image-arpbackend

Azərbaycan Respublikaçılar Partiyası-BƏYANAT VERDİ

image-reklam_sirab_01

Veteninfo.az xəbər verir ki, Azərbaycan Respublikaçılar Partiyası bəyanat yayıb.

Bəyanatı olduğu kimi təqdim edirik:

Azərbaycan xalqı  44 günlük Vətən müharibəsinin başlanmasının  ildönümünü qeyd edir. Bir qəhrəmanlıq dastanı olan Vətən müharibəsinin hər bir günü şanlı tarix, qürur anıdır. Sentyabrın 27-dən başlayaraq Azərbaycan xalqı həm şəhidlərini anacaq, həm qaziləri, hərbçiləri ilə fəxr edəcək, həm də bir il öncəki günləri yenidən xatırlayacaq. Amma çox təəssüflər olsun ki, anti-azərbaycan dairələri Vətən Müharibəsində tarixi qələbənin birinci ildönümü ərəfəsində Azərbaycanın dövlət siyasəti, ölkədə mövcud durum və hakimiyyətdə təmsil olunmuş müxtəlif yüksək vəzifəli şəxslərə qarşı ünvanlı qarayaxma kampaniyasına başlamaq niyyətindədirlər. Səbəb də ondan ibarətdir ki, qələbə və zəfər Azərbaycan xalqının, dövlətinin yüksəlişi, Ermənistan, Rusiya və İranın qürubudur. Ona görə də, həm xaricdən, həm də daxildən  hücumlara başlamaqla tarixi  Zəfərə ləkə salmağa, xalqın qələbəsini  gözdən salmağa  çalışacaqlar.

Azərbaycan Respublikaçılar Partiyası hesab edir ki, Qərbin müəyyən dairələrinin və onların təsiri altında olan media və QHT-lərin, ekspertlərin bu tipli hücumları əvvəlki illərdə də müşahidə olunub. Hər dəfə Azərbaycanla bağlı mühüm məsələlər gündəlikdə duranda və ya Azərbaycanda beynəlxalq ictimaiyyətin diqqətini cəlb edəcək tədbirlər keçiriləndə bu tipli hücumlar  təşkil olunur. “Eurovision-2012”ni, I Avropa Oyunlarını, IV İslam Həmrəyliyi Oyunlarını, “Formula-1”, beynəlxalq futbol yarışlarını, mühüm enerji və iqtisadi layihələri xatırlasanız kifayət edər…

Bu dəfə 44 günlük Vətən müharibəsindəki Zəfərimizin hədəf seçilməsi də təsadüfi deyil. Qərb dairələri bununla beynəlxalq ictimaiyyətin diqqətini keçirilən tədbirlərdən yayındırmaq, əsassız və qərəzli şəkildə Azərbaycanı hədəfə gətirmək, Ermənistan-Azərbaycan münaqişəsinin həllində Azərbaycana əlavə problemlər yaratmaq məqsədi güdürlər. Azərbaycanın tarixi Qələbəsindən sonra həmin dairələr ölkəmizdə müharibə dövründə daha da möhkəmlənmiş, sarsılmaz hal almış milli birlikdən bərk narahatdırlar. Azərbaycan Respublikaçılar Partiyası ümummilli məsələlərdə həmişə olduğu kimi vətən müharibəsində də  milli həmrəyliyə nail olmaq üçün dövlətin yanında olduğu bəyan etmişdir. Məhz buna görə də təşkil olunan yeni kampaniyanın əsas məqsədi milli birliyi, xalqın öz liderinə, hakimiyyətə olan inamını və etibarını sarsıtmaqdır. Diqqət  verin, Fransa, Niderland, Lüksemburq kimi ölkələr Azərbaycan əleyhinə qərarlar verir, bunun ardınca ABŞ-dan Sevinc Osmanqızı, Fransadan Qənimət Zahid, eləcə də İsa Sadıqov, Fəhmin Hacıyev, Arif Yunus, Leyla Yunus, qondarma professor Cəmil Həsənli, Azərbaycanın daxilindən Əli Kərimli, Arif Hacılı, Əli Əliyev, Tofiq Yaqublu kimilər xalqın zəfərinə kölgə salmaq, qələbənin əhəmiyyətini azaltmaq üçün həmin qərarların icrasını həyata keçirirlər.

Müəllifi Prezident  İlham Əliyev olan və dünya siyasəti gündəliyinə, beynəlxalq medianın leksikonuna Qarabağ Azərbaycandır, Şərqi Zəngəzur, Zəngəzur dəhlizi kimi ifadələrin daxil olması da , Qərb dairələri ciddi narahat edir. Məhz bu səbəbdən, Qərb dairələri Azərbaycanın müharibədə qələbəsini həzm edə bilmir  və sülh prosesinə zərbə vurmağa çalışırlar. Sosial  mediada  son zamanlar təşkil olunan ünvanlı qarayaxma kampaniyalarının əsas məqsədi də budur. Həmin dairələr qondarma problemləri ortaya atır, onun beynəlxalq miqyasda müzakirəsini təşkil etməyə, mövzunu Azərbaycanın informasiya məkanına keçirməyə çalışırlar. Son zamanlar İranın sərhədlərimizdə hərbi təlimlərə başlaması, uçuşlar həyata keçirməsi, gizli yollarla Ermənistana və Xankəndinə yüklər daşıması, molla rejiminin  Azərbaycanı təhdid etməsi, Azərbaycan daxilində etnik separatizm mövzularının qabardılması, qazilər, şəhid ailələri, sosial məsələlər ilə bağlı qondarma problemlərin gündəm edilməsi  ümumi təxribat planlarının tərkib hissəsidir. Ona görə də, Azərbaycan ictimaiyyəti, siyasətçiləri və  mediası belə məsələlərdə həssas olmalı, bu tipli kampaniyaları təşkil edənlərə və daxildə ondan yararlanmağa çalışanlara meydan verməməli və öz qəti sözünü deməlidirlər.

Azərbaycan Respublikaçılar Partiyası   təxribatçı  subyektlərin Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə zidd olan məsələləri gündəmə gətirməsinə ciddi etirazını bildirir. Bu prosesdə yubanma, gecikmə yalnız xalqımıza, dövlətimizə zərər gətirə bilər.  VƏTƏN MÜHARİBƏSİ TARİXİMİZƏ QIZIL HƏRFLƏRLƏ YAZILDI.

                 

Bəyanat Azərbaycan Respublikaçılar Partiyasının 27.09.2021 tarixli Ali Məclisinin iclasında qəbul edilmişdir.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki