image-img-20220729-wa0037backend

Azərbaycan xalqının rifahı dövlət siyasətinin əsas istiqamətlərindəndir

image-reklam_sirab_01

Bu gün dünyada baş verən siyasi proseslər onu deməyə əsas verir ki, bu siyasi burulğandan zərərsiz ötüşmək, ölkəni sabit, təhlükəsiz və dinamik inkişaf etdirmək dövlət başçılarının ən ümdə vəzifəsidir. Dünyada baş verən bu son hadisələr, yəni Rusiya-Ukrayna arasında gedən savaş bəzi siyasətçilərin proqnozlarını suya düşürdü. Ehtimal olunurdu ki, başlayan müharibə Rusiyanın Ukrayna üzərinə əzələ nümayiş etdirməsi olacaq və qısa manevrlə Rusiya Ukraynanı müharibəsiz təslim edəcək. Bu proqnozlar özünü doğrultmadı. İnsanlar XXI əsri müharibəsiz və sülh şəraitində təsəvvür edirdilər. Ancaq təəsüflər olsun ki, bu belə olmadı. XXI əsrin ilk illərindən Amerikanın İraqı işğal etməsi yeni əsrin işğalının ilk siqnallarından oldu. Sonrakı mərhələdə hamıya məlumdur. 2008-ci ildən dünyada başlayan iqtisadi böhran və sonrakı illərdə ərəb ölkələrində baş verən siyasi proseslər dünyanın hələ sülhə hazır olmadığını bir daha sübut etmiş oldu. Çox minillik dövlətçilik tarixi olan Misir, Suriya, Tunis, Liviya və.s kimi dövlətlər siyasi proseslərin qarşısında acizliyini nümayiş etdirmiş oldular. Dövlətçiliyin uzun müddət deyil, onun sağlam təməllər üzərində qurulması əsas vəzifələrdəndir. Xalqla-iqtidar arasında uçurum dərinləşəndə, idealoji xətt sıradan çıxanda dövlətçilik sütunları laxlayır və dövlətin yaşama müqəddəratı ölüm-qalım məsələsinə çevirilir.
Çox şükürlər olsun ki, bu gün Azərbaycan istər regionun, istərsə də dünyanın aparıcı dövlətlərindəndir. Hələ, müstəqiliyə yenicə qədəm qoymuş ölkəmizin dinamik inkişafının təməlləri Ulu Öndər Heydər Əliyev zamanında qoyulmuşdur. Böyük azərbaycanlı, görkəmli siyasətçi, dahi şəxsiyyət Heydər Əliyev 90-cı illərin ortasında siyasi müstəqilliyimizi qarant altına almaq üçün bir sıra meqa layihələr gerçəkləşdirdi. Onlardan deyərdim ki, ən böyüyü və ən əhəmiyyətlisi 1994-cü ilin 20 sentyabrında Bakıda “Xəzər dənizinin Azərbaycan sektorunda “ Azəri”, “Çıraq” yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi” haqqında dünyanın 11 ən iri şirkəti ilə bağlanmış “Əsrin müqavilə” si oldu. Bununlada Heydər Əliyev Azərbaycanın siyasi müstəqilliyinin təminatçısına çevrildi.
Ümummilli lider Heydər Əliyev siyasi kursu bu gün uğurla, məqsədli və rasional hədəfləri müəyyən etməklə layiqincə davam etdirilir. Prezident İlham Əliyevin dünyada sərgilədiyi mövqe onun nə qədər qətiyyətli və xalqını sevən bir lider olduğunu bir daha nümayiş etdirmiş oldu. Hələ, hakimiyyətinin ilk illərində əhalinin güzəranının və regionların sosial-iqtisadi inkişafının yaxşılaşdırılması istiqamətində qəbul etdiyi “Dövlət Proqram” ları ölkəmizin inkişafına yeni töhvə vermiş oldu. Ölkə başçısı İlham Əliyevin bu uğurlu formulunun arxasında Prezident-Xalq, Xalq-Prezident birliyi dayanır. Prezident İlham Əliyevin də dediyi kimi: “Mən bütün vacib qərarların qəbul edilməsində Azərbaycan xalqına güvənirəm” ifadəsi onun xalqına və dövlətinə nə qədər bağlı olduğunu bir daha nümayiş etdirmiş oldu. Onun şəhid ailələrinə , qazilərə, müharibə veteranlarına göstərdiyi qayğı hər bir azərbaycanlının həyat devizinə çevrilməlidir. Özünün də dediyi kimi; ”Şəhid ailələrinə diqqət göstərilməlidir. Dövlət tərəfindən bu diqqət daim göstərilir. İkinci Qarabağ müharibəsindən əvvəl və İkinci Qarabağ müharibəsindən sonra şəhid ailələri daim diqət mərkəzindədir. Şəhid ailələrinin və müharibə əlillərinin məişət problemləri dövlət xətti ilə həll olunur. Şəhid ailələrinə dövlət tərəfindən mənzillər, fərdi evlər verilmişdir, minlərlə minik maşınları verilmişdir. Bu proses davam etdirilir. Bakı, Sumqayıt və Abşeron rayonlarında şəhid ailələrinin evlə təminatı artıq yekunlaşmaq üzrədir. Digər rayonlarda da dövlət xətti ilə bu çoxsaylı tədbirlər həyata keçirilir. Rayon icra orqanlarının nümayəndələri bu kateqoriyadan olan insanlara biganə qalmamalı, əksinə, daim onların yaşayışı ilə maraqlanmalıdır. Heç kəs unutmamalıdır ki, azad edilmiş torpaqlarımıza bayrağımızı sancan bizim qəhrəman əsgər və zabitlərimiz olub. Onlar öz canlarını fəda edib, onlar sağlamlığını itirib, onlar heçnəyə baxmadan, qorxmadan ölümə gedərək Vətənimizi işğalçılardan xilas ediblər. Ona görə hər bir dövlət məmurunun, nəinki dövlət məmurunun, hər bir insanın borcudur ki, onlara arxa dayaq olsun”.
Bəli, budur Prezident İlham Əliyevin xalqa, onun həssas təbəqəsi olan şəhid ailələri və qazilərə, müharibə veteranlarına verdiyi qiymət. Ona görədə bu gün İlham Əliyev xalq tərəfindən sevilir, dəstəklənir. Çalışmalıyıq ki, tutduğumuz vəzifədən asılı olmayaraq daim şəhid ailələri və bu kateqoriyadan olan insanlara diqqətlə yanaşaq, onların qarşılaşdığı problemləri, öz problemlərimiz kimi qəbul edib onun həlli istiqamətində səylə çalışaq. Onsuzda dövlət üzərinə düşən öhdəliyi yerinə yetirir, qalır biz insanların bu kimi məsələlərin həllində həmrəylik nümayiş etdirməyimiz.
Yuxarıda qeyd etdiyim kimi çətin və mürəkkəb dönəmdən keçirik. Dünyada güclərin savaşı, milli maraqları naminə, bu milli maraqlara qurban gedəcək zəif, idarəetmədə çatlar əmələ gəlmiş dövlətlərin aqibətinə. Necə olacaq, buda bir sual doğurur və onuda tarixin axarına buraxaq… Çalışaq biz bir fərd olaraq üzərimizə düşən missiyanı layiqincə və qüsursuz yerinə yetirək. Dövlətin və onun təməl prinsipləri olan müstəqilliyin və suverenliyin qorunmasında bir yumruq olaq. Cəmiyyətimizdə müxtəlif mövqe tutan insanla r milli məsələdə İkinci Qarabağ müharibəsində olduğu kimi mövqe tutması olduqca vacib məsələlərdəndir. İqtidarlı-müxalifətli birlik nümayiş etdirərək dövlətçilik məsələsində bir yerdə olduğumuzu, bir amal uğrunda mübarizə apardığımızı dünyaya bəyan etməliyik. Babalarımızdan bizə miras qalmış bu dövləti, “sapı özümüzdən olan balta” ların və “beşinci kolon” ların ümüdinə buraxmayaq. Milli mücadilədə bir yerdə olub, bir hədəfə vurmaqla dövlətimizin və dövlətçiliyimizin keşiyində olduğumuzu hər kəsə nümayiş etdirək.

Mürvət İbrahimov,
tarixçi, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin məsul işçisi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki