ilə seçilməyib. 1 aprel 2002-ci ildə Qırğızıstan Azərbaycanda Fəxri Konsulunu təyin edib. 16 may 2007-ci ildə Azərbaycan Respublikasının Qırğızıstanda səfirliyi açılıb, 18 yanvar 2008-ci ildə isə Qırğızıstan Azərbaycana yeni səfirini təyin edib. Müstəqilliyin ilk illərində Azərbaycan-Qırğızıstan əlaqələri Mərkəzi Asiyanın digər türk dövlətləri ilə olduğu kimi, əsasən, beynəlxalq və regional təşkilatların işində əməkdaşlıq çərçivəsində həyata keçirilib. İkitərəfli münasibətlərin genişlənməsində isə ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olub.

1997-ci il aprelin 23-də Qırğızıstan prezidenti Əsgər Akayev Azərbaycan prezidenti Heydər Əliyevin dəvəti ilə Azərbaycana ilk rəsmi səfərini edib. Prezident Heydər Əliyev və Prezident Əsgər Akayevin təkbətək görüşü olub. Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib. Sonra isə nümayəndə heyətinin iştirakı ilə Azərbaycan – Qırğızıstan danışıqları keçirilib. Danışıqlar zamanı prezident Heydər Əliyev nitq söyləyib: “… Azərbaycan bundan sonra da bütün sahələrdə Qırğızıstan üçün çox etibarlı tərəfdaş olacaq, qarşılıqlı surətdə faydalı əməkdaşlığı inkişaf etdirməkdən ötrü bütün imkanlardan istifadə edəcəkdir… “. Qırğızıstan Prezidentinin səfəri zamanı Azərbaycan Respublikası ilə Qırğızıstan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Qırğızıstan Respublikası Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş, turizm sahəsində əməkdaşlıq haqqında Sazişlər də daxil olmaqla müxtəlif sahələri əhatə edən 14 sənəd imzalanıb. Sənədlərin imzalanmasından sonra prezidentlər birgə mətbuat konfransı keçiriblər.

1998-ci il sentyabrın 7-8-də Bakıda keçirilən TRACECA proqramı çərçivəsində Tarixi İpək yolunun bərpası üzrə Beynəlxalq Konfransın işində Qırğızıstan Prezidenti Əsgər Akayev də iştirak edib. Konfransda “Avropa-Qafqaz-Asiya Dəhlizinin inkişafı üçün beynəlxalq nəqliyyat üzrə Əsas Çoxtərəfli Saziş” (Əsas Saziş) və onun Texniki Əlavələri imzalanıb.

Bundan başqa, Əsgər Akayev 2000-ci il aprelin 8-9-da Türkdilli Dövlət Başçılarının Bakıda keçirilmiş VI Zirvə görüşündə və “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubiley tədbirlərində iştirak edib. Zirvə görüşündə prezident Əsgər Akayev nitq söyləyib.

25 yanvar 2000-ci ildə Moskvada keçirilən MDB iştirakçı dövlətlərinin Dövlət başçıları şurasının ıclasında prezident Heydər Əliyevlə prezident Əsgər Akayevin növbəti görüşü baş tutub.

26-27 aprel 2001-ci il tarixlərində İstanbulda kecirilmis Turkdilli Dovlət Bascılarının Zirvə görüşündə və 1-3 avqust 2001-ci ildə Soçi səhərində MDB ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşündə prezident Heydər Əliyev prezident Ə.Akayev ilə görüşüb.

10 dekabr 2003-cü ildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Cenevrədə keçirilən İnformasiya Cəmiyyəti üzrə Dünya Sammitinin işi zamanı Qırğızıstan prezidenti Əsgər Akayevlə görüşüb. Görüş zamanı Qırğızıstan prezidenti Dağlıq Qarabağ probleminə toxunaraq deyib ki, biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik və bu mövqeyimizdə qalacağıq.

1997-ci ildə Azərbaycan Respublikası Hökuməti və Qırğızıstan Respublikası Hökuməti arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında, ticarət-iqtisadi əməkdaşlığı haqqında Sazişlərin imzalanmasına, tərəflərin iqtisadi sahədə münasibətləri genişləndirmək niyyətlərinə baxmayaraq, Azərbaycanla Qırğızıstan arasında iqtisadi münasibətlər yüksək səviyyədə deyil.

2009-cu ildə Azərbaycanın Qırğızıstanla ticarət əlaqələri (min ABŞ dolları ilə) qeyd edilən kimi olub: İdxal 7 51,6; ixrac 4 558,5; xarici ticarət saldosu 3 806,9.

2008-ci ilin fevral-mart aylarında dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun anadan olmasının 80 illiyi münasibətilə Azərbaycanda bir sıra təntənəli tədbirlər keçirilib. Prezident İlham Əliyev Ç.Aytmatovu Azərbaycan və Qırğızıstan arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edib. Qırğız şairi Eqemberdi Ermatov dahi şairimiz Nizami Gəncəvinin “Yeddi gözəl” əsərini qırğız dilinə tərcümə edib. 2008-ci ildə Bişkekdəki “Salam” nəşrlər evi “Azərbaycanlılar Qırğızıstanda” kitabını rus dilində çap edib.

Azərbaycanın Qırğızıstan üçün yanacaq sürtkü məhsulları istehsalçısı olaraq həmin bazarı şaxələndirərək Rusiyadan asılılığı azaltması baxımdan əhəmiyyətli tərəfdaş olduğu qeyd olunur. Bununla yanaşı ölkənin mədən hasilat, su enerji, kənd təsərrüfatı kimi sektorlarına azərbaycanlı sahibkarları sərmayə yatırmağa çağırılır.

 

Nəsimi rayon sakini Hüseynli Billurə

 

 




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki