image-photo-2022-11-15-10-01-56backend

Azərbaycan xalqının YAP-a olan inamı

image-reklam_sirab_01

 

Vətən və millət qarşısında uzun illərdən bəri göstərdiyi tarixi xidmətlər, gərgin və şərəfli əməyə görə Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevə xalqımızın böyük inamı var

Yeni Azərbaycan Partiyası (YAP) ölkəmizdə həyata keçirilən siyasətin uğurlar qazanmasına böyük töhfələr verib. Müasir Azərbaycan tarixinin yaradılmasında yaxından iştirak edən YAP 30 il ərzində böyük inkişaf yolu keçib. YAP-ın təsis konfransı 21 noyabr 1992-ci il tarixində Naxçıvanda ölkəmizin bütün regionlarını təmsil edən və 550 nəfərdən ibarət olan təşəbbüs qrupunun iştirakı ilə keçirilib. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul edib. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçilib. Habelə, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçilib. Beləliklə, müstəqil Azərbaycanın tarixində öz üzərinə böyük tarixi missiya götürən Yeni Azərbaycan Partiyası yaranıb. Artıq YAP-ın 800 minə yaxın üzvü var. Partiyanın gücü, nüfuzu, ictimai-siyasi həyatımızdakı yeri və rolu bundan da görünür. YAP Azərbaycanın tarixində bu qədər insanı öz sıralarında birləşdirən yeganə siyasi partiyadır. Partiyanın sıralarında bu qədər insanın cəmləşməsi tarixi bir nailiyyətdir. Bu, sadəcə statistika deyil, eyni zamanda siyasi güc, həmrəylik deməkdir. Bu, Ümummilli lider Heydər Əliyevin yaratdığı partiyaya və onun istinad etdiyi prinsip və dəyərlərə, partiyanın Sədri İlham Əliyevin həyata keçirdiyi siyasətə inamın göstəricidir. Ulu öndər Heydər Əliyev 2003-cü ildə Azərbaycan xalqına tarixi müraciətində “Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”,-deməklə yanılmayıb.

YAP-da xalqımızın siyasi cəhətdən ən fəal və yüksək potensiala malik intellektual insanları bir araya gəlib. YAP ölkəmizdəki siyasi proseslərin önündə gedərək bir çox məsələlərlə bağlı mövqeyini nümayiş etdirir. Bütün bunlar cəmiyyətimiz üçün böyük əhəmiyyət daşıyır. Ötən il YAP-ın VII qurultayının keçirilməsi partiyanın inkişafında yeni tarixi mərhələ olub. Prezident İlham Əliyev YAP-ın VII qurultayında çıxışında deyib: “Partiyamızın VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, həm də Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Yeni Azərbaycan Partiyası bundan sonra da bütün ölkəmizdə gedən proseslərin mərkəzində olacaq”.

Ümummilli lider Heydər Əliyevin qurucusu və banisi olduğu YAP-ın proqramında təsbit etdiyi, həm də dövlətimizin təməl prinsiplərindən biri varislikdir. Varislik Azərbaycan xalqının əvvəlki tarixi dövrlərdə əldə etdiyi nailiyyətləri öyrənmək, prinsipial olaraq əldə edilənləri gələcək nəsillərə ötürməkdir. Bu gün Ulu öndər Heydər Əliyev siyasi məktəbinin varisi və layiqli davamçısı ölkə Prezidenti İlham Əliyevdir. Belə ki, cənab İlham Əliyevin hələ 2003 – cü ildə prezident kimi səlahiyyətlərinin icrasına başladığı ilk gündən hakimiyyəti xalqa xidmət vasitəsi hesab etdiyini bildirməsi heç də təsadüfi deyil. Ölkə başçısının Ümummilli lider Heydər Əliyev siyasi xəttini yüksək səviyyədə davam və daha da inkişaf etdirməsi müasir dövrdə Azərbaycanın dinamik tərəqqisini şərtləndirən mühüm amil kimi çıxış edir. Ənənəyə sadiq qalaraq, yeni iş yerləri açılır, əhalinin sosial rifahı yüksəlir, dövlət büdcəsinin gəlirləri artırılır, Azərbaycan idxal edən ölkədən ixrac edən ölkəyə çevrilir. Regionların inkişafı və durmadan aparılan abadlıq və yenidənqurma işləri, təhsil sistemindəki islahatlar və uğurlu nəticələr, neft bazarındakı üstün mövqe, səhiyyə sisteminin müasir standartlara cavab verməsi, turizmin və idmanın inkişafı Prezident İlham Əliyevi Azərbaycanda alternativsiz liderə, Cənubi Qafqaz regionunda isə Heydər Əliyevdən sonra gələn ikinci böyük siyasi xadimə çevirib. Ardıcıl olaraq həyata keçirilmiş məqsədyönlü islahatlar və genişmiqyaslı tədbirlər ölkəmizin iqtisadi və hərbi-müdafiə qüdrətini daha da gücləndirib və 44 günlük Vətən müharibəsində parlaq qələbənin qazanılmasına güclü zəmin yaradıb. Prezident İlham Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən bəhs edərkən demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda əldə olunan nailiyyətlər xüsusi vurğulanmalıdır. Vətən və millət qarşısında uzun illərdən bəri göstərdiyi tarixi xidmətlər, gərgin və şərəfli əməyə görə Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevə xalqımızın böyük inamı var. Cənab Prezidentə olan bu etimad, eyni zamanda Azərbaycan xalqının 30 illiyini qeyd edən YAP-a olan inamını daha da gücləndirib.

 

Nurullayeva Zenfira İslam qızı
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin xor ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki