Azərbaycan ilə Qırğızıstan münasibətləri qədim tarixə malikdir. Belə ki, azərbaycanlılar və qırğızlar eyni kökə, mədəniyyətə, qədim tarixi münasibətlərə və ənənələrə malikdirlər. Bundan başqa bu xalqları dil və din eyniliyi də birləşdirir. Hər iki xalq Çar imperiyası və Sovetlər ittifaqı dönəmində vahid mərkəzdən idarə olunublar. Hər iki ölkə SSRİ-nin tərkibində müttəfiq respublika olmuşlar. Elə həmin dövrdə də onlar arasında iqtisadi və mədəni əlaqələr formalaşmışdır. SSRİ dağıldıqdan, postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra bu münasibətlər daha da inkişaf etməyə başlamışdır. Hazırda Qırğızıstanda 20 minə qədər azərbaycanlı yaşayır.Onlar Qırğızıstanın ictimai-siyasi həyatında yaxından iştirak edirlər. Qırğızıstanda yaşayan azərbaycanlıların əksəriyyəti 1930-cu illərin repressiyaları zamanı Azərbaycandan sürgün olunanlar və onların övladlarıdır. Qırğızıstandakı Azərbaycan diasporunun nümayəndələri ölkənin biznes sahəsində, iqtisadiyyatın digər sahələrində fəal iştirak edirlər. Ölkənin tanınmış cərrahları, iş adamları arasında da azərbaycanlılar çoxdur.
Bu gün Azərbaycan-Qırğızıstan münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə çatır. Aprelin 20-də Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğızıstanın dövlət başçısı Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub. Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan və Qırğızıstan bütün sahələrdə fəal qarşılıqlı əlaqə saxlamaq əzmindədir. Strateji Tərəfdaşlıq haqqında Bəyannamə bizim münasibətlərimizi keyfiyyətcə yeni səviyyəyə çatdıracaq. Prezident İlham Əliyev bildirib ki, ölkələrimiz arasında diplomatik münasibətlər qurulmasından ötən müddətdə çox iş görülüb. Görüşdə çıxış edən Prezident Sadır Japarov bildirib ki, Qırğızıstan-Azərbaycan qarşılıqlı münasibətlərinin əsası beynəlxalq miqyaslı tarixi şəxsiyyət, Azərbaycanın ümummilli lideri möhtərəm Heydər Əliyev tərəfindən qoyulub. Sənədlərin imzalanma mərasimindən sonra Prezident İlham Əliyev və Prezident Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər.
Dövlətimizin başçısı bildirib ki, Qırğızıstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda ənənəvi olaraq həmişə bir-birini dəstəkləyir. Biz Qoşulmama Hərəkatında Azərbaycanın sədrliyi müddətinin uzadılmasında Qırğızıstanın dəstəyinə görə minnətdarıq. Biz BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ECO çərçivəsində həmişə bir-birimizi dəstəkləyirik.
Prezident İlham Əliyev qırğızıstanlı həmkarı ilə təkbətək görüşdə investisiya layihələrinə dair çox məsələləri müzakirə etdiklərini diqqətə çatdıraraq deyib: “Bu gün geniş tərkibdə görüşdə bu barədə daha ətraflı danışacağıq – nəqliyyat infrastrukturu ilə bağlı məsələlər, bizim nəqliyyat imkanlarımızı birləşdirməyin mümkünlüyü. Biz Qırğızıstanda və Azərbaycanda həyata keçirilmiş layihələr və onları qarşılıqlı faydalı şəkildə necə əlaqələndirməyin mümkün olması barədə fikir mübadiləsi aparmışıq. Kənd təsərrüfatında əməkdaşlığın inkişafı ilə bağlı məsələləri də müzakirə etmişik. Burada da böyük perspektivlər var. Yəni, məsələlərin əhatə dairəsi genişdir”.
Azərbaycan Prezidenti əmin olduğunu bildirib ki, səfərin yekunlarına əsasən əldə edilmiş razılaşmaların reallaşması üçün konkret proqram müəyyən ediləcək.
Bu gün biz Qırğızıstan ilə Azərbaycan arasında münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə çatdırdıq. İndicə müvafiq Bəyannaməni imzaladıq. Bu, tarixi xarakterli mühüm sənəddir və tamamilə aşkardır ki, bizim münasibətlərimizin inkişafında yeni mərhələyə hər iki tərəfin səyləri sayəsində çatmışıq. Bizim hədəfimiz beynəlxalq məkanlarda fəal qarşılıqlı əlaqə, siyasi dialoqun möhkəmlənməsi, daha sıx iqtisadi əlaqələr yaradılması və inkişaf etdirilməsi, iri investisiya layihələrinin birgə həyata keçirilməsi, habelə humanitar əməkdaşlığın daha da genişləndirilməsidir. Əlbəttə, bu, etibarlı təməl, xalqlarımız arasında dərin tarixi və mənəvi əlaqələr olmadan mümkün olmazdı.
Leyla Əliyeva /Sahibkar


























