Sentyabrın 27-də Ermənistan silahlı qüvvələri daha genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutmağa başladı. Mülki əhalinin atəşə tutulması nəticəsində dünənə qədər 26 dinc sakinimiz yaralanıb. Yaralanan mülki əhali əsasən Tərtər, Daşkəsən, Füzuli və Ağdam rayon sakinləridir. Azərbaycana qarşı əsrlərlə soyqırım siyasəti aparan ermənilərin hələ də bu siyasəti davam etdirməsi, Azərbaycana erməniləri işğal olunan ərazilərdən məcburi çıxarmaqdan başqa seçim qoymur. Rahatlıqla “Azərbaycanın Vətən Müharibəsi” adlandıra biləcəyimiz bu savaşa artıq başlanılıb. Müəyyən uğurlar əldə edən Azərbaycan Ordusu addım-addım irəlləyərək işğal altında olan ərazilərimizi təmizləməkdə davam edir.
Xalqımız bir daha əmin oldu ki, düşmənə sipər olan igid, qorxmaz və qəhrəman hərbçilərdən ibarət qüdrətli Ordumuz xalqın həmrəyliyi, mənəvi dəstəyi ilə bu Vətən Müharibəsində mütləq qələbə çalacaq.
Azərbaycan xalqının Ordumuza etimadı sonsuzdur. Xalqımız Ordumuza inanır, ona etibar edir, rəğbət bəsləyir və onu qəlbən sevir. Dünyanın hər yerində həyata keçirilən Ordumuza dəstək aksiyası və könüllü olaraq ordu sıralarına yazılmaq və ərazi bütövlüyümüz uğrunda döyüşlərə qatılmaq istəyənlərin sayı da buna əyani sübutdur. Və bu hadisələr bir daha təsdiq etdi ki, Xalq öz Ordusunu, Şəhidini, Döyüşçüsünü sevir və dövlət ilə birlikdə onların arxasında dayanmağa, ona diqqət və qayğı ilə yanaşmağa qadirdir. Prezident İlham Əliyev hər dəfə yeni kənd və şəhərlərimizin işğaldan azad olunması xəbərini xalqa çatdıranda bu, insanlarda qələbəyə böyük ümid yaradırdı. Hətta azad olunmuş ərazilərdə bütün infrastrukturun dağıdılması belə xalqımızın qələbə əzminə təsir etmədi, indi onlar səbirsizliklə doğma torpağa qayıdacaqları günü gözləyirlər. Prezident İlham Əliyev həmişə deyirdi ki, o, nəyi nə vaxt edəcəyini yaxşı bilir. Bu gün döyüş meydanında baş verənlər Azərbaycan Prezidentinin uzaqgörənliyini, onun hadisələrə fərqli yanaşma bacarığını ortaya qoydu. Bu, həm də xalqın öz liderinə sonsuz inamının, ona etimadının təntənəsi idi. Bu qələbə bir xalq kimi bizim gücümüzü göstərdi, Azərbaycanın bir dövlət kimi potensialını nümayiş etdirdi. Bunu düşmən də, onun havadarları da gördü. Gördülər ki, ötən 30 ildə Azərbaycan öz haqlı davasından bir addım da geri çəkilməyib və Azərbaycan Prezidenti döyüş meydanında tarixi ədaləti bərpa etməkdə qərarlıdır. Bu, işğalçını sülhə məcbur etmək, düşmənə layiq olduğu yeri göstərmək üçün əsil ölüm-qalım mübarizəsi idi. Biz həm də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin arzusunun, onun öz davamçısına vəsiyyətinin tarixi reallığa çevrilməsini gördük. İlham Əliyev ata vəsiyyətini yerinə yetirməklə Azərbaycan tarixinə şanlı səhifə yazdı. Doğma xalqı qarşısında bütün zamanların ən dəyərli missiyasını uğurla həyata keçirən Böyük Sərkərdənin başçılıq etdiyi müzəffər ordu 1992-ci il mayın 8-də əlimizdən zorla alınan Şuşanı da 2020-ci ilin noyabrın 8-də doğma nəfəslərlə isindirdi.


























