image-367098_srcbackend

Azərbaycan Türkiyə arasında Hərbi tərəfdaşlıq

image-reklam_sirab_01

Azərbaycan ilə Türkiyə arasında hərbi sahədə əməkdaşlıq, eyni zamanda, bölgədə sülh və təhlükəsizliyin təmini baxımından mühüm əhəmiyyət kəsb edir. 2010-cu ilin sentyabrında imzalanmış “Azərbaycan və Türkiyənin Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılması” haqqında Birgə Bəyannamə isə əlaqələrin inkişafında yeni mərhələnin əsasını qoyub.
Məlum olduğu kimi, Azərbaycan Türkiyənin hərbi təhsil sahəsində ən sıx əməkdaşlıq etdiyi və Türkiyə Silahlı Qüvvələri tərəfindən təhsil dəstəyinin təmin edildiyi ölkələr arasında ön sıradadır. 11 avqust 1992-ci ildə imzalanmış “Hərbi təhsil sahəsində əməkdaşlıq haqqında” müqavilə və 10 iyun 1996-cı ildə imzalanmış “Hərbi sahədə təhsil, texniki və elmi əməkdaşlıq razılaşması” çərçivəsində Türkiyə ilə Azərbaycan hərbi təhsil sahəsində əməkdaşlıq edir.
Bu günə qədər Türkiyə Silahlı Qüvvələrinin təhsil müəssisələrində 5000-ə yaxın azərbaycanlı hərbçi təhsil alıb. Hazırda azərbaycanlı hərbçilərin bir qrupu Türkiyənin təhsil müəssisələrində təhsillərini davam etdirir. Azərbaycan Silahlı Qüvvələrinin yenidən təşkilinə kömək etmək məqsədilə hər il müəyyən kvotalar daxilində Türkiyədə azərbaycanlı hərbi qulluqçular təhsil alırlar.
Bundan başqa, Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti Türkiyənin keçirdiyi hərbi təlimlərə müşahidəçi qismində dəvət olunur, həmçinin, iki ölkə arasında ikitərəfli əsasda xüsusi təlimlər də icra edilir.

Iki ölkə arasında hərbi əməkdaşlığın bugünkü vəziyyətini 3 vacib məsələ müəyyənləşdirir:
Birincisi, NATO ilə əməkdaşlıq sənədləri. Bu çərçivədə NATO-nun aparıcı ölkələrindən olan Türkiyə Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsinə kömək göstərir;
İkincisi, Azərbaycanın təhlükəsizlik sənədləri və iki ölkə arasında imzalanmış strateji müqavilələr. Nəzərə alınmalıdır ki, Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyası və Hərbi Doktrinasında Türkiyənin adı Azərbaycanın milli təhlükəsizliyinin təminatçısı rolunda göstərilməsə də Azərbaycan ərazisində xarici hərbi iştirakın mümkünlüyünə dair məqamlar öz əksini tapıb. Xüsusilə də iki ölkənin prezidentləri tərəfindən ötən il Bakıda imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında” müqavilədə nəzərdə tutulanlar Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının güclənməsinə təkan verir;
Üçüncüsü, Türkiyənin milli regional maraqları və həmçinin, qardaş ölkənin milli təhlükəsizlik sənədləri ilə bağlıdır. Nəzərə alınmalıdır ki, 2009-cu ildən etibarən Türkiyənin milli təhlükəsizlik sənədlərində dəyişiklik prosesi başlayıb. Bu sənədlər dünyada və bölgədə mövcud olan reallıqlara uyğunlaşdırılır. Sözügedən sənədlərdə Cənubi Qafqaz bölgəsi də Ankara üçün strateji prioritetlərdən hesab edilir. Bu baxımdan Cənubi Qafqaz ölkələri ilə, xüsusilə də Azərbaycanla hərbi əməkdaşlığın dərinləşdirilməsi Türkiyənin dövlət və milli maraqlarından irəli gəlir.
Ekspertlərin qənaətinə görə, iki ölkə arasında hərbi əməkdaşlıq baxımından perspektiv planlar da mövcuddur. Buraya hərbi kadrların hazırlanması, maddi-texniki təchizat məsələlərindən tutmuş, müdafiə sənayesi sahəsində yeni birgə əməkdaşlığa qədər məsələlər daxildir. Məhz bu baxımdan tərəflər o fikri bölüşürlər ki, perspektivdə iki ölkə arasında hərtərəfli hərbi əməkdaşlığın gücləndirilməsi istiqamətində yeni imkanlar mövcuddur. Türkiyə Azərbaycana taktiki və strateji dövrdə hərbi dəstəyini davam etdirməkdə qərarlıdır.
Eyni zamanda, Ermənistanın işğalı nəticəsində nəzarətdən kənar qalmış Azərbaycan sərhədlərindən qeyri-qanuni məqsədlərlə istifadə məsələsi Türkiyə-Azərbaycan hərbi əməkdaşlığı üçün mühüm istiqamətlərdən hesab olunur. İki ölkə terrorizmdən əziyyət çəkməklə bu istiqamətdə ayrı-ayrılıqda və birgə mübarizənin bu günü və perspektivlərini həmişə diqqət mərkəzində saxlayır.
Azərbaycanda sərhəd təhlükəsizliyi sisteminin təşkili, əməliyyat şəraiti və bu istiqamətdə Türkiyənin göstərə biləcəyi dəstək də mühüm hesab edilir.
Və nəhayət, iki ölkə arasında hərbi təhsil, kadrların hazırlanması sahəsində əməkdaşlığın inkişafı prioritet sahələrdən biridir. Bu istiqamətdə ciddi planların olduğu bildirilir.

Azərbaycan Turizm Və Menecment Üniversiteti
Şamilli Ziya


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki