image-39backend

Azərbaycan xalqının uzun illərdi davam edən torpaq həsrətinə son qoyuldu.

image-reklam_sirab_01

 

Ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 gün ərzində bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirdi. Azərbaycan öz torpaqlarındakı hücumlara son qoymaq və işğal altındakı torpaqlarını xilas etmək üçün başlatdığı hərəkatla adını tarixə qızıl hərflərlə yazdı. İndi Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, yetirməsə də məğlubdur. Azərbaycan Ordusu öz nəcib xilaskar missiyasını, Vətənimizi qorumaq, torpaqlarımızı işğaldan azad etmək vəzifəsini şərəflə yerinə yetirdi. Torpaqlarımız uğrunda canını qanını fəda etmiş qəhrəman oğullarımızı, şəhidlərimizin, terror qurbanı olan mülki vətəndaşlarımızın qisası alındı.

Azərbaycan xalqı uzun illər boyu həqiqətin və tarixi ədalətin təntənəsini gözləyirdi. Dövlətimizin münaqişənin dinc yolla nizamlanmasına dair danışıqlar prosesində 30 ilə yaxın iştirak etməsi xalqımızın sülh tərəfdarı olmasının əyani göstəricisidir. Ermənistan 27 il ərzində BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal altında olan bütün ərazilərindən işğalçı qüvvələrin dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrinə etinasızlıq göstərmişdir. Ermənistan tərəfindən törədilən hərbi təxribatlar tükənmirdi. Düşmən döyüş meydanındakı məğlubiyyətini daim mülki insanlarımıza atəş açaraq ört basdır etməyə çalışdı ancaq məğrurluğumuz onların riyakar planlarını alt üst etdi. Tarixi qələbə bir daha Azərbaycan xalqının nə qədər böyük, vətənpərvər, iradəli və əzmli olmasını dünyaya göstərdi. İllərlə yaşadıqları çətinliklər, ümidsizlik, onların qələbə ruhunu qırmadı və cinayətkar erməni hərbi və siyasi rəhbərliyinin təxribatları onları torpaqlarından bir qarış belə olsun uzaqlaşdırmadı. Regionda Azərbaycanın maraqlarına cavab verən yeni siyasi reallıq yarandı.

Yekun nəticədə Azərbaycan xalqının uzun illərdi davam edən torpaq həsrətinə son qoyuldu. Prezident İlham Əliyev nəyi necə və nə zaman etməyi yaxşı bildiyini bir daha nümayiş etdirdi. Azərbaycan bütün dünyaya göstərdi və sübut etdi ki, o, özünün işğal altında olan torpaqlarını müstəqil şəkildə, öz gücü ilə, öz qüdrəti ilə azad etməyə qadirdir.
Azərbaycan bu qələbəni qazanmaqla öz tarixinin qızıl səhifəsini, şərəf və ləyaqət səhifəsini yazmışdır. Müstəqil Azərbaycanın qurucusu Ümummilli Lider Heydər Əliyevin layiqli siyasi varisi ölkə başçısı cənab İlham Əliyev hər bir azərbaycanlının Prezidenti olduğunu ötən dövrdə əməli fəaliyyəti ilə təsdiqlədi.

Dünya şöhrətli siyasi xadim Heydər Əliyev bildirmişdi ki: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək”. Ümummilli liderin müəyyən etdiyi strategiyanı uğurla həyata keçirən və yeni dövrün ruhuna uyğun zənginləşdirən Prezident İlham Əliyevin 17 illik fəaliyyətini diqqətlə nəzərdən keçirdikdə onun dövrün çağırışlarına çevik reaksiya verən, yüksək idarəetmə bacarığına malik, xalqına və dövlətinə qəlbən bağlı lider olduğu bir daha təsdiqini tapır. Hələ illər öncə “Mən hər bir azərbaycanlının prezidenti olacağam!” – deyərək başladığı müqəddəs missiyanı xalqa arxalanaraq davam etdirmək Prezident İlham Əliyevin müqəddəs amalına çevrildi. 2003-cü ildə “Zəngin və qüdrətli Azərbaycan uğrunda” çağırışı ilə milyonları öz ətrafında toplayan ölkə başçısının uğurlu daxili və xarici siyasəti ilə Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu prosesi müvəffəqiyyətlə həyata keçirilməyə başlandı. Azərbaycanın ictimai-siyasi, iqtisadi, mədəni həyatında, xarici siyasətində yeni mərhələyə keçidin əsası qoyuldu. Ali Baş Komandanın bildirdiyi kimi: “Həmişə Azərbaycan xalqını əmin edirdim ki, mən Vətənə, doğma xalqıma ləyaqətlə, sədaqətlə xidmət edəcəyəm. Şadam ki, sözümün üstündə durmuşam. Həmişə olduğu kimi, sözümə sadiq olmuşam”. Cənab Prezidentin rəhbərlik etdiyi Azərbaycan bu gün dünyanın siyasi sistemində özünəməxsus yeri ilə seçilir. Qətiyyətli lider, müzəffər ordu və yenilməz xalq birliyi Azərbaycanın yeni və möhtəşəm tarixini yaradır.

Bakı Dövlət Universiteti

Mustafayeva Aytac


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki