Müasir dövrdə hər bir dövlətin beynəlxalq münasibətlər sistemində layiqli mövqe tutaraq özünü bərabərhüquqlu tərəfdaş kimi təsdiqləməsi, milli maraq və məna- feyini yüksək səviyyədə müdafiə etməsi, qlobal təhdid və çağırışlara adekvat cavab verməsi, diplomatik əməkdaşlıq sferasında həlledici uğurlara imza atması onun çağdaş dünya nizamının reallıqlarına cavab verən xarici siyasəti necə qurmasından bilavasitə asılıdır. 2003-cü ilin oktyabrından respublikaya inamla rəhbərlik edən cənab İlham Əliyev ulu öndərin böyük uzaq-görənliklə irəli sürdüyü xarici siyasət kursunu yeni dövrün tələblərinə uyğun davam etdirərək, Azərbaycanın beynəlxalq arenada nüfuzunun daha da yüksəlməsinə, milli maraqlarını maksimum səviyyədə qorumasına nail olmuşdur.
Azərbaycanın xarici siyasətində bu prinsip aydın ifadə olunur – qonşularla əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi və şaxələndirilməsi. Qonşu ölkələrlə yüksək səviyyəli münasibətlərin qurulması Prezident İlham Əliyevin prioritet hesab etdiyi sahələrdəndir. Azərbaycan Respublikasının müstəqilliyini tanımış ilk dövlət olan və bugünədək mövqeyimizi dəstəkləməkdə davam edən Türkiyə Cümhuriyyətilə münasibətlər son dərəcə mühümdür. Azərbaycan və Türkiyənin bölgədə baş verən geosiyasi və iqtisadi vəziyyətin inkişafına, trans-regional iqtisadi layihələrin gerçəkləşdirilməsinə münasibəti, eləcə də rəsmi Ankaranın Ermənistan-Azərbaycan münaqişəsinin həllinə yönəldilmiş səyləri, müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində atdığı addımlar da daxil olmaqla, onların mövqelərinin tam uyğunluğunu və bu iki ölkə arasında əməkdaşlığın keyfiyyət səviyyəsini nümayiş etdirir.
Rusiyanın Cənubi Qafqazda güclü nüfuzunu nəzərə alaraq, Azərbaycanın xarici siyasəti böyük əhəmiyyətə malik şimal istiqamətinə xüsusi diqqət ayırır. Bölgədə gərginliyin azaldılması və mehriban qonşuluq şəraitinin yaradılması naminə səylər göstərən Azərbaycan Rusiya ilə iqtisadi, siyasi, ictimai və mədəni sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın daha da təkmilləşdirilməsinin tərəfdarıdır.
Müstəqilliyinin ilk günlərindən Azərbaycan İranla münasibətlərinə böyük əhəmiyyət vermişdir. Azərbaycan qonşu İranla siyasi, iqtisadi və mədəni sahələrdə qarşılıqlı faydalı əlaqələrin gücləndirilməsinə çalışır.
Azərbaycanla maraqları oxşar olan Gürcüstan arasında əməkdaşlıq və tərəfdaşlığın hərtərəfli intensivləşməsi ölkəmiz üçün başlıça əhəmiyyət kəsb edən məsələlərdən biridir. Azərbaycanın bu dövlətlərlə ümumi maraqlarının mövcudluğu, Xəzərin hidrokarbon ehtiyatlarının dünya bazarlarına çatdırılması və Avropanı Asiya ilə birləşdirmək naminə tarixi “İpək Yolu”nun bərpa edilməsi, eləcə də ümumi təhlükəsizliyə qarşılıqlı təminatların verilməsi kimi birgə trans-regional layihələrdə iştirak həmin münasibətlərin vacibliyini bir daha sübuta yetirir.
Mərkəzi Asiya ölkələrilə münasibətlər də Azərbaycanın xarici əlaqələr sistemində əhəmiyyətli yer tutur. Mərkəzi Asiya dövlətlərinin Azərbaycanın əsas iştirakçılardan biri olduğu layihələrə qoşulması ümumi tarixi və mədəni köklərdən əlavə, bu ölkələrlə iqtisadi və siyasi təmasın da daha sıx olmasına öz töhfəsini vermişdir. Həmin siyasətin nəticələrindən biri odur ki, Azərbaycan Mərkəzi Asiya üçün Avropa məkanına və bazarlarına etibarlı körpü ola bilmişdir.
Nəsimi rayonu R.Nəsirov adına 111 saylı tam orta məktəb
Fehruzzadə Xatirə Qurban qızı


























