image-photo-2022-05-09-18-34-40backend

Azərbaycan xalqının və dövlətinin xilaskarı.

image-reklam_sirab_01

Bu il qeyd edəcəyimiz mühüm hadisələrdən biri də Azərbaycan xalqının böyük oğlu, dövlətçilik tariximizdə əvəzsiz xidmətləri olan dahi şəxsiyyət, dünya şöhrətli siyasətçi, ümummilli lider Heydər Əliyevin anadan olmasının 99 illik yubileyidir. Azərbaycan xalqının son əsrdə dünyaya bəxş etdiyi böyük vətəndaş, azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı, müdrik siyasi xadim kimi tarix səhifələrində silinməz iz qoymuş Heydər Əliyevin milli dövlətçiliyimizin formalaşmasında, möhkəmləndirilməsində və inkişafında misilsiz fəaliyyəti hələ bundan sonra da öyrəniləcək və hər birimiz üçün örnək olaraq qalacaqdır!

Böyük tarixi şəxsiyyət Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 30 ildən artıq dövrə nəzər salsaq, bunu aydın sezə bilərik. Məlumdur ki, H.ƏIiyev respublikamıza müxtəlif ictimai-siyasi formasiyalarda rəhbərlik etmişdir və bu cəhətdən onun Azərbaycana rəhbərlik illərini iki mərhələyə bölmək mümkündür. Birinci mərhələ 1969-1985-ci illəri əhatə edir. Həmin dövrdə Azərbaycan keçmiş Sovet İttifaqının tərkibində olsa da, Heydər Əliyev ittifaq büdcəsindən respublikamıza daha çox vəsait ayrılması üçün sözün əsl mənasında qətiyyət göstərmişdir. Böyük öndərin uzaqgörənliyi bu gün hər birimizdə sevincqarışıq dərin heyrət doğurur. O, hələ Sovet Ittifaqının mövcudluğu şəraitində gələcəyi düşünür, respublikamızın nə vaxtsa müstəqilliyə qovuşacağına inanır və bundan ötrü güclü maddi-texniki baza yaradırdı.

Azərbaycan müstəqilliyinin tarixi yaradıcısıdır. O, neçə ömürlər bəs edən bir ömür yaşamışdır. Qarşılaşdığı bütün dramatik şəraitlərdən, çıxılmaz və ağır anlardan o, yalnız qalib kimi çıxmışdır.

Həqiqətən bu, Azərbaycan tarixinin böyük bir dövrüdür. Avtoritet, müdrik və uğurlu siyasətçi olan Heydər Əliyev 34 il məmləkətimizə rəhbərlik etmişdir.
Heydər Əliyev çox zəhmətkeş bir şəxs idi. Onun iş günü 11-12 saat davam edirdi. O, gözəl natiq idi və heç bir çətinlik çəkmədən, qabaqcadan hazırlaşmadan hər hansı mövzu barəsində saatlarla danışa bilərdi.
Qəhrəmanlıqdan da uca bir zirvə varsa, H.Əliyev onun ən yüksək nöqtəsində qərar tutub. Ümumiyyətlə, qəhrəmanlığın nə olduğunu aydınlaşdıran izahlar arasında mənim ürəyimə ən yaxın olanı, “qəhrəmanlıq lazımi anda, lazımi yerdə olub, lazım gələni eləməkdir” formulasıdır. Gəlin 1993-cü il iyun ayında baş verən Gəncə hadisələrini xatırlayaq. Xalqımızın, dövlətimizin ən kritik anında onun öz həyatını böyük bir təhlükəyə atıb Gəncəyə getməsi milli dövlətçiliyimizin qara bir səhifəsinin yazılmasının qarşısını aldı. Bəli, o, lazımi anda, lazımi yerdə oldu və lazım gələni şərəflə yerinə yetirdi.

Heydər Əliyev təpədən dırnağa qədər milli bir azərbaycanlı idi. Təsəvvür edin ki, SSRİ kimi nəhəng bir dövlətin rəhbərlərindən biri olmuş bu adam doğma elə qayıdanda son dərəcə sadə bi əmək adamını- çoban Xanışı özünə ən yaxın bir dost elan etməsi çoxlarının özünə rəva bilmədiyi bir iş idi. Çünki Heydər Əliyev özünün rəhbərliyi ilə hazırlanıb 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında ehtiva olunmuş, “Azərbaycanda hakimiyyətin mənbəyi xalqdır” fikrinə omrü boyu sadiq qalmışdı. Bir faktı qeyd etməsək, heç olmaz. Möhtərəm prezidentimiz İlham Əliyevin Xanış kişiyə “əmi” deyə müraciət etməsi bir daha ürəyimizi qürur hissi ilə doldurur. Bu, onu gostərir ki, İlham Əliyev Heydər Əliyevin təkcə siyasi yox, eyni zamanda mənəvi varisidir. Elimizin müdrik deyimi özünü necə də doğruldur: Ot kökü üstündə bitər.

” Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, azərbaycanlıyam” deyən Ulu Öndər xalqımızın xoşbəxt gələcəyi yolunda sayıldıqca qurtarmayan xidmətlər göstərmişdir. Təbii ki, bizə 1994-cü ildə imzalanmış Əsrin müqaviləsi də məlumdur, bu günkü sabitlik, stabillik də, ordu quruculuğu da, ölkəmiz ətrafında qəvi düşmənin yaratdığı informasiya blokadasının dağıdılması da. Amma bizə elə gəlir ki, onun dövlətçiliyimizə ən böyük töhfəsi İlham Əliyevdir. Məhz Heydər Əliyevin bu töhfəsinin sayəsində biz bütün məqsədlərimizə addım-addım yaxınlaşırıq və hətta çoxlarına çatmışıq da.

 

Nəsimi rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri
Bəybala Quliyev


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki