image-001backend

Azərbaycan xalqı tarixi ədaləti özü bərpa etdi

image-reklam_sirab_01

Aprelin 26-da Prezident İlham Əliyevin BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının 77-ci sessiyasındakı çıxışı dünya dövlətlərini Ermənistanın təcavüzkar, xain, işğalçı, pozucu və dağıdıcı siyasəti ilə bir daha tanış etdi. Artıq bu çıxışla bölgədə nələrin baş verdiyini və nələrin dəyişdiyini təhlil etmək mümkündür.
Ölkə başçısı işğal altında olan ərazilərin terror yuvasına çevrilməsi, kəndlərin, şəhərlərin viran qoyulması, həmçinin insanlıqla bir araya sığmayan fauna və floranın vəhşicəsinə məhv edilməsinin Ermənistanın dövlət siyasəti olduğunu bir daha bəyan etdi və ötən ilin sentyabrında müharibənin başlamasına erməni təxribatının səbəb olduğuna diqqət çəkdi. Ölkəmizin dinc sakinlərinin yaşadığı ərazilərin ağır artilleriyadan atəşə tutulması və sakinlər arasında ölən və yaralananların olması Azərbaycan Ordusunu əks-hücum əməliyyatlarına məcbur etdi və Azərbaycan bu məsələdə haqlı idi. Bu açıqlama ilə sessiya iştirakçılarına əyan oldu ki, bu təxribatın qarşısı alınmasaydı, Ermənistan işğal siyasətini daha da genişləndirmək niyyətində idi. 44 günlük Vətən müharibəsində əldə edilən şanlı Qələbədən sonra əminliklə deyə bilərik ki, artıq Ermənistan bölgə üçün zərərsizləşdirilib, təcavüzkar siyasətinə son qoyulub, ordusu məhv edilib.
Prezident İlham Əliyev həmçinin bu münaqişədə Azərbaycanın haqlı mövqeyini sübut edən BMT Təhlükəsizlik Şurasının qətnamələrini və beynəlxalq hüququn norma və prinsiplərini xatırladaraq Azərbaycanın suveren hüquqlarını bərpa etmək üçün əsas olduğunu qeyd edib.
Münaqişənin sülh yolu ilə həll olunmasında Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunmaması təəssüf doğurur. Görünən odur ki, “ikili standartlar” beynəlxalq siyasətin ən böyük subyekti olan BMT qərarlarının və qətnamələrinin icrasına mane olur. Bu halın qarşısının alınması üçün icra mexanizmlərinin hazırlanması təklifi kifayət qədər əhəmiyyətli bir addımdır. Beynəlxalq sülhün bərqərar olması üçün bu təşkilatın təşəbbüslərinə inam artmış olar.
Dövlət başçısının Azərbaycanın Şərq-Qərb, Şimal-Cənub, Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional layihələrinin icrasına töhfələrini xatırlatması ölkəmizin iqtisadi gücünün və geosiyasi əhəmiyyətinin göstəricisidir. Zəngəzur nəqliyyat dəhlizinin açılması bölgənin regional əhəmiyyətini, iqtisadi potensialını daha da artıracaq və bu dəhlizdən istifadə edəcək hər bir dövlət, o cümlədən Ermənistan üçün əhəmiyyətli olacaq. Bununla yanaşı Naxçıvanla quru əlaqəmizi bərpa etməklə Türkiyəyə birbaşa çıxış imkanımız reallaşacaq, yeni kommunikasiya əlaqələri qurulacaq, həmçinin Azərbaycana Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi mövqeyini gücləndirməyə imkan verəcək.
Prezident İlham Əliyev COVID-19-a qarşı mübarizə tədbirlərinə başlayan ilk dövlətlər sırasında olan Azərbaycanın pandemiyaya qarşı mübarizə çərçivəsində beynəlxalq təşəbbüslərini xatırlatmaqla ölkəmizin bu məsələdə kifayət qədər diqqətli olduğunu göstərdi. Koronovirusa qarşı peyvəndi ilk əldə edən ölkələrdən biri olduq, artıq Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 1 423 660-dır. Bu da kifayət qədər böyük rəqəmdir.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan pandemiyaya qarşı qlobal fəaliyyətin səfərbər edilməsi səylərinin önündə gedir. “Vaksin millətçiliyi”, vaksinlərin inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında ədalətsiz bölgüsü dərin narahatlıq doğurur. Azərbaycan həm Qoşulmama Hərəkatının sədri kimi, həm də milli səviyyədə dünyada vaksinlərin ədalətli bölgüsü və vaksinlərin inkişaf etməkdə olan və ən az inkişaf etmiş ölkələr üçün əlçatanlığının təmin edilməsi istiqamətində mübarizəsini davam etdirəcək. Bununla əlaqədar Azərbaycan koronavirusla bağlı əksəriyyətinin ən az inkişaf etmiş olduğu 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərmişdir.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki