Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyi ilbəil möhkəmlənir. Rəsmi Bakının həyata keçirdiyi milli maraqlara söykənən, müstəqil və praqmatik xarici siyasət beynəlxalq tərəfdaşlar tərəfindən də təqdir olunur. Eyni zamanda, bütün ölkələrlə bərabərhüquqlu, qarşılıqlı hörmət və etimad əsasında qurulan münasibətlərdə yalnız müsbət dinamika müşahidə edilməkdədir. Ümumiyyətlə, Azərbaycan beynəlxalq münasibətlər sisteminin tamhüquqlu üzvü kimi istər regionda, istərsə də qlobal miqyasda sabitləşdirici roluna görə rəğbət qazanıb. Bu mənada, 2021-ci ili də ölkəmiz üçün uğurlu il kimi dəyərləndirə bilərik. 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı böyük Qələbə ötən bir il ərzində diplomatik müstəvidə daha da möhkəmləndi, ölkəmizin üzv olduğu təşkilatlar, tərəfdaş dövlətlər rəsmi Bakının yaratdığı və bölgənin inkişafına yönələn reallıqları artıq qəbul edirlər. BMT, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, NATO, GUAM, İslam Əməkdaşlığı Təşkilatı, Türk Dövlətləri Təşkilatı və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində qəbul edilmiş bəyanat və sənədlərdə regionda dayanıqlı sülhə, münaqişədən sonrakı bərpa-yenidənqurma işlərinə dəstəyin ifadə olunması bunu bir daha təsdiqləyir.Azərbaycan beynəlxalq qurumlara sədrlik missiyasını da uğurla yerinə yetirərək yüksək səviyyədə liderlik təcrübəsi nümayiş etdirir. Belə ki, 2021-ci ildə ölkəmizin BMT-dən sonra dünyada ikinci ən böyük təsisat olan Qoşulmama Hərəkatına sədrliyi uğurla davam etdirilib. Təsadüfi deyil ki, Qoşulmama Hərəkatına 3 illik sədrliyi 2022-ci ildə bitməli olan Azərbaycan üzv dövlətlərin təşkilata əlavə 1 il sədrlik etmək müraciətini müsbət cavablandırıb. Bu, üzv dövlətlərin Azərbaycana etimadının göstəricisidir. Paralel olaraq, Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi COVID-19 pandemiyası ilə mübarizədə qlobal təşəbbüslərin müəllifi olaraq aktiv fəaliyyətini davam etdirib. Təsadüfi deyil ki, ölkəmiz indiyədək dünyanın 80-ə yaxın ölkəsinə və üç beynəlxalq təşkilata yardım göstərib. Ötən il martın 23-də BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə qəbul edilib. Dekabrın 16-da BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Assambleyanın plenar iclasında Hərəkatın sədri qismində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Hərəkat üzvləri adından irəli sürülmüş “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə də BMT-yə üzv dövlətlərin mütləq əksəriyyətinin dəstəyi ilə qəbul edilib. Bu, Azərbaycanın qlobal təşəbbüslərinin beynəlxalq miqyasda təqdir olunduğunu bir daha təsdiqləyir.
Azərbaycan-Rusiya münasibətləri
Azərbaycanla Rusiya arasında münasibətlər, əlaqələr uzun bir tarixi dövrü, yüzillikləri əhatə edir. Bu iki ölkəni, Azərbaycan və rus xalqını təkcə sərhədlər deyil, həm də tarixi, siyasi, mədəni, sosial bağlar bir-birinə bağlayır, birləşdirir. Bütün sahələrdə Rusiya ilə Azərbaycan əməkdaşlığı yüksələn xətt üzrə inkişaf edir. Deyərdim ki, bu münasibətlər hər iki dövlətin qarşılıqlı maraqları çərçivəsində bütün sahələrdə özünü göstərir və hər iki dövlətin milli mənafeyinə əsaslanır. İqtisadi-ticari əlaqələrimizə nəzər salsaq, görərik ki, bu sahədə ildən-ilə artım müşahidə olunur. Belə ki, əmtəə dövriyyəsinin həcmi 3 milyard dolları keçib. Bu da, təbii ki, yüksək göstəricidir. Ölkəmizdə qeyri-neft sektorunun sürətli inkişafında da şimal qonşumuzla əlaqələr mühüm rol oynayır. Bu sahədə istehsal olunan mallar daha çox Rusiya bazarlarına ixrac olunur.
Bu iki xalq və dövlət arasındakı münasibətlər təkcə sərhədlərə dayanan qonşuluqla bağlı deyil, həm də dostluq və əməkdaşlığa əsaslanır. Bəzən bu münasibətlərdə (əsasən üst qatlarda) müəyyən qalxmalar, enmələr, təbəddüllatlar olsa da, amma alt qatlarda – xalqlar, sadə insanlar arasında heç zaman ziddiyyətlər, gərginliklər, enmələr-qalxmalar yaşanmayıb.
Moskva Bəyannaməsi
2022-ci il fevralın 22-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin tərəfindən imzalanmış “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında” Bəyannamənin bütün müddəaları Azərbaycanın milli maraqlarına tam uyğundur. Hətta bu sənədi Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə və təhlükəsizliyinə növbəti dəstək kimi də qiymətləndirmək olar. Moskva Bəyannaməsinin əsas fəlsəfəsi ölkələrin qarşılıqlı olaraq müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına hörmət nümayiş etdirərək münasibətlərin güclə hədələməmək prinsipləri üzərində qurulmasına dair öhdəlikdir. Moskva Bəyannaməsində ölkələrin müstəqilliyinin və ərazi bütövlüyünün tanınmasının xüsusi qeyd olunması regiondakı yeni düzən fonunda olduqca vacib məqamdır. Bəyannamədə hər iki ölkənin müstəqil xarici siyasət yürütməsi qeyd olunur və tərəflər bir-birinə qarşı yönəlmiş hərəkətlərdən çəkinməyə dair öhdəlik götürürlər. Sənəddə mühüm məqamlardan biri də 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın, o cümlədən 11 yanvar 2021-ci il tarixli və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların müddəalarının həyata keçirilməsinin vacibliyinin vurğulanmasıdır. Son anlaşma 10 noyabr bəyannaməsinin yerinə yetirilməsi üçün yeni rıçaqlar verir və imkanlar yaradır. Bu isə Zəngəzur Dəhlizinin açılması kimi öhdəliklərin reallaşmasına növbəti dəstəkdir. Bu baxımdan da Rusiya ilə müttəfiqlik sahəsində qarşılıqlı əməkdaşlıq bəyannaməsinin imzalanması tarixi hadisədir.
Nəticə
Beləliklə, Azərbaycanın xarici siyasət kursu Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi başlıca prinsiplər əsasında yeni şəraitə uyğun olaraq davam etdirilməkdədir. Hazırda dünyada müşahidə olunan sürətli geosiyasi, iqtisadi və hərbi-təhlükəsizlik proseslərinin məntiqinə uyğun olaraq milli maraqlar çərçivəsində xarici siyasətin qarşısında konkret vəzifələr qoyulub. Cənab Prezident onları dəqiq şəkildə tapşırıq kimi xarici siyasətlə məşğul olan qurumlara çatdırıb. Dövlət başçısı xarici siyasətdə sistemlilik, davamlılıq, ardıcıllıq, reallığı nəzərə almaqla yanaşı, ədalətlilik və beynəlxalq hüququn normalarına tam əməl etmək kimi amillərə də böyük önəm verir. Azərbaycan dünyəvi, demokratik və ədalətli dövlət kimi beynəlxalq aləmdə fəaliyyətini yeni səviyyəyə yüksəltməkdə qərarlıdır. Bu o deməkdir ki, xarici siyasətdə bizi yeni-yeni uğurlar gözləyir. Azərbaycan xalqı şübhə etmir ki, bütün sahələr kimi, xarici siyasət də əmin əllərdədir. Ölkənin ərazi bütövlüyü tam təmin ediləcək, işğalçılar ərazilərimizdən qovulacaq və insanlarımız öz yurdlarına dönəcəklər. Azərbaycan Prezidenti bundan sonra da yüksək intellekti, diplomatik peşəkarlığı və əyilməz siyasi iradəsi ilə Ulu Öndərin əsasını qoyduğu milli müstəqil dövlətçiliyin inkişafı üçün yorulmadan zəhmət sərf edəcək!
Validə Qasımova,
, Bakı şəhəri 240 saylı orta məktəb


























