image-photo-2022-11-08-11-07-42-1backend

Azərbaycan və Əlcəzair xalqlarının mübarizə əzmi

image-reklam_sirab_01

 

Əlcəzair daima Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyib

Azərbaycan tarixən ərəb dövlətləri ilə sıx əlaqələrə malik olub. Ərəb ölkələri ilə ortaq dini dəyərlər bu əlaqələrin davamlı olmasına rəvac verib. Bu baxımdan Azərbaycan Afrika qitəsinin ən inkişaf etmiş dövlətlərindən biri olan Əlcəzair Xalq Demokratik Respublikası ilə də əlaqələrini gücləndirib. İki dövlət arasında diplomatik münasibətlər və parlamentlərarası dostluq əlaqələri mövcuddur. Eyni zamanda siyasi, iqtisadi, mədəni və digər sahələr üzrə iki ölkə arasında əməkdaşlıq edilir. Əlcəzair daima Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyib. Əlbəttə ki, bu ölkə ilə əlaqələrin gücləndirilməsi qarşılıqlı iqtisadi münasibətlərin inkişafı baxımından da önəmlidir.

Azərbaycan-Əlcəzair münasibətlərinin səmimi dostluğa söykənməsi Prezident İlham Əliyevin Əlcəzair Prezidenti Abdelmacid Tebbuna Əlcəzair Xalq Demokratik Respublikasının noyabrın 1-də qeyd olunan milli bayramı – İnqilab Günü münasibətilə yazdığı təbrik məktubundan bir daha aydın görünür: “Ənənəvi dostluq və qardaşlıq telləri ilə bir-birinə bağlı olan ölkələrimiz arasında münasibətlərin bugünkü səviyyəsi məmnunluq doğurur və biz bu münasibətlərə böyük əhəmiyyət veririk. Ötən illər ərzində Azərbaycan ilə Əlcəzair arasında ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlıq konstruktiv məcrada inkişaf etmişdir. Bu mənada, beynəlxalq təşkilatlar, xüsusilə də İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı etimad və dəstəyə əsaslanan əməkdaşlığımızı xüsusi qeyd etmək istərdim”. Onu da deyək ki, Azərbaycanla Əlcəzair arasında diplomatik və xidməti pasportlara malik şəxslər qarşılıqlı viza tələbindən azad edilib. Belə ki, “Azərbaycan Respublikası Hökuməti ilə Əlcəzair Xalq Demokratik Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportlara malik şəxslərin qarşılıqlı viza tələbindən azad edilməsi haqqında” Saziş təsdiqlənib. Bununla bağlı Prezident İlham Əliyev oktyabrın 21-də Azərbaycan Respublikasının Qanununu imzalayıb.

Yeri gəlmişkən, Prezident İlham Əliyev 1 noyabr tarixində Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzair şəhərində keçirilən Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında iştirak edib. Toplantıdakı çıxışı zamanı Prezident İlham Əliyev bir sıra vacib məqamlara, eləcə də Azərbaycanın Qoşulmama Hərəkatındakı roluna toxunub. Dövlətimizin başçısı qeyd edib ki, Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan beynəlxalq arenada mühüm rol oynayır: “120 ölkəni bir araya gətirən Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisatdır. Azərbaycan 2019-cu ildən bu təsisatın sədridir və biz bütün üzv dövlətlərin yekdil səsi ilə seçilmişdik. Bu da bizim mövqeyimizə və siyasətimizə yüksək səviyyəli dəstəyi və rəğbəti nümayiş etdirir. Bizim sədrliyimiz bir daha yekdil qərarla 2023-cü ilin sonuna qədər uzadılmışdır. Biz bunu bir daha siyasətimizə verilən qiymətin əlaməti kimi görürük. Qoşulmama Hərəkatının  Ərəb Dövlətləri Liqasına üzv olan dövlətlərlə çox yaxşı münasibətləri var. Yaxın gələcəkdə bizim əməkdaşlığımız genişlənəcək, yeni xarakter və yeni dinamika alacaq”. Nəzərə çatdıraq ki, Prezident İlham Əliyev Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısına, həmçinin Qoşulmama Hərəkatının sədri kimi dəvət edilib.

Azərbaycan və Əlcəzair xalqları oxşar faciələr yaşayıblar. Azərbaycan xalqı Ermənistanın işalçılığından, Əlcəzair xalqı isə Fransa müstəmləkəçiliyindən uzun illər əziyyət çəkib. Hər iki xalq düşmənlərinə qarşı mübarizə əzmi göstərərək Qələbə əldə ediblər. Prezident İlham Əliyev nitqində bu məqamı da böyük təəssüf hissi ilə qeyd edib: “Azərbaycan da Əlcəzair kimi işğaldan əziyyət çəkib. Bizim torpaqlarımız otuz il Ermənistanın işğalı altında qalmışdı. Bütün bu işğal illəri ərzində biz həmişə ərəb qardaşlarımızın dəstəyini, İslam Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərin dəstəyini hiss edirdik”.

Cənab Prezident çıxışında Fransanı Əlcəzairdə törətdiyi soyqırımı cinayətlərinə görə sərt tənqid edib: “Fransanın Əlcəzair xalqına qarşı törətdiyi zorakılığı, kütləvi qəddarlığı dünya heç zaman unutmamalıdır. Fransa yüz ildən çox bir müddət ərzində Əlcəzair xalqına qarşı çox dəhşətli müharibə aparmışdır. Bu müharibə 1,5 milyon əlcəzairlinin ölümü ilə nəticələnmişdir. Gələcəkdə belə faciələrin qarşısının alınması üçün əlimizdən gələni etməliyik”. Xatırladaq ki, Prezident İlham Əliyev Əlcəzairə səfəri çərçivəsində paytaxtdakı Şəhidlər abidəsini və Milli Mücahidlər Muzeyini ziyarət edib. Fransa müstəmləkəsinə qarşı Əlcəzairin azadlığı uğrunda mübarizədə həyatını qurban vermiş döyüşçülərin xatirəsinə ucaldılmış Şəhidlər abidəsi ölkənin müstəqilliyinin 20-ci ildönümü münasibətilə tikilib. Azərbaycan və Əlcəzairdə həyata keçirilən soyqırımıları eyniləşdirəndə Fransa və Ermənistanın təcavüzkar xarakterə malik ölkə olduğunu görürük. Hər ikisi dünya tarixinə işğalçılıq siyasəti yürüdən və terrorizmi dəstəkləyən ölkə olaraq düşüblər. Bu gün Fransa ilə Ermənistanı soyqırımı siyasəti birləşdirir. Bu baxımdan hazırda Fransanın Ermənistana dəstək verməsi anlaşılandır…

Aybəniz  Rüstəmova 

Avrasiya universitetinin Humanitar fənlər və regionşünaslıq kafedrasının müdiri,

tarix üzrə fəlsəfə doktoru, dosent

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki